Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında

Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında
Prorektor Fikrət Quliyev: “Keyfiyyətli tədris prosesi ilə yanaşı, tələbələrin gələcəkdə ixtisasları üzrə işlə təmin olunması məsələsi də Universitetin əsas hədəflərindən biridir”.


Ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən olan Azərbaycan Kooperasiya Universiteti (AKU) cari ilin payızında 60 illik yubileyini qeyd etməyə hazırlaşır. Çox hörmətli millət vəkili, professor Eldar Quliyevin rektorluğu ilə AKU bu gün qarşıya qoyduğu başlıca məqsədin - bakalavr, magistratura və doktorantura təhsilinin təşkilini beynəlxalq keyfiyyət standartları və iqtisadiyyatın tələbləri çərçivəsində saxlamaq vəzifəsinin öhdəsindən layiqlə gəlir. Universitet öz işini ölkə Prezidentinin təhsil sisteminin fəaliyyətini tənzimləyən fərman və sərəncamları, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin əmr və qərarları, Universitetin strateji inkişaf planı və eləcə də Universitet rəhbərliyinin müvafiq əmr və göstərişlərinə uyğun şəkildə qurmağa çalışır.

Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında


Tədris işləri üzrə prorektor Fikrət Quliyev Universitetin “You Tobe” kanalı üzərindən abituriyentlərə müraciətində ali təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verərkən, çıxış nitqinin əvvəlində universitet təhsilinin insan kapitalının formalaşmasına və inkişafına təsirinin başlıca iki istiqamətini fərqləndirmişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” tezisinə uyğun olaraq ölkədə təhsil siyasəti həyata keçirilməkdədir. Eyni zamanda təhsilin iqtisadi həyatda artan rolu da bu sahəyə diqqət və qayğının daha da artırılması ilə milli iqtisadiyyatın formalaşmasını zərurətə çevirir ki, bu da özlüyündə təhsil müəssisələri qarşısında geniş imkanlar açmaqla bərabər, həm də mühüm vəzifələrin həllini qoyur. Bu gün əminliklə deyə bilərik ki, akademik biliklərini uğurlu karyera imkanlarına çevirərək əmək bazarına, biznes mühitinə savadlı, hazırlıqlı, bacarıqlı insan kapitalı təklif edən müəssisələrin, universitetlərin zamanıdır. Nəzərə almaq zamanıdır ki, insan kapitalı yaxşı təhsil almış, yüksək bacarıqlara və səriştəyə yiyələnmiş insan resursudur. Bu nöqteyi-nəzərdən, universitet təhsilinin insan kapitalının formalaşmasına və inkişafına təsirinin başlıca iki istiqamətini fərqləndirə bilərik. Bunlardan birincisi, yüksək ixtisaslı kadrların hazırlanması, ikincisi isə yeni bilklərin formalaşdırılması, təşviqi və ötürülməsidir”.

Hazırda AKU ali təhsilin bütün pillələrini əhatə edən həm bakalavriat, həm magistratura, həm də doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirir, fundamental və tətbiqi araşdırmalar aparan qabaqcıl ali təhsil müəssisəsi kimi öz fəaliyyətini davam etdirir. Universitetdə təhsilin bakalavriat səviyyəsində 7 fakültə, 1 şöbə və 21 kafedrada ölkənin iqtisadi və sosial sahələrinin ixtisaslı kadrlara olan ehtiyaclarına uyğun 24 ixtisas üzrə təhsilin həm əyani, həm qiyabi formalarında dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığı həyata keçirilir. Həmçinin bir çox ixtisaslarda tədrisi rus dilində, turizm işinin təhsili ixtisasında isə tədrisi ingilis dilində də kadr hazırlığı aparılır. Bakalavriat səviyyəsində kadr hazırlığı aparılan bütün ixtisaslar əsasən I, II, III və IV-cü qruplarıdır ki, onlarda da illik təhsil haqları ixtisaslardan asılı olaraq 1800-2300 manat arasında dəyişir. Təhsilin magistratura səviyyəsində isə həm MBI proqramı, həm də ənənəvi magistr proqramı üzrə 20 ixtisas üzrə magistr hazırlığı aparılır ki, bu ixtisaslarda təhsil haqqı 1500-2000 manat aralığında dəyişir. Hazırda ali təhsil müəssisəsində 3500-ə yaxın bakalavr, 500-dən çox magistr olmaqla 4000-ə yaxın tələbə təhsil alır.

Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında


Mütəxəssis hazırlığına ümumilikdə Universitetdə 250 nəfər professor-müəllim heyəti və 60 nəfər texniki heyət cəlb olunub ki, onlardan da 65 faizinin elmi dərəcələri olan professor-müəllim heyətidir. Tədris prosesinin yüksək səviyyədə və eləcə də mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsi, dərslərin müasir interaktiv təlim metodları ilə, informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edilərək reallaşdırılmasına nail olunub. Tədrisin əyaniliyinin artırılması üçün texnoloji infrastruktur günün tələblərinə uyğun olaraq daim yenilənir. Universitetdə dərslər “ağıllı lövhələr”, noutbuklar, proyektorlar və planşetlərlə təmin olunmuş auditoriyalarda keçirilir. Elekron kitabxana da müasir tələblər səviyyəsində qurulub ki, tələbələr də onlardan məharətlə istifadə edirlər.

Müəllimlərin akademik bacarıqlarının aparılması istiqamətində də ciddi işlər həyata keçitrilir. Hər kəsə bəllidir ki, ali təhsil müəssisələri tərəfindən biznes mühitinə və bütövlükdə əmək bazarına təklif edilən insan kapitalının sözügedən bazarlardakı uğurları, nailiyyətləri, müvəffəqiyyətləri ilə onlara təhsil müəssisələrində məzmunu çatdırmış professor-müəllim heyətinin akademik bacarıqları arasında sıx bir korellyasiya mövcuddur. Məhz bunu nəzərə alaraq davamlı surətdə həm Elm və Təhsil Nazirliyinin, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşlarının təklif və tövsiyələri əsasında mütəmadi olaraq Universitetin professor-müəllim heyəti, eləcə də tyuter xidməti və tədrisə digər köməkçi heyətin akademik bacarıqlarının artırılması istiqamətində təlimlər və treninqlər təşkil olunur ki, bu da onların bacarıqlarının təkmilləşdirilməsi üçün geniş imkanlar yaradır. Universitetdə bunlarla bərabər, elmi-potensialın gücləndirilməsi istiqamətində də işlər yüksələn templə davam edir. Belə ki, Universitetin doktoranturasında fəlsəfə hazırlığı üzrə 5 ixtisas üzrə, elmlər doktoru proqramı üzrə 3 ixtisas üzrə kadr hazırlığı aparılır. Onlar da gələcəkdə universitetdə tədris prosesinə cəlb olunurlar ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa xidmət edir. Universitetdə ixtisaslaşdırılmış dissertasiya şurasının mövcudluğu da bu işin daha rahat şəkildə reallaşdırılmasına imkan yaradır.

Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında


Tədrisin və elmin beynəlmiləlləşdirilməsi AKU-nun prioritet istiqamətlərindən biridir. AKU ötən illərdə bir sıra xarici universitetlərlə ikili əməkdaşlıq memorandumu imzalayıb və təhsil müəssisəsi MDB-nin kooperasiya təhsil müəssisələri, eləcə də Almaniya, Avstriya, İspaniya, Rumınya, Bolqarıstan, İsveç, qardaş Türkiyə və Baltikyanı ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir.

Beynəlxalq əlaqələrini günü-gündən genişləndirən, tədris prosesinin idarə olunması və keyfiyyətini təkmilləşdirmək üçün ciddi stratregiya üzrə işləyən AKU Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” və Türkiyə Cümhuriyyətinin maliyyələşdirdiyi “Mövlana” mübadilə proqramına da qoşulub. Həmçinin Universitet 500 üzvü olan Avrasiya Universitetləri Birliyinin də üzvüdür.

Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında


Keyfiyyətli tədris prosesi ilə yanaşı, tələbələrin gələcəkdə ixtisasları üzrə işlə təmin olunması məsələsi də Universitetin əsas hədəflərindən biridir. Universitetin məzunlarını iş dünyasına hazırlamaq, gələcək karyeralarını planlaşdırılması, məşğulluq problemlərinin həllində məsləhətlər, maarifləndirmə və iş yerləri ilə əlaqələndirmə məqsədilə Universitetdə “Karyera Mərkəzi” də fəaliyyət göstərir. Bununla bağlı bir məsələ ötən il AKU-nun həyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində məzun olacaq tələbələr üçün təşkil olunmuş və 60-dan çox şirkətin iştirak etdiyi əmək yarmarkasını qeyd etmək olar. Eyni zamanda, son dövrlərdə bu istiqamətdə tələbələrə dəstək olmaq üçün Universitetin profilinə uyğun və ölkədə fəaliyyət göstərən bir çox iri müəssisə və təşkilatlarla, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturları ilə, AR Auditorlar Palatası, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, DOST Agentliyi, Kapitalbank, “Az-Granata” MMC, “Grand-Mart” MMC və s. ilə əməkdaşlıq müqavilələri imzalanıb.

Tələbələr tərəfindən tələb olunan praktik bacarıq və səriştələrin qazanılmasına dəstək olacaq. Universitetdə tələbələrin hərtərəfli inkişafı, asudə vaxtın səmərəli təşkil olunması üçün əlverişli mühit formalaşıb. Belə ki, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, “Kitab Klubu”, “Ekologiya Klubu”, “Koperasiya İdman Klubu” və s. fəaliyyət göstərir ki, tələbələr yaradılmış bu fürsətlərdən də istifadə edirlər. Bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində Universitetin iki nəfər tələbəsi - bir nəfər magistr və bir nəfər bakalavr olmaqla elmi işlərin nəticələrinə görə Rusiya Federasiyası Ural Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə Yekaterinburq şəhərində keçiriləcək Gənclərin XIV Avrasiya İqtisadi Forumunda iştirak hüququ qazanıblar.

Azərbaycan Kooperasiya Universiteti 60 illik yubileyi qarşısında


Müvafiq təhsil pillələrində yüksək akademik göstəricilərə və nailiyyətlərə malik olan məzunların Universitetdə qalıb işlə təmin olunması ilə yanaşı, elmi – pedaqoji fəaliyyətlə də məşğul olmaları istiqamətində bir sıra layihələr gerçəkləşdirilir.

Universitetdə imtahanların keçirilməsi mövcud qaydaların tələblərinə uyğun təşkil edilir. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın qorunması Universitetin dəyişməz mövqeyidir. Tələbələrin valideynlərinin də imtahan sessiyasına gəlib iştirak etmələri üçün zəruri şərait yaradılır. Tələbələrin motivassiyasını yüksəltmək üçün imtahan sessiyasında bütün fənlərdən “əla”, “A” qiyməti alan tələbələr təqaüd almaqla bərabər, təhsil haqqının ödənilməsindən də azad olunurlar.
Tələbələr respublikada həyata keçirilən könüllülər hərəkatı çərçivəsində reallaşdırılan və gələcəkdə nəzərdə tutulan beynəlxalq və regional tədbirlərdə də fəal iştirak etməklə, respublikamızın ictimai-siyasi həyatına da öz töhfələrini verməkdə davam edirlər və Universitetdə hər semestrin yekununda ən yaxşı tələbə (iki nəfər), ən yaxşı müəllim (iki nəfər), ən yaxşı kafedra müdiri (bir nəfər) və ən yaxşı dekan (bir nəfər) nominasiyaları üzrə də mükafatlandırma aparılır. Universitetdə tələbə yeməkxanası, tibb məntəqəsi, “AKU Arena” idman qurğusu da tələbələrin ixtiyarındadır.

Universitet rəhbərliyi abituriyentlərə tövsiyə edir: “Əgər siz gələcək karyeranızı qurarkən məhz AKU-nu seçərsinizsə, biz Universitet olaraq sizin üçün əlverişli təhsil mühiti və asudə vaxtınızın səmərəli təşkili üçün var gücümüzlə çalışacağıq. Uğurlu təhsil və karyera pilləsinə AKU ilə birlikdə yüksəlin. Biz sizləri böyük məmnuniyyətlə gözləyirik”.

Onu da qeyd edək ki, abituriyentlər AKU barədə təsəvvürlərini təkcə Universitet rəhbərliyinin müraciətindən deyil, eləcə də bu ali təhsil müəssisəsində təhsil alan tələbələrin, məzunların, onların valideynlərinin, ictimaiyyət nümayəndələrinin son vaxtlar sosial şəbəkələr və müxtəlif internet platformaları üzərindən bildirdikləri rəyləri oxumaqla da dəqiqləşdirə bilərlər. Sonda rast gəldiyimiz həmin rəyləri oxucularımızla bölüşürük.

Ülvi Səmədzadə: “Ölkəmizin ən öndə gedən universitetlərindən olan Kooperasiya Universitetinin məzunu kimi rahatlıqla deyə bilərəm ki, bu universitetin müəllimlərinin şagirdlərə verdiyi təhsilin və göstərdiyi qayğının nəticəsində bir çox tələbə yoldaşlarım və mən ölkəmizin fərqli - fərqli dövlət qurumlarına və yüksək nüfuza malik olan şirkətlərinə rahatlıqla işə qəbul olub karyeramızı qurmuşuq. Həqiqətən də bu universitetin təhsilinin və müəllimlərin təcrübəsinin həyatımıza verdiyi töhfə danılmazdır. Təşəkkürlər, Kooperasiya Universiteti!”:

Günel Bünyatova: “Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olmağıma görə özümü çox şanslı tələbə hesab edirəm. Ümid edirəm ki, qalan iki il təhsil müddətində savadlı müəllimlərin töhfəsini alacağam”.

Mənzər Məmmədova: “Kooperasiya Universitetinin tələbəsi olaraq dərs sisteminin keçirilməsindən və müəllimlərin tələbələrə olan qayğısından çox razıyam”.

Məhəmməd Əhmədov: “Mən Universitetin tələbəsi olaraq başda Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev olmaqla, digər səlahiyyətli şəxslərə və müəllim heyətinə öz dərin təşəkkürümü bildirirəm ki, bizim yüksək təhsil almağımıza kömək edirlər”.

Kəmalə Misirzadə: “Mənim oğlum da AKU - nun Ekologiya fakültəsində təhsil alır. Burada təhsillə yanaşı, tələbələrin içtimai işlərdə də fəal iştirakına şərait yaradılır. Müəllimlə tələbə arasında olan gözəl münasibətə çox az universitetlərdə rast gəlmək olar”.

Meydan Məmmədov: “Mənim övladım da Koperesiya Unverstetinin tələbəsidir. Çox razıyam, şükür Allaha, çox gözəl dərslər keçirlər”.

Xanım Qədirzadə: “Kooperasiya Universitetinin bir tələbəsi olaraq deyərdim ki, təhsil səviyyəsi olduqca yüksəkdir, müəllim heyəti olduqca savadlıdır”.

Könül Əliyeva: “Mən Universitetimizin qabaqcıl tələbələrindən biri olaraq keçirilən təhsil sistemindən cox razıyam. Yüksək ixtisaslı müəllim heyəti və savadlı kadr potensialı Universitetdə təhsil və tədrisin üst səviyyədə olmasının başlıca göstəricisidir. Bütün bu keyfiyyətləri nəzərə alaraq qeyd edə bilərəm ki, Universitetimizdə təhsil sistemi yüksək səviyyədə həyata keçirilir”.

Qulu Həsənov: “Koorperasiya Universiteti vaxt keçdikcə daha da yüksək səviyyədə inkişaf edir. Bu, o deməkdir ki, bu təhsil ocağında tələbələr ən yüksək səviyyədə təhsil alır. Bu, onların gələcək uğurları üçün zəmin yaradır. Bu sevindirici məqamdır. Bu və digər keyfiyyətləri nəzərə alaraq Kooperasiya universitetində təhsil almağı hər kəsə məsləhət görürəm”.

Çingiz İbrahimli: “Azərbaycan Kooperasiya Universiteti illərdir ki, ölkəmizdə kadr potensialının formalaşmasında, savadlı və dövlətçilik təfəkkürlü mütəxəssislərin hazırlanmasında fəal iştirak edir”.

Hidayət Hüseynov: “Əlbəttə, Kooperasiya Universiteti Azərbaycanın ən yaxşı universtetlərindən biridir. Sözsüz ki, Kooperasiya Universitetində təhsil üst səviyyədə keçirilir. Mənim fikrimcə, ali təhsil almaq üçün çox gözəl universitetdir və xarici ölkələrin ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq edir. Təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl olaraq işlər davam etdirilir. Günü-gündən Kooperasiya Universiteti daha da inkişaf edir və mükəmməlləşməyə doğru gedir”.

Nərmin Mehdizadə: “Yüksək ixtisaslı, savadlı kadr yetişdirən ən gözəl universitetlərdən biri Azərbaycan Kooperasiya Universitetidir! Abituriyentlərə sənəd qəbulunda AKU-nu seçməyi mən də tövsiyə edirəm”.

Akif Kərimli: “İxtisaslı mütəxəssis və cəmiyyət üçün əsl vətəndaş yetişdirən, peşəkar ənənələri olan Kooperasiya Universitetini 30 il əvvəl bitirmişəm. İndi də oğlum hazırlaşır Kooperasiya Universitetinə qəbul olunmaq üçün. Allah xeyirlisini qismət eləsin”.

Əkbər HÜSEYNZADƏ
“Təhsil-press.az” İnformasiya Agentliyinin baş redaktoru


Tehsil-press.az

Oxşar xəbərlər