Şagirdlərin səhhətinə mənfi təsir edən AĞIR ÇANTALARA HƏLL YOLU: Dərsliklərlə bağlı ELEKTRON FORMATa keçilir?

Şagirdlərin səhhətinə mənfi təsir edən AĞIR ÇANTALARA HƏLL YOLU: Dərsliklərlə bağlı ELEKTRON FORMATa keçilir? “Bir şagirdin 1-ci sinifdən 11-ci sinifə qədər təhsil aldığı müddətdə onun dərslik xərcləri üçün bir planşetin qiymətindən 1.5 dəfə çox pul ödənilir”.

Bunu təhsil eksperti Elşən Qafarov Referans.az-a məktəb dərslikləri ilə bağlı problemlərdən danışarkən deyib.

“Azərbaycan Respublikasında dərsliklərin hazırlanması və çapı 23 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə tənzimlənir. Məktəbəhazırlıq və birinci sinif üçün dərsliklər bir il müddətinə, tam orta təhsil səviyyəsi üçün olan dərsliklər beş il müddətinə, digər siniflər üçün isə dərsliklər dörd il müddətinə hazırlanır. Dərsliklər çap olunarkən bir dərslik şagirdlərin 105 faizi üçün çap olunur, qalan 4-5 il ərzində isə əlavə olaraq 45 faiz də çap olunur. Əlavə hissə isə itən, sıradan çıxan kitabların yerinə nəzərdə tutulub. Dərsliklərin hazırlanması və çap olunması qaydalarına görə, dərsliklər dərs ilinin başlamasına azı iki ay qalmış çapı başa çatmalı və tədris prosesinin başlamasına azı bir ay qalmış məktəblərə çatdırılmalıdır. Bir çox hallarda məktəblərdə dərsliklərin qorunması qaydalarına riayət olunmur”.

Ümumitəhsil məktəblərinin kitabxanasının nümunəvi əsasnaməsi mövcuddur. Bu əsasnaməyə əsasən, şagird kitabı itirərsə və ya yararsız hala salarsa, bu kitabın 10 misli qədər ödəniş etməlidir. Amma bunun mexanizmi göstərilməyib.

Dərsliklərin PDF formatında istifadəsinə gəldikdə isə ekspert ölkədə bunun əsaslarının olduğunu lakin hələ tətbiqinə başlanılmadığını deyib. Səbəb isə şagirdlərin lazımi resurslarla təmin olunmamasıdır.

“24 oktyabr 2013-cü il tarixində ölkə Prezidentinin 13 nömrəli sərəncamı ilə “Təhsilin inkişafına dair” dövlət strategiyası qəbul olunub. Həmin dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlər planı 19 yanvar 2015-ci ildə 995 nömrəli sərəncamla təsdiq olunur. Həmin tədbirlər planının 4-cü istiqamət üzrə nəzərdə tutulmuş hədəf və tədbirlərində göstərilir ki, dövlət məktəblərində ümumi orta təhsil səviyyəsində 5-9-cu sinifdə şagirdləri planşetlə təmin etməliyik. Çox təəssüflər olsun ki, bunu edə bilmədik. Bunu etsəydik, ən azından kağız daşıyıcılar olan kitablara ehtiyac azalardı. Bu baxımdan məsrəflər də azalardı. Nəticə etibarı ilə bu gün məktəblərdə kitab çatışmazlığı və bu kimi digər problemlər də olmazdı”.

Tehsil-press.az

Oxşar xəbərlər