ADMİU-da “Pillə” Tələbə Tamaşaları Festivalı başa çatıb

ADMİU-da “Pillə” Tələbə Tamaşaları Festivalı başa çatıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində keçirilən “Pillə” Tələbə Tamaşaları Festivalı başa çatıb.
Bağlanış mərasimində universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbirdə sıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova festivalı universitetin həyatında önəmli hadisə adlandırıb. C.Mahmudova festivalın müəllimlərə deyil, tələbələrə yönəldildiyini və burada yalnız tələbələrin işinin qiymətləndirildiyini bildirib. Festivalda iştirak edən IV kurs tələbələrinin artıq universitetdən məzun olmağa hazırlaşdıqlarını deyən rektor onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonra festivalın təşkilatçıları və münsiflər heyətinin üzvləri teatrşünaslar Elçin Cəfərov, Vidadi Qafarov, professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə və başqaları çıxış edərək fikirlərini bölüşüblər. Qeyd olunub ki, festivalda ADMİU-nun aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin təşkilat komitəsi tərəfindən 30-dan çox tamaşa içərisindən seçilmiş doqquz diplom və kurs tamaşaları nümayiş olunub. Həmçinin hər günün sonunda həmin gün nümayiş olunan səhnə əsərləri tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə edilib. Universitetin 100 illik yubileyi ərəfəsində keçirilən “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.
Daha sonra qaliblər mükafatlandırılıb. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşdirilib. Festivalın nəticələrinə görə “Ən yaxşı tamaşa” nominasiyası üzrə N.V.Qoqolun “Müfəttiş” komediyasında Teatr sənəti fakültəsinin III kurs tələbələri (kurs rəhbəri Xalq artisti Vidadi Həsənov), “Ən yaxşı kişi rolu” nominasiyası üzrə “İnişmaandan gələn şikəst” tamaşasında şikəst Billi roluna görə teatr sənəti fakültəsinin IV kurs tələbəsi Ülvi Haşımov, “Ən yaxşı qadın rolu” nominasiyası üzrə “SABAH” qrupları, IV kurs tələbəsi Şəhanə Rzayeva qalib olub.
Gənc ekspertlərin mükafatı J.B.Molyer “Jorj Danden, yaxud aldadılmış ər” tamaşasına görə Teatr sənəti fakültəsinin II kurs rus bölməsinin tələbələrinə (kurs rəhbəri Ruslan İsmayılov) təqdim edilib. Gənc ekspertlər qrupuna müxtəlif kurslardan seçilmiş teatrşünas tələbələrdən Qönçə Firudinli, Suray Ömərova (IV kurs), Səbinə Zeynalova, Səbuhi Ağayev (III kurs), Fatimə Qurbanzadə, Minaxanım Qurbanova, Aynur Əskərli, Nailə Qasımova, Tağilə Mehdiyeva, Kənan Balakişiyev (II kurs) daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər