
Bu sözləri, Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş Şuşa şəhərinin sakini, məcburi köçkün Nadejda Alekseyevna Quliyeva deyib.
“Anamla bərabər Permdən Urala bacımgilə qonaq gəlmişdik. Burada həyat yoldaşımla tanış olduq və tezliklə, 1969-cu ildə evləndik. Bundan sonra yaşamaq üçün Şuşaya köçdük. Burada toxuculuq fabrikində işləyirdim. Uşaqlarım da bu şəhərdə anadan oldu. Şuşa dərhal məni özünə aşiq etmişdi: Gözəl təbiət, məscidlər, zirvəsi qarlı dağlar... Yaxşı yaşayırdıq, amma sonra müharibə başladı”, - deyə Nadejda Quliyeva Şuşa haqqında xatirələrini danışarkən bildirib.
Qadının dediyinə görə, böyük oğlu Bəxtiyar 1988-ci ildə hərbi xidmətdən sonra Şuşaya qayıdıb və doğma şəhərini erməni təcavüzkarlarından qorumaq üçün həmyerliləri ilə birlikdə mübarizə aparıb. N.Quliyeva qeyd edib ki, hərbi əməliyyatlar 1992-ci ilə qədər davam edib:
“Uşaqlarımı qucağıma aldım, başmaqlarımı geyindim və evimizdən ayrıldım. Ərim bizi avtobusa kimi ötürdü. Düşünürdüm ki, geri dönəcəyik. Şuşada böyük bağımız və dörd otaqlı evimiz qaldı. Ərim isə bir müddət əvvəl – noyabrda rəhmətə getdi. Hələ heç bir il tamam olmayıb. O, ölməmişdən qabaq məndən xahiş etdi ki, birlikdə Şuşaya gedək. Ona deyəndə ki, Şuşa işğal altındadır, inanmadı. Oğlum Bəxtiyar isə mayın 3-də şəhid oldu. Mayın 10-da isə müharibə bitdi. Bircə həftə gözləyə bilmədi”.
Nadejda Quliyeva sonda bütün insanlara sülh və əmin-amanlıq diləyib. O, bütün məcburi köçkünlərin öz doğma yurdlarına dönmələrini arzulayıb. Bir daha vurğulayıb ki, azad olunacağı təqdirdə Şuşaya piyada qayıtmağa hazırdır...
Tehsil-press.az