Misirli gənc tədqiqatçı: Elmi araşdırmalarımı Azərbaycan ədəbiyyatına həsr edəcəyəm

Misirli gənc tədqiqatçı: Elmi araşdırmalarımı Azərbaycan ədəbiyyatına həsr edəcəyəm Qahirə Universitetinin Şərqşünaslıq fakültəsinin şərq dilləri bölməsinin dissertantı Zeynəb Ali Eid ilk elmi tədqiqatını Azərbaycan və türk dillərinin müqayisəli xüsusiyyətləri mövzusuna həsr edib. Ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi şuranın qərarı ilə universitetdə fəaliyyətini davam etdirən misirli tədqiqatçı özünün ilk elmi əsərində görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının “Ayrılan rollar” və türk nasiri Kamal Tahirin “Əsir şəhərin insanları” əsərlərinin təhlili əsasında iki qardaş xalqın – azərbaycanlıların və Anadolu türklərinin dillərinin bənzər və fərqli cəhətlərini təqdim edib.
2018-ci ildə Azərbaycanın Misirdəki səfirliyinin keçirdiyi “Azərbaycan haqqında nə bilirsiniz” mövzusunda müsabiqənin qalibi kimi Bakıya göndərilib. “Bu səfər mənim üçün çox maraqlı idi. Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyi, ölkənizin qədim tarixi və mədəniyyəti, müasir inkişafı məni valeh etdi. Paytaxtınız Avropanın ən gözəl şəhərləri ilə eyni səviyyədədir. Bakıda yaxşı rəfiqələr qazandım və ünsiyyətimiz indi də davam edir. Ən başlıcası, Azərbaycanın Misirdəki diaspor mərkəzində Azərbaycan dili və ədəbiyyatı haqqında əldə etdiyim bilikləri zənginləşdirmək üçün əlavə stimul qazandım. İlk elmi tədqiqatımı İsmayıl Şıxlının “Ayrılan yollar” və türk yazıçısı Kamal Tahirin “Əsir şəhərin insanları” romanları əsasında aparmağımın səbəbi hər iki əsərin dərin psixoloji və sosial problemləri təqdim etməsidir. Əsas məqsədim dillərin müqayisəli təhlili olsa da, bu nəsr nümunələri haqqında məlumata da geniş yer ayırmışam. Müharibədən sonra insanların yeni həyata atılması, hissləri, qarşılaşdığı problemləri də təhlil etməyə çalışmışam”, - deyə gənc tədqiqatçı vurğulayıb.
Qahirə Universitetində elmi fəaliyyətini Azərbaycan ədəbiyyatına həsr edəcəyini qeyd edən misirli gənc alim deyib: “Yeni elmi tədqiqatım Azərbaycanın Şərq ədəbiyyatına və fəlsəfi fikrinə bəxş etdiyi dahi şair Nəsiminin yaradıcılığı barədə olacaq. Onun divanı mənim üçün olduqca maraqlıdır. Azərbaycan dilini daha mükəmməl mənimsəmək baxımından da bu tədqiqat əsəri üzərində işləmək faydalı olacaq. Şərqin və İslam dünyasının ayrılmaz hissəsi olan, dünya mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr vermiş bir xalqın ədəbi irsini tədqiq etmək, həmçinin onun ərəb aləmində təbliği ilə məşğul olmaq həm çox maraqlı, həm də lazımlı işdir. Elmi və ictimai həyata qədəm qoyan bir gənc kimi Misir-Azərbaycan əlaqələrinə töhfə vermək ən böyük arzumdur. Hesab edirəm ki, dilinizi mükəmməl bilmək və gələcəkdə onu tədris etmək bunun üçün əsas amildir”.

Tehsil-press.az


Oxşar xəbərlər