UNEC-in professoru enerji sektorunda son on ildə əldə olunmuş nailiyyətlərdən danışıb

UNEC-in professoru enerji sektorunda son on ildə əldə olunmuş nailiyyətlərdən danışıb Azərbaycanın enerji sektorunda həyata keçirilən beynəlxalq layihələrin regionumuza sabitlik gətirməsi reallıq olmaqla bərabər, layihələrdə iştirak edən bütün ölkələrin, onların şirkətlərinin və xalqlarının fayda götürməsi danılmaz faktdır. Lakin bu da həqiqətdir ki, sürətlə artan neft və qaz gəlirlərindən həddindən artıq asılılıq makroiqtisadi tarazlığı poza bilər və bununla da ölkəni potensial qlobal və regional iqtisadi böhranların təsirinə qarşı müdafiəsiz edə bilər.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru İrşad Kərimli bildirib. Professor deyib: “Azərbaycan iqtisadiyyatının enerji sektorunda neft və qaz özünün prioritetliyini saxlamadadır. Mövcud reallıq göstərir ki, Azərbaycan hələ uzun illər dünyada, əsasən neft-qaz ölkəsi kimi tanınmaqda davam edəcək. Lakin statistik məlumatlar göstərir ki, ölkənin neft hasilatının ümumi həcmində azalma müşahidə edilir. Belə ki, 2010-cu ildə Azərbaycanda 50 min tondan çox neft hasil edilibsə, 2015-ci ildə 41,6 min tona, 2020-ci ildə isə 38,5 min tona enib. Lakin bir tərəfdən alternativ enerji mənbələrinin çoxalması, digər tərəfdən isə Azərbaycana maliyyə axınlarının artması nöqteyi-nəzərindən neft hasilatını və ixracını daha da artırmaq məqsədə uyğun sayıla bilməz. Hər halda dünya iqtisadiyyatının reallığı göstərir ki, qaz hasilatına və ixracına tələbat arta bilər. Azərbaycanın Energetika Nazirliyinin məlumatlarına görə, 2025-ci ilədək Azərbaycanın qaz ixracatının 40-50 milyard kubmetrə çatdırılması gözlənilir”.
Alim diqqətə çatdırıb ki, son 10 ildə (2010-2020) Azərbaycanın əsas ixrac məhsullarının tərkibində neft və neft məhsullarının xüsusi çəkisi çox olub. Orta hesabla 16,9 milyard ixracın 14,4 milyardı xam neftin payına düşüb ki, bu da çox böyük rəqəmdir. Qeyri-neft sənaye sektoru 10,5 faiz artsa da, neft sektorundakı uyğun illərdə olan sürətli artımı kompensasiya edə bilməyib. Bu halı Azərbaycanda neft hasilatı ilə məşğul olan bir çox xarici neft şirkətlərin mütəxəssisləri də rəsmən qeyd ediblər. “British Petroleum” kompaniyasının mutəxəssislərinin hesablamalarına görə, 2030-cu ilə qədər Azərbaycanın mədən sənayesində (yalnız neft, qaz) hasilat üstünlük təşkil edəcək, həmin dövrdə neftə olan tələbatın artımı orta hesabla ildə 1 faizə yaxın olacaq. Onların fikrincə, təbii qaza olan tələbat daha surətlə, ildə orta hesabla 2 faizdən çox artacağı gözlənilir. Avropa ölkələrinin də artan tələbatının ödənilməsində Azərbaycan qazına yüksək xarici marağın olacağını nəzərdə tutmaq olar.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmləndirilməsində “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata kecirilməsinin xüsusi əhəmiyyəti nəzərə alınmalıdır. Bu layihənin reallaşdırılmasında Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı ABŞ, Böyük Britaniya və Qərbin digər ölkələrinin hökumətləri davamlı dəstək göstəriblər. Hazırda Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi istiqamətində müasir və yeni infrastruktur şəbəkəsi yaradılıb. Belə şəbəkə imkan verir ki, gələcəkdə enerji sektorunun inkişafı ilə bağlı bir sıra vacib yeni layihələr üzərində işlənilsin. Çünki Azərbaycan enerji resurslarının Avropaya nəqlində yeni mənbə hesab olunur, bunun üçün isə yeni kəmərlərin inşa olunmasına, enerji resurslarının şaxələndirilməsinə ehtiyac yaranacaq və bununla da Avropanın enerji xəritəsi tədricən dəyişəcək.
Azərbaycanın enerji sektorunun istər son 10 ildəki nəticələrini təhlil etməkdə, istərsə də qısa və orta müddətli perspektivdə inkişaf strategiyasına diqqət yetirməkdə əsas məqsədimiz enerji sektoru ilə müqayisədə qeyri-enerji sektorunun inkişafının mövcud vəziyyətini və gələcək mənzərəsini indidən düzgün görməkdir. Fikrimizcə, Azərbaycanda postneft mərhələsinin başlaması neft hasilatının azalan meylinin deyil, onun dayanıqlı artım meylinin qəbul edilməsi daha düzgün hesab edilə bilər.
“Azərbaycanın enerji sektorunun uğurlu inkişafı ölkəmizi etibarlı tərəfdaş, xarici investisiyaları tam qoruyan dövlət kimi dünyaya tanıtmağa imkan verib. Bu etimad Azərbaycanın enerji sektoruna külli miqdarda xarici investisiyalar cəlb etməyə səbəb olub. Ölkəmizə yatırılmış investisiyaların ümumi məbləği 250 milyard dolları ötüb. Bunun demək olar ki, 50 faizi xarici investisiyalardır”, - deyə professor İrşad Kərimli bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər