“PİLLƏ 2” Tələbə Tamaşa Festivalına qəbul davam edir

“PİLLƏ 2” Tələbə Tamaşa Festivalına qəbul davam edir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə iyunun 5-dən 9-dək “PİLLƏ 2” Tələbə Tamaşa Festivalı keçiriləcək.
Festivalın məqsədi tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini fəallaşdırmaqdır. Festivalda ADMİU-nun və digər ali məktəblərin bakalavr və magistr tələbələri tamaşaları ilə iştirak edə bilərlər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar mayın 20-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Son tarixdən gec göndərilən və tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu” və “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq.
Təqdim edilməli materialların və sənədlərin siyahısı ilə ADMİU-nun saytında tanış olmaq mümkündür.

Tehsil-press.az




Oxşar xəbərlər