“Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda elmi konfrans

“Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda elmi konfrans Bakı Dövlət Universitetində (BDU) akademik Həsən Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr edilən “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda IV Respublika elmi konfransı keçirilir.
Tədbirin açılış mərasimində BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov akademik Həsən Əliyevin həyatı, zəngin elmi yaradıcılığından danışıb. Qeyd edilib ki, görkəmli akademikin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respublikanın torpaq xəritələrinin hazırlanması, ekoloji, bioloji problemlərin həlli və beynəlxalq aləmdə təbliğ edilməsi olub. Alim Azərbaycanda meşə altından çıxmış 40 min hektardan artıq torpaqdan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib, ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini araşdırıb. O, 800-ə yaxın elmi əsərin, o cümlədən 200-ə yaxın elmi-kütləvi məqalənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktoru olub. Həsən Əliyevin rəhbərliyi ilə 40-a yaxın fəlsəfə və elmlər doktoru yetişdirilib. Əsası akademik Həsən Əliyev tərəfindən qoyulmuş coğrafi ekologiya elmi məktəbi respublikamızda və BDU-da uğurla inkişaf etdirilir.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı qeyd edib ki, akademik Həsən Əliyev təbiətin mühafizəsi problemi ilə məşğul olan görkəmli ziyalı, vətəndaş, alim olub. Onun bütün elmi fəaliyyəti torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, torpaq-meşə meliorasiya və aqrokimya, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunması kimi aktual problemlərin həllinə həsr olunub. Azərbaycanda Təbiəti Mühafizə Cəmiyyətinin yaradılması, bir çox qoruqların təşkili məhz görkəmli elm xadiminin adı ilə bağlıdır. Onun redaktorluğu ilə çap edilən “Azərbaycan təbiəti” elmi-kütləvi jurnalı təbiətimizin mühafizəsinin təbliğində mühüm rol oynayıb.
Sonra BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri Qərib Məmmədov, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev, Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev, BDU-nun Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva çıxışlarında akademik Həsən Əliyevin Azərbaycan elminə, təbiətinin qorunmasına verdiyi töhfələrdən bəhs edib, xatirələrini bölüşüblər. Çıxışlarda Azərbaycan təbiətinin, ekologiyasının mühafizəsində akademik Həsən Əliyevin vətəndaş və alim kimi həyata keçirdiyi müqəddəs missiyanın öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Bölmə iclasları ilə davam etdirilən konfrans sabah yekunlaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər