Magistrantlara İqtisadiyyat İnstitutunun sertifikatı verilib

Magistrantlara İqtisadiyyat İnstitutunun sertifikatı verilib Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantları üçün təşkil olunmuş təcrübə-təlimin yekunları ilə bağlı tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat İnstitutunun icraçı direktoru professor Müşfiq Atakişiyev təcrübə-təlimi elm və təhsil qurumları arasında faydalı əməkdaşlığın yaxşı bir nümunəsi kimi yüksək qiymətləndirib və təlimlərdə fəal iştirak etmiş magistrlərə uğurlar arzulayıb.
Magistrantlar təlimin onların gələcək karyerası üçün əhəmiyyətindən söz açıb, təşkilatçılara, bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
Sonra təlimlərdə iştirak etmiş və yüksək nəticələr göstərmiş BBU-nun magistrantlarına professor Müşfiq Atakişiyev, dosent Allahyar Muradov, Qafar Bağırov, iqtisadiyyat elmləri doktoru Rəsmiyyə Abdullayeva, dosent Yunus Sadıqov tərəfindən İqtisadiyyat İnstitutunun sertifikatları təqdim edilib.
Xatırladaq ki, aprelin 10-dan mayın 10-dək İqtisadiyyat İnstitutunun alimləri tərəfindən keçirilmiş təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edib. Kurslarının keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün dosent Tariyel Qurbanov magistrantlara elmi tədqiqat təcrübəsinin rəhbəri təyin edilib.
Müqaviləyə əsasən ödənişli olan təcrübə-təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyib. Bu, özəl universitetlə elmi institut arasında haqqı ödənilmək şərtilə tələbə və magistrantlara ixtisas üzrə təşkil edilən təlim olaraq Azərbaycanda maraqlı və diqqətçəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunub. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son illər beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir.

Tehsil-press.az


Oxşar xəbərlər