
Ekspert bildirib ki, əgər dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır:
"Təhsil haqqında Qanunun 19.2-ci maddəsinə görə, ümumi təhsil Azərbaycan dilində aparılmalıdır. Digər dillərdə təhsil yalnız xüsusi zərurət olduqda, mədəni və etnik azlıqlar üçün nəzərdə tutulub. Amma Bakı və digər şəhərlərdə rus bölməsi artıq alternativ yox, paralel sistemə çevrilib və bu, həm hüquqi, həm maliyyə, həm də strateji baxımdan ciddi uyğunsuzluq yaradır.
Rus bölməsinə ayrılan vəsaitin təyinatını dəyişmək siyasi yox, elmi-pedaqoji yanaşmadır. Əgər həmin 400 milyon manat yerli müəllimlərin ixtisasartırma proqramlarına, məktəb avadanlıqlarının yenilənməsinə, müasir tədris vəsaitlərinin hazırlanmasına və yeni nəsil dərsliklərə yönəlsəydi, nəinki azərbaycan bölməsi güclənərdi, həm də cəmiyyətin içindəki “rus bölməsi daha keyfiyyətlidir” stereotipi ciddi şəkildə sarsılardı. Çünki bu mifin kökündə məhz keyfiyyət fərqi durur – yoxsa dil yox.
Bu gün valideynlərin bir çoxu övladını rus bölməsinə göndərmək üçün xüsusi yollar axtarır. Niyə?
Mən rus dilinə qarşı deyiləm. Mən yanlış təhsil siyasətinə qarşıyam. Dövlət büdcəsi hesabına aparılan tədris yalnız dövlət dilində olmalıdır – amma bu tədris yüksək keyfiyyətli, rəqabətqabiliyyətli və xalqın ehtiyaclarına uyğun olmalıdır. Əgər 400 milyon manatı xərcləyiriksə, onun faydasını Azərbaycan cəmiyyəti görməlidir – təkcə müəyyən bir dil qrupu deyil.
Artıq prioritetləri düzgün müəyyənləşdirməyin vaxtıdır. Təhsil siyasəti tarazlıq tələb edir – maliyyədə, dildə, keyfiyyətdə. Əks halda, biz təkcə pulları yox, gələcəyimizi də səhv istiqamətə yönəltmiş olacağıq".
Tehsil-press.az