Azərbaycanda repetitorluğun qarşısı alınır?

Azərbaycanda repetitorluğun qarşısı alınır? "İllərdir ölkəmizdə ailə büdcəsinə ağır yük olan repetitor fəaliyyətinin əsas səbəbləri təhsil sistemindəki müəyyən boşluqlar və problemlərlə bağlıdır. Halbuki, dövlət tərəfindən məktəblərdə müəllim və şagirdlər üçün yüksək təhsilə hər cür şərait yaradılıb. Bəs hələ də şagirdləri repetitor yanına getməyə hansı amillər məcbur edir?".

Bunu açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, bəzi valideynlər məktəbdə potensial görmədiyi üçün repetitor xidmətindən istifadəyə üz tutur:

"Bunlara misal olaraq "fərdi yanaşma", "daha yüksək nəticələr", "fokuslanmış təhsil", "inam və motivasiya" və.s amilləri sadalamaq mümkündür. Bununla yanaşı "təhsil sistemində çatışmazlıqların göstəricisi", "maddi yük", "aslılıq", "təhsil bərabərsizliyi", "stress və yüklənmə", "keyfiyyətsiz repetitorlar" olaraq da mənfi nəticələri mövcuddur. Niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu təqdirdə, əlavə olaraq valideynlərin şəxsi büdcəsi hesabına övladları repetitor yanına getməlidir? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Deyərdim ki, bu problemin ən başlıca səbəbi məktəblərdə olan tədris sistemi və bəzi işini düzgün bacara bilməyən məsullardır. Hər bir valideyn övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Lakin məktəbdə gələcəyi üçün bir potensial görmür və bu səbəbdən də repetitor xidmətindən istifadəyə üz tutur. Bu da öz növbəsində həmin sahəyə tələbi artırır".

Ekspert tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməli olduğunu bildirir.

"Mütləqdir ki, repetitorluq fəaliyyətinə səbəb olan problemlər müntəzəm olaraq monitorinq edilməli və məktəblərdə problemlərin səbəbləri aradan qaldırılmalıdır. Bu məsələni həll etmək üçün məktəblər, təhsil sisteminin digər komponentləri ilə birgə, bir sıra addımlar da atmalıdırlar. Məsələn tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməlidir. Müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür.Dərslik və proqramlarını yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü və ya nəzəri materialları azaltmaq lazımdır. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Daha sonra məktəb daxilində pulsuz əlavə məşğələlər və konsultasiyalar təşkil edilə bilər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Universitetlərə qəbul yalnız testlərə deyil, digər bacarıqlara əsaslanan müvafiq seçim mexanizmlərinə keçid etməlidir", deyə, o, qeyd edib..

F.Əliyev deyir ki, orta məktəblərdə təhsilin səviyyəsi artmış olsa şagirdlərin repetitor dəstəyinə ehtiyacı olmayacaq.

"Orta məktəb təhsili elə səviyyədə təşkil olunmalıdır ki, şagirdlər repetitor dəstəyinə ehtiyac hiss etməsinlər. Məktəblərdə əlavə kurslar, məşğələlər və s. təşkil edilməlidir. Bunlar həm şagirdlərə dəstək, həm də repetitorluğa alternativ ola bilər. Düşünürəm ki, valideynlərlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır. Onlara repetitorluq yerinə məktəb resurslarından necə istifadə ediləcəyi izah edilməlidir. Valideynlər məktəblərdəki dəyişikliklərdən xəbərdar edilməli və onların dəstəyi alınmalıdır. Bu addımlar atılacağı təqdirdə təhsil sistemindəki boşluqları azaldaraq şagirdlərin məktəb təhsilinə olan inamını artırmağa kömək edə bilər. Məqsəd yalnız repetitorluğun qarşısını almaq deyil, təhsil keyfiyyətini yüksəltmək olmalıdır", deyə ekspert əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər