Yaponiyanın qərbində quş qripinin yeni ocağı aşkarlanıb

Yaponiyanın qərbində quş qripinin yeni ocağı aşkarlanıb Yaponiyanın qərbində yerləşən Şiqa prefekturasında yerləşən quşçuluq fermasında yeni quş qripi ocağı aşkarlanıb.
Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, bu, cari ildə quş qripinə görə toyuqların kütləvi şəkildə məhv edildiyi onuncu prefekturadır. Qeyd edilir ki, noyabrın əvvəllərindən başlayaraq aşkarlanan quş qripinə görə Yaponiyada artıq 2 milyondan çox toyuq məhv edilib. Bu, indiyədək bir fəsil ərzində maksimum miqdarda ev quşlarının məhv edilməsidir. Bu zamanadək quş qripinin Kaqava, Fukuoka, Hyoqo, Miyazaki, Hiroşima, Oiça, Vakayama və Okayama prefekturalarında aşkarlandığı bildirilir.
Agentliyin yaydığı məlumatda deyilir ki, həmin ərəfədə Hiqaşiomi yaşayış məntəqəsində 50-dən çox ölü toyuq aşkarlanıb. Aparılan analizlərin quş qripinə müsbət reaksiya verdiyi qeyd olunur. Bildirilir ki, həmin təsərrüfatda olan 11 min toyuq məhv ediləcək. Toyuqların və yumurtaların ferma ətrafında 3 kilometr məsafədə yerdəyişməsinə karantin tətbiq olunub.
Qeyd edilib ki, Şiqa prefekturasında quş qripinin aşkar edildiyi bu fermanın 10 kilometr yaxınlığında daha altı ferma yerləşir. Həmin fermalarda təqribən 58 min toyuq var. Hazırda yaxınlıqda yerləşən digər fermalarda quş qripinin aşkarlanması barədə məlumat verilmir.

Tehsil-press.az

Oxşar xəbərlər