Əlyazmalar İnstitutunun saxlanclarında mövsümi dezinfeksiya işləri aparılır

Əlyazmalar İnstitutunun saxlanclarında mövsümi dezinfeksiya işləri aparılır AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun saxlanclarında əlyazma əsərlərlə yanaşı, nadir daşbasma kitabları, Azərbaycanın elm və mədəniyyət xadimlərinin şəxsi arxiv materialları, əski mətbuat nümunələri, tarixi-arxeoqrafik sənədlər və digər qiymətli materiallar mühafizə olunmaqdadır.
Bu qiymətli materialları gələcək nəslə ən yaxşı vəziyyətdə ötürmək məqsədilə onları ətraf mühitin təsirindən qorumaq, saxlanclarda ehtiyac duyulan ortaq hərarət və nisbi rütubəti təmin etmək, yaradılmış mikromühiti optimal səviyyədə tutmaq, yazılı abidələri zərərverici mikroorqanizmlərin təsirindən qorumaq üçün Əlyazmaların gigiyenası və bərpa laboratoriyası tərəfindən müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirilir.
Əlyazmalar İnstitutunun alimləri tərəfindən aparılan tədqiqatlar göstərir ki, bu orqanizmlərin mikroskopla görünən sporları çox kiçik və yüngül olduğundan daim bizi əhatə edən havada “dolaşır” və məhsuldar mühit yarandıqda münasib substrat üzərində inkişaf etməyə başlayır. Xəzinələrin havasının hər 1 m³-də 800-dən 1500-ə qədər göbələk və bakteriya sporunun olması mümkündür. Xüsusilə yaz aylarında hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq mikroorqanizmlərdə fəallıq yaranır.
Vurğulanıb ki, hazırda institutun saxlanclarında havanın hərarəti qənaətbəxşdir və nisbi rütubət göstəriciləri optimal səviyyəyə gətirilib. Buna baxmayaraq, qiymətli materialları ziyanvericilərin təsirindən qorumaq məqsədilə Əlyazmalar İnstitutunun elmi fondlarının - əlyazma, sənəd, mətbuat və kitab saxlanclarının illik plana uyğun mövsümi dezinfeksiyası həyata keçirilib, lazımi qabaqlayıcı təbirlər görülüb. Belə ki, əlyazma, arxiv və şəxsi fondların saxlancları ilə yanaşı, Kitabxana və elmi informasiya şöbəsində, Kitabların gigiyenası və bərpası laboratoriyasında, Elmi arxivdə də kağız, dəri və oxşar material zərərvericilərinə qarşı xüsusi kimyəvi preparatlardan istifadə edilməklə dərmanlama prosesi həyata keçirilib.
Qeyd edək ki, növbəti dərmanlama işi saxlanclardakı mövcud vəziyyət laboratoriya əməkdaşları tərəfindən təhlil olunduqdan sonra temperatur göstəriciləri nəzərə alınmaqla uyğun vaxtda həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər