Tibb sahəsində multidissiplinar biliklərə malik mütəxəssislərə ehtiyac vardır

Tibb sahəsində multidissiplinar biliklərə malik mütəxəssislərə ehtiyac vardır AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclasında AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Ağciyər karsinoması və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: nəticələr, proqnozlar və gələcək istiqamətlər” mövzusunda məruzəsi ilə bağlı fikirlərini bölüşüb.
Alim məruzənin aktuallığını önə çəkərək bu istiqamətdə aparılan araşdırmalarda iştirak edən alimlərə minnətdarlığını bildirib. Qeyd edib ki, həyata keçirilən tədqiqatlar və əldə olunan nəticələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında öz əskini tapması bu sahədə ciddi elmi nailiyyətlərin əldə olunduğunu təsdiq edir.
O, son dövrlərdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada multidissiplinar tədqiqatların vüsət aldığını qeyd edərək bu məruzənin də dünya tibb elminin tələblərinə cavab verdiyini, özündə bir neçə elm sahəsini birləşdirdiyini diqqətə çatdırıb.
R.Əliquliyev 2018-ci ildə keçirilmiş AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının birgə elmi sessiyasını xatırladıb: “Həmin iclasda müvafiq sahənin alim və mütəxəssislərinin biotibb, molekulyar tibb, molekulyar biologiya və digər istiqamətlərdə birgə fəaliyyət göstərmələrinə dair çağırışlar edilmişdi. Bu gün AMEA-nın bir neçə institutu, Milli Onkologiya Mərkəzi və səhiyyə sisteminə aid olan digər qurumların ortaq fəaliyyətinin nəticəsi olan məruzə həmin çağırışların müsbət nəticə verdiyini sübut edir”.
Tədqiqat zamanı süni intellekt texnologiyalarının tətbiqini yüksək qiymətləndirən akademik tibb elminin inkişafında dəqiq elmlərin böyük rola malik olduğunu deyib. Qeyd edib ki, tibb sahəsində daha ciddi, yüksək elmi nəticələrin əldə olunması üçün bir neçə elm sahələrini birləşdirən, multidissiplinar biliklərə malik mütəxəssislərə böyük ehtiyac vardır.
R.Əliquliyev, həmçinin aparılan tədqiqatlarda kompüter texnologiyaları, dərin təlim metodları, süni neyron şəbəkələrindən istifadə ilə bağlı dünya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

AMEA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər