Zəfər Günü - Türk dünyasının ən şanlı tarixi

Zəfər Günü - Türk dünyasının ən şanlı tarixi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları öncə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Həmçinin UNEC Dizayn Məktəbi tələbələrinin Zəfər Gününə həsr etdikləri rəsm əsərləri ilə tanış olublar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı tədbirdə çıxış edərək, Vətən müharibəsində qazanılan Zəfərdən söz açıb. O, xalqın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, torpaqlarını işğaldan azad etdiyini vurğulayıb.
UNEC-in rektoru professor Ədalət Muradov Vətən müharibəsində qazanılan qələbəni son 200 ildə Türk dünyasının ən şanlı tarixi adlandırıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti sayəsində Azərbaycanın bütün dünyada qalib xalq kimi tanındığını söyləyib. Vətən uğrunda şəhid olan UNEC-in 48 tələbə və məzununun xatirəsinin hər zaman əziz tutulacağını deyən Ədalət Muradov, həmin şəhidlərin məzarlarından bir ovuc torpağın gətirilərək, UNEC muzeyində saxlanılacağını bildirib.
Sonra UNEC-in məzunu olmuş Vətən müharibəsi şəhidi Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxış edərək, Şanlı Zəfərin qazanılmasında övladının da payının olmasından qürur duyduğunu ifadə edib. O, Zəfər Günündə bütün şəhidlərin ruhunun şad olduğunu deyib.
UNEC-in tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev isə Zəfərə aparan yolun Vətənə olan sonsuz sevgidən qaynaqlandığını qeyd edib.
Tədbir ədəbi-musiqili proqramla davam edib.
Zəfər Günü münasibətilə UNEC-in bütün tədris binalarındakı monitorlarda şəhidlərə və Zəfər tariximizə həsr olunan videoçarxlar da nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər