“Məcəllədə prezident seçkilərinin vaxtı dəyişdirilsin”

“Məcəllədə prezident seçkilərinin vaxtı dəyişdirilsin” Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyətin aradan qaldırılması təklif edilir. Bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir və məsələ I oxunuşda parlamentin bugünkü iclasının müzakirəsinə təqdim edilib.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məlumat verib.
O bildirib ki, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.
Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.
Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.
Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər