Azərbaycan İlahiyyat İnstitutunun üçillik fəaliyyətinə həsr olunan onlayn tədbir

Azərbaycan İlahiyyat İnstitutunun üçillik fəaliyyətinə həsr olunan onlayn tədbir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) üçillik fəaliyyətinə həsr olunan onlayn tədbir keçirilib.
Tədbirdə rektor Aqil Şirinov ali təhsil müəssisəsinin üçillik fəaliyyəti barədə məlumat verib. Rektor qeyd edib ki, qlobal pandemiya ilə əlaqədar respublikamızda həyata keçirilən tədbirlər çərçivəsində Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, ölkə üzrə tədris və təlim-tərbiyə prosesi 2020-ci ilin mart ayından etibarən dayandırıldığına görə, Aİİ-də tədris prosesi məsafədən təşkil olunub. İnstitut bu məqsədlə “Microsoft Teams” platformasına qoşulub. Onlayn tədris cədvələ uyğun şəkildə təşkil edilib, qış imtahan sessiyası uğurla davam edib, tələbələrin yüksəkixtisaslı kadr kimi yetişmələri üçün müxtəlif kurslar fəaliyyət göstərib. Hazırda klassik ərəbdilli mətnlərin oxunması, ingilis dilində 4 bacarığın mükəmməlləşdirilməsi istiqamətində kurslar davam edir. Həmçinin tələbələr üçün müxtəlif yarışlar təşkil olunur.
A.Şirinov pandemiyadan sonra reallaşdırılacaq layihələr haqqında da məlumat verib, institutun fəaliyyətinin daha səmərəli təşkili üçün kollektivin birgə əməyini yüksək qiymətləndirib.
Aİİ-nin rəhbəri institutda tədrislə yanaşı, tədqiqat sahəsində də bir çox işlər görüldüyünü vurğulayıb: “İldə iki dəfə elmi jurnalımız, il ərzində müəllimlərimizin araşdırma əsərləri çap olunur. Bu əsərlərin bir çoxu yeni tədqiqat nümunələridir”.
İnstitutda tədrisin daha da təkmilləşdirilməsinə xüsusi önəm verildiyini deyən rektor bu məqsədlə müxtəlif qabaqcıl xarici ölkə universitetləri ilə əlaqələr qurulduğunu diqqətə çatdırıb.
A.Şirinov BDU-nun keçmiş İlahiyyat fakültəsinin strukturunda yaradılan İlahiyyat İnstitutunda mərhum akademik Vasim Məmmədəliyevin hər zaman rəhmətlə anıldığını da bildirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda mövcud dövlət-din münasibətləri haqqında danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Deputat Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini uğurla davam etdirdiyini, bu ali təhsil müəssisəsində tam şəffaf mühitin hökm sürdüyunü, neqativ halların olmadığını bildirib. İnstitutun tədqiqat müəssisəsi kimi də fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, birlikdə daha güclü təhsilin verilməsi, məzunların yüksəkixtisaslı kadr kimi yetişməsi üçün çalışmalıyıq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov diqqətə çatdırıb ki, Aİİ-nin yaradılması dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması, ölkəmizdə din təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanması baxımından xüsusi əhəmiyyətə malikdir. Qısa zaman kəsiyində ali məktəb müsbət mənada kifayət qədər tanınıb. G.İsmayılov ixtisaslarına dərindən yiyələnmək istəyən, gələcəkdə din xadimi olacaq abituriyentlərin qəbulunu həyata keçirməyin vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, institutun üçillik fəaliyyətini zəfər çalmış ölkənin vətəndaşları olaraq qeyd edirik. İslam dininin elmə, oxuyub-öyrənməyə böyük əhəmiyyət verdiyini deyən F.Nurullayev Quranın ilk nazil olan ayəsinin “Oxu” əmri ilə başladığını vurğulayıb. İnstitutun bugünkü fəaliyyətini yüksək qiymətləndirən sədr müavini kollektivə fəaliyyətində uğurlar arzu edib. O, həmçinin mərhum akademik Vasim Məmmədəliyevin yetişdirdiyi tələbələrin institutun üçillik fəaliyyətində əməyini qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Aİİ-nin yaradılması dini-mənəvi dəyərlərimizin qorunması baxımından mühüm qərarlardan biridir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edilib.

Tehsil-press.az

Oxşar xəbərlər