“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatıb

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatıb "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin son turu üzrə qabiliyyət imtahanı keçirilib. İştirakçıların onlayn formada qatıldıqları imtahan saat 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.
Onlayn mərhələnin ilk turundan uğurla keçən 6041 namizəd qabiliyyət imtahanında iştirak edib. İmtahanda verbal və rəqəmsal məlumatlarla işləmək bacarığının, abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 3 bölmədə suallar təqdim edilib.
"Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların qabiliyyət imtahanının nəticələri T-şkala əsasında hesablanaraq növbəti həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.
Qarşıda iştirakçıları 3 mərhələ - əyani, yarımfinal və final mərhələləri gözləyir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Tehsil-press.az


Oxşar xəbərlər