Səhiyyə Nazirliyində işçi qrupunun növbəti iclası keçirilib

Səhiyyə Nazirliyində işçi qrupunun növbəti iclası keçirilib Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ötən ilin sentyabr ayında “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb.

Sağlamlıq turizminin davamlı inkişafının təmini və Sərəncamda qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə İşçi qrupu yaradılıb. İşçi qrup tərəfindən hazırlanmış təkliflərin müzakirəsi üçün martın 14-də Səhiyyə Nazirliyində İşçi qrupunun növbəti iclası keçirilib.

Səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən İşçi qrupunun iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutunun, Səhiyyə Nazirliyinin, Elm Və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naftalan Şəhər İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən İlqar Qasımov Naftalanın sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıb. İclasda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin İşçi qrupu tərəfindən aparılan işlər üzrə məruzəsi dinlənilib və şöbənin baş məsləhətçisi Nigar Nəzərlinin hazırlanan təkliflərə dair təqdimatı nümayiş olunub.

İclasda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun Baş direktoru Ulduz Həşimova, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva və Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri Eldar Qarayev məruzələrlə çıxış ediblər.

Sonda İşçi qrupu tərəfindən görülən işlər üzrə və planlaşdırılan növbəti addımlara dair müzakirələr aparılıb.

Qeyd edək ki, İşçi qrupunun iclasının məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasının təmin edilməsidir. Eyni zamanda, yeni tibbi araşdırmaların aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair İşçi qrupu tərəfindən təkliflər hazırlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər