İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi UFAZ-da mühazirə söyləyib

İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi UFAZ-da mühazirə söyləyib İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio Azərbaycan-Fransız Universitetində (UFAZ) “İsveçrədə təhsildən innovasiyaya” mövzusunda mühazirə söyləyib. Mühazirədə İsveçrənin ölkəmizdəki səfiri Filip Ştalder, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və UFAZ-ın baş katibi Şarlot Payen iştirak ediblər.
Mühazirədən əvvəl UFAZ-ın binası ilə yaxından tanış olan qonaqlara universitet haqqında məlumat verilib. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov mühazirənin tələbələr üçün faydalı olacağına əminliyini bildirib.
İsveçrədəki təhsil sistemindən danışan dövlət katibi Mauro Dell’Ambrogio burada 15 yaşa qədər təhsilin hər kəs üçün icbari olduğunu, lakin bundan sonra şagirdlərin əksər hissəsinin (70 faiz) peşə təhsili və təlimlərinə yönəldiklərini qeyd edib. Bu məktəblərin gələcəyin ixtisaslarına uyğun şagirdlər yetişdirdiyini vurğulayan dövlət katibi onların burada təhsil almaqla yanaşı, həm də öz bacarıqlarını inkişaf etdirmək şansı əldə etdiklərini bildirib. Bu sistemin uğurlarından bəhs edən dövlət katibi Mauro Dell’Ambrogio İsveçrənin maliyyə nazirinin və digər görkəmli şəxslərinin də bu məktəblərdən məzun olduqlarını diqqətə çatdırıb.
Sonda dövlət katibi Mauro Dell’Ambrogio tələbələrin suallarını cavablandırıb.

UFAZ-ın Mətbuat Xidməti

Oxşar xəbərlər