İqtisadiyyat İnstitutunun iclasında elmi tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən danışılıb

İqtisadiyyat İnstitutunun iclasında elmi tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən danışılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun ümumi iclası keçirilib.
İnstitutun baş direktoru professor Nazim Müzəffərli müəssisədə aparılan və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunan struktur islahatları barədə məlumat verib. Bildirib ki, 1 şöbə ləğv olunub, digər bir sıra şöbələrin adları dəyişdirilib. Baş direktor diqqətə çatdırıb ki, institutda kadr islahatları da həyata keçirilib. Belə ki, professor Müşfiq Atakişiyev İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Allahyar Muradov xüsusi elmi-tədqiqat layihələri üzrə direktorun müşaviri, dosent Pərviz Həsənov Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, Təranə İbadova baş direktorun köməkçisi vəzifələrinə təyin olunublar.
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov zamanın tələblərinə və müasir çağırışlara uyğun olaraq İqtisadiyyat İnstitutunda aparılmış struktur dəyişikliklərinin vacibliyini və əhəmiyyətini qeyd edib. O, İqtisadiyyat İnstitutunun apardığı fundamental tədqiqatların Azərbaycanda iqtisad elminin, ölkə iqtisadiyyatının inkişafındakı yeri və rolunu xüsusi vurğulayıb. Akademik AMEA-nın institutlarına idarəetmə və qərarların qəbulu proseslərində, habelə maliyyələşmədə, elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi sahəsində daha çox müstəqilliyin verilməsinin tərəfdarı olduğunu bildirib.
Xüsusi elmi-tədqiqat layihələri üzrə direktorun müşaviri dosent Allahyar Muradov hökumət qurumlarının sifarişi ilə həyata keçirilən layihələr, habelə müxtəlif tipli yeni layihələrdə, ayrı-ayrı qurumların elan etdikləri qrant müsabiqələrində institutun əməkdaşlarının iştirakı imkanları barədə məlumat verib.
İnstitutunun icraçı direktoru professor Müşfiq Atakişiyev qarşıda duran əsas vəzifələrdən və hədəflərdən, görüləcək işlərdən, şöbələrdə aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən, elmi müzakirələrin təşkilindən, kadr potensialından səmərəli istifadə imkanlarından danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər