“ADPU 2030 Strateji İnkişaf Planı”nın hazırlanması üçün işçi qrupları yaradılır

“ADPU 2030 Strateji İnkişaf Planı”nın hazırlanması üçün işçi qrupları yaradılır Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.
İclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov tədris ilinin başlanmasından keçən qısa zamanda universitetdə beynəlxalq əlaqələrin inkişafı, ictimai-sosial tədbirlər və elmi-pedaqoji layihələrin icrası baxımından xeyli iş görüldüyünü diqqətə çatdırıb.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU 2030 Strateji İnkişaf Planı”nın hazırlanması haqqında məruzə ilə çıxış edərək, bununla əlaqədar işçi qrupların yaradılacağını bildirib. Onun sözlərinə görə, qrafik üzrə işçi qrupların hazırladıqları təkliflər əsasında yekun strateji plan təsdiqlənəcək. Nəzərdə tutulan əsas strateji istiqamətlər üzrə İnnovativ tədris, öyrənmə və qiymətləndirmə üsulları işçi qrupu, Elm işçi qrupu, Beynəlmiləlləşdirmə işçi qrupu, Tələbə mərkəzli yanaşma işçi qrupu, Əmək bazarı ilə əlaqə işçi qrupu, Daxili keyfiyyət təminatı işçi qrupu və İnfrastruktur və rəqəmsallaşma işçi qrupu yaradılacaq.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya komissiyasının yekun hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasına dair ADPU-nun Fəaliyyət Planı layihəsinin müzakirəsi haqqında hesabatı təqdim edən Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov bildirib ki, yekun akkreditasiya hesabatında göstərilən 77 tövsiyə üzrə əsas istiqamətlər üzrə görüləcək işlər fəaliyyət planı layihəsində əks olunur. Bunlar universitetin inkişaf strategiyası, keyfiyyət təminatı, audit və özünüqiymətləndirmə hesabatları, idarəetmə, tədris, infrastruktur və beynəlmiləlləşmə kimi sahələri əhatə edir.
Cari məsələlərin müzakirəsində dərslik və monoqrafiyaların nəşrinə icazə verilməsi, professor və dosent elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması və s. müzakirə olunub.
Yekunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az



Oxşar xəbərlər