Əlyazmalar İnstitutunun alimləri elmi araşdırmalarını davam etdirirlər

Əlyazmalar İnstitutunun alimləri elmi araşdırmalarını davam etdirirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir.
#evdə qal // işdən qalma rubrikası adı altında əməkdaşlarının fəaliyyətini təqdim edir. İnstitutun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu nəşrlərin sırasında Əlyazmalar İnstitutunun mətbu orqanları (“Əlyazmlar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” jurnalları) da var.
Karantin dövründə jurnal redaksiyalarına göndərilən və çapa tövsiyə edilən məqalələrdən biri institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifovun hazırladığı və “Əlyazmalar yanmır” jurnalına təqdim etdiyi “Mirzə Kazım bəyin mətnşünaslıq fəaliyyəti” məqaləsidir. Məqalə ingilis dilində dərc olunması üçün institutun Əlyazmaların və əski çap kitabların tərcüməsi şöbəsinin böyük elmi işçisi Sona Cabbarzadə tərəfindən tərcümə olunur.
Məqalədə qeyd olunur ki, Mirzə Kazımbəy müraciət etdiyi yazılı abidələrin əlyazma mənbələrini və onunla bağlı ayrı-ayrı məxəzlərin verdiyi məlumatları kompleks şəkildə tədqiq edərək, onlara həmişə tənqidi yanaşıb, doğrunu səhvdən, həqiqəti uydurmadan ayırmağa çalışıb. Onun mətnşünaslıq metod və prinsiplərinin öyrənilməsi üçün elmi irsinə, yəni elmi mətnlərini tərtib etdiyi yazılı abidələrə, “Dərbəndnamə”, “Qisseyi-Yusif”, “Məhəmmədiyyə”, “Səbat əl-acizin”, “Müxtəsər əl-viqayə”yə və onlara yazdığı şərhlərə müraciət etmək lazımdır.
Vurğulanıb ki, alimin tekstoloji tədqiqatları folklor və bədii ədəbiyyat abidələri ilə yanaşı tarix, islam hüquqşünaslığı və ilahiyyat elmlərinə dair əsərləri əhatə edib. Bütün bunlar Mirzə Kazımbəyin Şərq, müsəlman mədəniyyətinə dərindən yiyələnmiş bir alim olduğunu göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər