
Sosioloq Elçin Bayramlı baş verənləri “rəzalət” və “biabırçılıq” adlandırıb:
“Belə neqativ halların təbliği qəsdən aparılır. Bunun başqa izahı yoxdur. Təxminən 20 ildir, özəl televiziyalar açıq şəkildə xalqımıza qarşı mənəvi terror həyata keçirir. Televiziya tam nəzarətsiz məkandır. Buna görə də hansısa qüvvələr bəzi xarici mərkəzlərdən aldıqları tapşırıqlar əsasında gecə-gündüz özbaşınalıqların, cinayətlərin təbliğatını aparırlar”.
Sosioloq bildirib ki, belə verilişlər bağlanmalıdır:
“Ölkədə bir qram da olsa, milli-mənəvi dəyər qalıbsa, onlar efirdən kənarlaşdırılmalı, hətta həbs olunmalıdırlar. Əhalinin fiziki və mənəvi sağlamlığını qorumaq dövlətin borcu və vəzifəsidir. Nə qədər ki bu hallar davam edəcək, ölkədə kriminal hadisələrin, narkomaniyanın sayı sürətlə artacaq, mənəvi çöküşə doğru gedəcəyik. Gənc nəslin tərbiyəsi məhv edilib, efirlərdə ancaq neqativ şeylər təbliğ olunur. Bunun da adı mənəvi terrordur”.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tehsil-press.az