
Bunu Tehsil-press.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, professor Sevil Mehdiyeva deyib.
Onun sözlərinə görə, Nəsimi XIV əsrin sonlarında vətəni Azərbaycana, ümumən qoca Şərqə bir günəş kimi doğdu. Onun şöhrəti nəinki vətəni Azərbaycana ümumən bütün Şərq ölkələrinə yayıldı: hamı onu sevdi, bütün Şərq ölkələrində Nəsimi pərəstişkarları, onun dərin məzmunlu poetik xəzinəsindən bəhrələnənlər, hətta onu təqlid edən yüzlərlə “şair-nəsimianlar” yarandı, lakin heç kəs Nəsimi istedadını qazana bilmədi və Nəsimi qəhrəmanlığı səviyyəsinə qalxa bilmədi. Yalnız Nəsimi dühasının ətrafında fırlandılar!
Alim bildirib ki, Nəsiminin ən böyük qəhrəmanlığı, ilk növbədə, onun öz ana dilində əruz vəznini cilovlaya bilmək istedadı, ana dilini zamanın, dövrün hegemon (qalib) dilləri - fars və ərəb dilləri səviyyəsinə qaldırması, Azərbaycan türk dilini fars, ərəb dilləri ilə rəqabətə çəkməsi və bu çətin rəqabətdə Azərbaycan türk dilinin üstünlüyünü öz təkrarsız istedadı ilə təsdiq edə bilməsi idi. İlk dəfə Nəsimi qlobal şəkildə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi, ilk dəfə məhz Nəsimi xalq dilinin dərinliklərinə varmaqla, xalq dilinin dərinliklərindən dürrlər seçərək, ana dilinin hər bir sözünə, ifadəsinə “dad verdi”. Nəsimi dünya səviyyəsində ilk poliqlot şairlərdəndir. Lakin bu halda da Nəsimi və Nəsimidən sonra gələn Azərbaycanın bütün poliqlot şairləri Şərqin digər şairlərindən bir addım irəli getdilər: onlar, eləcə də dahi Nəsimi iki dildə (fars və ərəb dillərində) yox, üç dildə - ana dili olan Azərbaycan türk dilində “Divan” yaratdı. Sübut etdi ki, dərin fəlsəfi mənalı, milli sözlərlə bəzənmiş poeziya nümunələrini Azərbaycan türk dilində də yaratmaq olar. Bunun ən bariz nümunəsini öz təkrarsız bədii yaradıcılığı ilə nümayiş etdirdi, Azərbaycan ədəbi dilinin banisi olmaq missiyasını qazandı.
“Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, Nəsimi Azərbaycan ədəbi dilinin banisidir. Şərqin dahi şairləri kimi, Nəsimi də filosof şair idi. Onun fəlsəfi qəzəllərinin böyük bir hissəsi aydın, səlis, əsl xalq dili sözləri ilə zəngin olduğundan sadə xalq da onu aydın başa düşürdü. Nəsimi Ana dilinin təbliğatçısı kimi fəlsəfi ideya və məsləkinin öz xalqına tam çatması üçün bu yoldan bir vasitə kimi istifadə edirdi. Əslində Nəsiminin təbliğatçısı olduğu hürufiliyin də rüşeymində xalq və xalqçılıq dururdu: Nəsimi, ilk növbədə, xalqçı idi, sözün həqiqi mənasında xalq şairi idi”, - deyə S.Mehdiyeva bildirib.
Tehsil-press.az