“Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda müzakirə aparılıb

“Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda müzakirə aparılıb Azərbaycan Respublikası Milli Məclisi, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilib.
Açılış mərasimində çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib: “Bu sahədə ulu öndər Heydər Əliyevin yaratdığı müdrik siyasi-mənəvi xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, Azərbaycan bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib”.
Dini təhsil sahəsində problemlərə toxunan A.Şirinov qeyd edib ki, din spesifik istiqamət olduğu üçün bu sahədə ölkə gerçəklikləri nəzərə alınaraq tədris həyata keçirilməlidir. Rektor ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verərək qarşıda duran vəzifələr haqqında söhbət açıb.
Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli çıxışında tariximizin və taleyimizin ən şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsində Qələbəmizə diqqət çəkib. F.İbrahimli konfransın əhəmiyyətinə toxunaraq bildirib ki, din təhsili milli dəyərlərimiz, eləcə də ölkəmizin tolerant mühiti nəzərə alınmaqla həyata keçirilməlidir. Milli Məclis sədrinin müavini xalqımızın dini qadağaların mövcud olduğu sovet dövründə belə dini inanclarını qoruduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətinə toxunaraq, dövlət-din münasibətləri modeli, eləcə də dini ali və orta təhsil mövzusunda silsilə tədbirlərin keçirilməsini vacib hesab etdiyini bildirib.
Komitə sədri qeyd edib ki, əvvəllər məscid yanında fəaliyyət göstərən mədrəsələrdə din təhsili ilə yanaşı, dünyəvi təhsil də tədris edilirdi. Müasir dövrdə Azərbaycanda dini təhsilin əhəmiyyətinə toxunan M.Qurbanlı orta məktəblərdə şagirdlərin dinlərlə bağlı müəyyən biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb: “Müasir dövrdə dini təhsil sahəsində əsas vəzifələrdən biri də gənclərin bütün dinlər haqqında ətraflı məlumatlarının olmasıdır. Dindən istifadə edən radikal və ekstremist qrupların təsiri altına düşməmələri üçün gənclərə dini biliklər düzgün öyrədilməli, dini ali və orta təhsil yüksək səviyyədə tədris olunmalıdır”.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda çıxış edərək, gənc nəslin tərbiyəsinin ailənin başlıca funksiyalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələ valideynlərin ən mühüm vəzifələrindən biridir. F.Nurullayev, həmçinin ailədə əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yenidən milli-mənəvi dəyərlərinin sahibi kimi çıxış etməyə başlayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyulub. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinə uğurlar arzulayan A.İsgəndərov ali təhsil müəssisəsinin tələbələrinin ölkəmizdə dövlət-din münasibətlərinin inkişafında, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük rolu olacağını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın dünyada unikal məkan olaraq tanındığını, tarixən ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və anlaşma şəraitində yaşadıqlarını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin din sahəsində atdığı ən böyük addımlardan biri 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncamı olub. C.Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətin din sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dinin ideoloji məsələ olduğunu vurğulayıb. Dinin tədrisinin vacibliyini nəzərə çatdıran M. İsmayılov tələbələrə qarşılarında duran önəmli vəzifələrində uğurlar arzulayıb.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə fəlsəfə ilə ilahiyyat elmlərinin qarşılıqlı öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, dini təhsilin düşüncənin çərçivələrini genişləndirdiyini, insanın təkcə mənəvi deyil, həm də məntiqi olaraq dinə yanaşdığını vurğulayıb.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova orta məktəblərdə tədris olunan “Həyat bilgisi” dərsliklərində dini biliklərin statistikasını diqqətə çatdırıb, ziddiyyətli faktlara və təkrarlara rast gəlindiyini bildirib. O, həmçinin məlumatların dinlərlə əlaqəli sistemli şəkildə təqdim olunmamasını qeyd edib.
E.Əzizova daha sonra kvantitativ məzmun analizi və kvalitativ mövzu analizi metodlarından istifadə olunaraq “Həyat bilgisi” dərsliklərində dinə baxışı əks etdirən üslub, məzmun və vizuallar amillərini dəyərləndirib, gələcəkdə belə dərsliklərin yazılması zamanı uşaqların yaş psixologiyasının nəzərə alınmasının vacib olduğunu bildirib. Məruzəçi “Həyat bilgisi” dərsliklərində ümumilikdə dinin necə təmsil olunması, onun hansı anlayışlarla əlaqələndirilərək təqdim edilməsi, dini biliklər aşılanan zamanı hansı üslubdan istifadə, Azərbaycanın özünəməxsus dini demoqrafiyasının hansı səviyyədə diqqətə alınması, dini tolerantlığın Azərbaycan modelinin necə əks olunması məsələlərinə də aydınlıq gətirib.
İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov dini təhsilin əhəmiyyətini vurğulayıb. O, cəmiyyətin dini baxımdan maarifləndirilməsi, dini təhsilin metodologiyası baxımından onun tədrisinin həyata keçirilməsi barədə təqdimatla çıxış edib.
Metodoloji yanaşmalara toxunan A.Qənbərov dünya təcrübəsində din dərsinin statusu barədə nümunələr göstərib, Azərbaycanda din təhsili metodologiyası və dövlət-din münasibətlərində onun hansı yollarla tənzimləndiyi barədə fikirlərini bölüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər