Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsinə dair layihənin açılış konfransı keçirilib

Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsinə dair layihənin açılış konfransı keçirilib Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin maraqlı tərəflərin iştirakı ilə açılış konfransı keçirilib.
Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil və təlimin gücləndirilməsi və bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə ölkəmizdə müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsi layihənin başlıca məqsədidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu genişmiqyaslı layihəyə 2023-cü il fevralın 24-dən etibarən start verilib.
Tədbiri ARTİ-nin Təhsildə Innovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Abutab Abbasova açaraq layihə barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, konfransın məqsədi ömürboyu təhsil kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində maraqlı tərəflərin dialoqunu tərtib etmək və məzunların əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaqdır.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev təhsil sistemində orta ixtisas təhsilinin yeri, yüksək texniki peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsindən söz açıb, yüksək texniki peşə təhsilində institutsional və proqram akkreditasiyasının vacibliyini vurğulayıb. İ.İsayev təhsil proqramlarının məzmununun əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanmasının, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, layihəyə ev sahibliyi edən Təhsil İnstitutuna tövsiyələrini verib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov çıxışında Aİ-nın təhsil sektoruna verdiyi dəstəklə bağlı ətraflı məlumat verib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb. O, yüksək texniki peşə təhsilində iqtisadiyyatın ehtiyaclarına müvafiq məzmun komponentlərinin - təhsil proqramlarının, dərsliklərin, metodiki dəstək alətlərinin hazırlanması zərurətini bildirib. Həmçinin layihənin komponentləri üzrə məzmun hazırlığında sənaye ilə əməkdaşlıq mexanizmlərinin, səmərəli peşəyönümü işinin təşkili məqsədilə tövsiyələrin hazırlanması, institutsional potensialın gücləndirilməsində Təhsil İnstitutunun gözləntilərini açıqlayıb.
Layihənin əsas ekspertləri Reiner Gerke, Mariana Mataçe, Boris Kurkoviç layihənin məqsədi, 3 komponenti və həmin komponentlərin Azərbaycan hökumətinin və Aİ-nin prioritetləri ilə əlaqələndirilməsi barədə təqdimatla çıxış ediblər.
Konfransda əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, bu layihə Azərbaycanda cari təhsil sisteminin Milli Kvalifikasiyalar Çərçivəsinə (AzMKÇ) uyğunlaşdırılması və davamlı təkmilləşdirmənin təşviqi istiqamətində atılmış vacib bir addım hesab olunur.

Tehsil-press.az


Oxşar xəbərlər