Azərbaycanlı təhsil işçiləri beynəlxalq təcrübə proqramında iştirak ediblər

Azərbaycanlı təhsil işçiləri beynəlxalq təcrübə proqramında iştirak ediblər “Təhsildə beynəlxalq uğur” təcrübə proqramı çərçivəsində bir qrup azərbaycanlı təhsil işçisinin və məktəb direktorunun martın 18-24-də Estoniya, İsveç və Latviyaya səfəri reallaşıb.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Estoniyadan layihə rəhbərləri Sənəm Əliyeva, Kadir Tanış, Azərbaycandan Cəfər Mənsiminin müşayiəti ilə Estoniya, İsveç və Latviyanın ən qabaqcıl təhsil müəssisələrini ziyarət edərək qabaqcıl təcrübələrlə tanış olublar.
Təcrübə proqramı Latviyanın paytaxtında yerləşən Riqa Dövlət Klassik Gimnaziyasına ziyarətlə başlayıb. Baltikyanı ölkələrin ən böyük gimnaziyası sayılan bu təhsil ocağının rəhbəri, həmyerlimiz Roman Əliyev iştirakçılara müəssisə haqqında geniş məlumat verib və Azərbaycan təhsil işçiləri ilə fikir mübadiləsi aparıb. Nümayəndə heyətinin üzvləri bir neçə qrupa bölünərək dərslərdə də iştirak edib.
Proqramın növbəti hissəsində iştirakçılar İsveçin paytaxtı Stokholm şəhərində yerləşən və özünəməxsus təhsil metodları ilə seçilən Jensen Gimnaziyasını ziyarət ediblər. Gimnaziyanın proqram rektoru Rut Lindquist və müəllimləri müəssisə barədə ətraflı məlumat verib, təcrübələrini bölüşüblər.
İştirakçılar Tallinin ən qabaqcıl təhsil müəssisələrindən sayılan və 400 illik tarixə malik Gustav Adolf Gimnaziyasının da təcrübəsi ilə tanış olublar. Gimnaziyanın direktoru Henrik Salum Azərbaycanın təhsil işçilərinə gimnaziyanın tarixi haqqında geniş məlumat verib. Daha sonra direktorun iştirakı ilə gimnaziyanın sinif otaqları, burada yaradılan guşələr, təhsil təcrübələri ilə tanışlıq olub, fikir mübadiləsi aparılıb.
Təcrübə proqramı çərçivəsində iştirakçılar məktəblərdə tədrisin təşkili, səmərəli idarəçilik, valideynlərlə əməkdaşlıq, metodiki iş, müəllimlərin peşəkar inkişafı, tədrisdə innovasiya, liderlik, gələcəyin məktəb modelləri və digər təcrübələrlə tanış olublar.
Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bu layihə Estoniyanın Karyera Təhsil Akademiyası və təhsil işçilərinin təcrübə və kommunikasiya platforması - “T-Network”un təşkilatçılığı ilə həyata keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər