Deputat Kamal Cəfərov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Deputat Kamal Cəfərov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb Milli Məclisin deputatı Kamal Cəfərov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
O, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı həyata keçirilən “Heydər Əliyev siyasi məktəbi” layihəsi ilə bağlı müsabiqə qaliblərinə məlumat verib. Deputat bildirib ki, layihənin məqsədi Heydər Əliyevin idarəetməsi barədə onunla işləmiş şəxslər vasitəsilə Sabirabad rayonundan seçilmiş 15 gənci maarifləndirməkdir. Layihə 6 ay müddətində ayda 1 dəfə olmaqla müxtəlif yerlərdə keçiriləcək. Kamal Cəfərov əlavə edib ki, “Yüksəliş” müsabiqəsinin qaliblərinin bilik və bacarıqları sabirabadlı gənclərə faydalı olacaq.
“Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində ölkəmizin və gənclərin inkişafı naminə bu layihədə töhfələrini verməkdən qürur hissi duyacaqlarını ifadə ediblər. Görüşün davamında Kamal Cəfərov qaliblərin layihənin inkişafı və genişləndirilməsi istiqamətində fikirlərini və təkliflərini dinləyib və onların suallarını cavablandırıb.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Tehsil-press.az



Oxşar xəbərlər