Akademik Abel Məhərrəmov nanotexnologiya sahəsində dövlət proqramının hazırlanmasını təklif edib

Akademik Abel Məhərrəmov nanotexnologiya sahəsində dövlət proqramının hazırlanmasını təklif edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndirilməsini müəyyən etmək üçün yaradılan Koordinasiya Şurasına rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib.
Bununla əlaqədar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə iclas keçirilib. Koordinasiya Şurasının tərkibi və qarşıda duran vəzifələrin müzakirə edildiyi iclasda akademik Abel Məhərrəmov bildirib ki, şuranın üzvləri AMEA, BDU, digər elm və təhsil müəssisələrindəki nanotexnologiya sahəsində işləyən mütəxəssislərdir.
Nanotexnologiyanın dünya elmində tutduğu yer, onun nəticələrinin tətbiq sahəsinin genişliyi haqqında danışan A. Məhərrəmov bu istiqamətdə dövlət proqramının hazırlanması təklifini irəli sürüb. Qeyd edib ki, nanotexnologiyanın inkişaf proqramının hazırlanması ölkədə həm elmin, həm də elm tutumlu sənayenin inkişafına güclü təkan verə bilər.
AMEA-nın prezidenti belə bir proqramın hazırlanmasının Azərbaycan elminin inkişafına böyük töhfələr verəcəyini bildirib.
Təklif ətrafında çıxış edənlər bu istiqamətdə proqramın hazırlanmasını dəstəkləyiblər.
Qeyd edək ki, iclasda AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov və digər alimlər iştirak ediblər.

Hikmət Əliyev

Oxşar xəbərlər