Peşə təhsili mərkəzlərində “Açıq qapı” günlərinin keçirilməsinə start verilib

Peşə təhsili mərkəzlərində “Açıq qapı” günlərinin keçirilməsinə start verilib Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Gəncə, Cəlilabad və Şəkidə yerləşən peşə təhsili mərkəzləri üçün “Açıq qapı” günlərinin keçirilməsinə start verib.
“Açıq qapı” günlərinin məqsədi peşə təhsili mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, eləcə də peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmağa kömək etməkdir.
İlk tədbir Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Onlayn tədbirdə Gəncə şəhərindən 300 nəfərədək yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi nümayəndələri iştirak edib. İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlər, qəbul prosedurları və müvafiq peşə təhsili mərkəzlərində mövcud imkan və xidmətlər barədə ətraflı məlumat alıblar. Həmçinin cari çətinliklər, regionlarda peşə təhsili üzrə karyera imkanları və perspektivləri barədə müzakirələr aparılıb. Tədbir zamanı peşə ixtisaslarına ictimai münasibət barədə daha çox məlumat əldə etmək məqsədilə sorğu paylaşılıb. Sorğunun nəticələri layihənin peşə təhsilinin cəlbediciliyini artırmaq istiqamətində gələcək fəaliyyətini planlaşdırmaq üçün istifadə ediləcək. İnteraktiv şəkildə həyata keçirilən tədbirdə iştirakçılar kiçik hədiyyələr qazanmaq imkanı da əldə edib.
Qeyd edək ki, “Açıq qapı” günləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə, səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə məktəblərinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd peşə təhsili müəssisələrinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa kömək etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər