“Xəstəxana qalmaqalı” Nigar Köçərlidə psixoloji problemlər yaratdı – Şahbaz Xuduoğlu kömək istədi

“Xəstəxana qalmaqalı” Nigar Köçərlidə psixoloji problemlər yaratdı – Şahbaz Xuduoğlu kömək istədi "Əli və Nino" mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli məlum “xəstəxana qalmaqalı”ndan sonra psixoloji böhran keçirir.

Bu barədə onun həyat yoldaşı, "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat yayıb.

O qeyd edib ki, Nigar Köçərli keçirdiyi əməliyyat və ardınca baş verən qalmaqaldan sonra ciddi psixoloji gərginliklə üzləşib. Hazırda o, psixoloq və psixiatr nəzarətində olsa da, göstərilən müalicə və dəstəyin vəziyyətin tam stabilləşməsinə kifayət etmir.

Bu səbəbdən Şahbaz Xuduoğlu təcrübəli şəxslərdən məsləhət və dəstək istədiyini açıqlayıb:

“Bilirəm ki, bizdə insanlar ümumiyyətlə ailədən, ailə vəziyyətindən danışmağı sevmirlər və buna bəzən pis baxırlar. Məni qınamayın, sadəcə təcrübəli insanlardan vəziyyətimə uyğun məsləhətlər dinləməyə ehtiyac duyuram.

Bir müddətdir ki, psixoloq və psixiatr Nigarın sağlamlığı ilə bağlı yaranmış bu böhranı aradan qaldırmağa çalışırlar. Üstəlik, antidepressantlar qəbul edir.

Onun depressiyası hər gün daha da dərinləşir. Bu gün UZİ-yə getdik. Əməliyyat olunan hissədə ağrılar yaranıb. Məni daha çox psixoloji vəziyyəti və sürətlə çəki itirməsi narahat edir. Liv Bona Dea-da əməliyyata girəndən bu günə qədər 9 kiloqram çəki itirib.

Daim yanında olmağımı istəyir. Hərəkət etməkdə çətinlik çəkir. İşə marağı itib, kimisə dinləməyə də həvəsi yoxdur. Cavadla (oğlu) ünsiyyətə girmir, Ülviyyə (qızı) ilə danışmaq isə onu bir qədər sakitləşdirir. Yuxusu yaxşı deyil, gecələr rahat yatmır. Bəzən bir nöqtəyə zillənib qalır. Heç kəsi görmək istəmir, hətta qardaşları gələndə otaqdan çıxmır.

Bu gün psixoloqun verdiyi, günün saatlarına uyğun vəziyyətin dəyərləndirilməsi testinin nəticələri qarşıma çıxdı. Birlikdə olduğumuz vaxtlarda 10 ballıq şkala üzrə 10 bal qoyulub. Digər vaxtlarda (kitab oxumaq, kinoya baxmaq, dostlarla görüşmək) isə göstəricilər çox aşağıdır.

Belə bir vəziyyətdə necə davranmalı, necə hərəkət etməli və bu vəziyyətdən necə çıxmalı? Çarə dərmanlardadırmı, həkimlərdəmi, yoxsa bu proses zamanla öz-özünə düzələcək?”

Xatırladaq ki, bir müddət öncə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi və bununla bağlı sosial media hesabında geniş açıqlama yaymışdı. O bildirmişdi ki, əməliyyatdan sonra güclü ağrılar hiss edib və yalnız dəfələrlə israr etdikdən sonra ona anesteziya vurulub. Nigar Köçərlinin sözlərinə görə, əməliyyatdan sonra tibb personalı tərəfindən kobud və əsəbi rəftarla da üzləşib.

Daha sonra tərəflər qarşılıqlı şəkildə bir-birlərini məhkəməyə verdiklərini açıqlamışdılar.

Tehsil-press.az

Oxşar xəbərlər