Şəhidlərin izində: Apreldən Zəfərə - Naxçıvan Dövlət Universitetində tədbir VİDEO

Şəhidlərin izində: Apreldən Zəfərə - Naxçıvan Dövlət Universitetində tədbir VİDEO Naxçıvan Dövlət Universitetində Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Şəhidlərin izində: Apreldən Zəfərə” adlı tədbir keçirilib. Tədbir universitetin Təcrübə və məzunlarla iş bölməsinin, NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziyada təcrübədə olan universitetin son kurs tələbələrinin və Gimnaziyanın müəllim, şagird kollektivinin təşkilatçılığı ilə hazırlanıb.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil ocağının İncəsənət fakültəsində baş tutan tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Aprel döyüşlərini tarixi hadisə kimi qələbəyə aparan yolun başlanğıcı hesab etdiyini söyləyib. Qeyd edib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib və biz daim şəhidlərimizi böyük ehtiramla xatırlamalıyıq. Rektor əlavə edib ki, bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Nəhayət həmin gün gəlib çatdı və xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail oldu.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova, Naxçıvan şəhər Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın hərbi müəllimi, ehtiyatda olan polkovnik-leytenant Aqşin Məmmədov çıxış ediblər. Natiqlər qeyd ediblər ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

Daha sonra şəhid Rasim Məmmədovun, Qabil Orucəliyevin, Fuad Əlizadənin, Emin Sadiqovun, Elnur Zeynalovun ailə üzvləri və qazilər çıxış edib igid oğullarımızın qəhrəmanlıq nümunələrindən, vətən sevgisindən, müasir Azərbaycan Ordusunun gücündən, texniki imkanların yüksək səviyyədə olmasından danışıblar.

Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov bildirib ki, Gimnaziyada ilk dəfədir tələbələr təcrübə keçib və onların şəhidlərimizə həsr olunan tədbir təşəbbüsləri təqdirəlayiqdir. Nazim Rəhimov Universitetin Təcrübə və məzunlarla iş bölməsinə, təcrübəçi tələbələrə təşəkkürünü
bildirib və tədbirdə iştirak edən şagirdlərin hər birinə uğurlar arzulayıb.

Tədbir NDU-nun nəzdində Gimnaziyanın şagirdlərinin təqdimatında bədii səhnə kompozisiyası və qiraətlər ilə davam edib. “Fəryad” filmindən səhnəcik, “Onların səsi” adlı video təqdimat, Xudayar təsnifi ilə “Zəfər yolu” videoçarxı, kamança müşayiət ilə “Mən şəhidəm” monoloqu, xor və ansambl müşayiəti ilə “Qarabağ can Qarabağ” musiqisi ifa olunub.

Tehsil-press.az

Oxşar xəbərlər