Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir

Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Eurasia Forum 2025: Broadening horizons: Building global bridges in higher education” adlı beynəlxalq tədbirdə iştirak edir.

Avrasiya regionu Şərqlə Qərbi birləşdirən, elmi və mədəni inteqrasiyanın strateji kəsişmə nöqtəsi kimi dinamik inkişaf trayektoriyasına malik olan mühüm məkandır. Elm və təhsil mərkəzlərinin fəaliyyəti, tədqiqatyönlü ekosistemlərin formalaşması və insan kapitalına yönəlmiş davamlı investisiya axını Avrasiya regionunun qlobal təhsil və innovasiya məkanında strateji mövqeyini daha da gücləndirir. Forumun məqsədi məhz bu elmi-təhsil potensialını qlobal səviyyədə tanınan bir brendə çevirmək, ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq və Avrasiya üzrə akademik əməkdaşlıq platformalarını genişləndirməkdir.

Tədbirin açılış mərasimində “Quacquarelli Symonds” (QS) şirkətinin prezidenti və İdarə Heyətinin sədri Nunzio Quacquarelli, Mərkəzi Asiya Universitetinin Himayəçilər Şurasının sədri Abdujabbor Abdusattorovich Abduvakhitov, həmçinin Birləşmiş Krallığın Daşkənddəki səfiri Timothy Smart çıxış edərək forumun mahiyyəti və prioritet istiqamətlərinə dair fikirlərini bölüşüblər. Onların çıxışlarında Avrasiyanın ali təhsil sahəsində yüksələn qlobal mərkəzə çevrilməsi, elmi-innovativ əməkdaşlıqların dərinləşdirilməsi və beynəlxalq şəbəkələrin genişləndirilməsi kimi strateji məsələlər vurğulanıb.

Açılış nitqlərindən sonra proqram “Ministerial Keynotes” sessiyası ilə davam edib. Sessiyada Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Nurbek Sayasat və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək regional inkişaf strategiyaları, elmi potensialın gücləndirilməsi və Avrasiyanın qlobal akademik məkanla daha sıx inteqrasiyası məsələlərinə toxunublar.

BDU nümayəndə heyətinin forumda iştirakı Universitetin beynəlxalq mövqeyinin gücləndirilməsi, strateji tərəfdaşlıqların genişləndirilməsi və Avrasiya təhsil məkanında gedən müasir proseslərə aktiv şəkildə qoşulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində Universitet nümayəndələri ali təhsilin qlobal trendləri, innovasiya yönümlü idarəetmə modelləri, elmi-tədqiqatın beynəlmiləlləşdirilməsi və regional əməkdaşlıq perspektivləri üzrə keçirilən panel müzakirələrində və seminar sessiyalarında fəal iştirak edəcək, bu sahələrdə BDU-nun təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşəcəklər.

Tədbir ali təhsil sistemində yeni körpülərin qurulması, Avrasiyanın akademik potensialının dünyaya tanıdılması və universitetlər arasında daha sıx əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər