Termiz İqtisadiyyat və Xidmət Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub

Termiz İqtisadiyyat və Xidmət Universitetinin nümayəndə heyəti  Azərbaycan Universitetində olub Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universitetinin (Termez University of Economics and Service) nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Ziyarətin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Nümayəndə heyətləri arasında keçirilən görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev, kafedranın müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Oruc Qasımlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Termiz İqtisadiyyat və Xidmət Universitetini isə bu ali məktəbin təsisçisi Jamshid Pardaev, Beynəlxalq əməkdaşlıq üzrə prorektor Shavkat Otamurodov, universitetin klinikasının baş həkimi Ilyos Hursandov, şöbə müdiri Chorashanbi Usmonov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Shaturaev təmsil edib.

Görüşdə qonaqlara Azərbaycan Universitetinin tarixi və fəaliyyəti, fakültə və ixtisasları, beynəlxalq əlaqələri, elmi fəaliyyəti və yeni uğurları, o cümlədən beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat verilib. Termiz İqtisadiyyat və Xidmət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Shaturaev təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib.

Mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə tərəflər birgə konfransların və digər elmi tədbirlərin təşkili, müştərək tədqiqatların aparılması, tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Onları dil, din, tarix və milli kimlik bir-birinə bağlayır. Ölkə başçılarının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri hər sahədə güclənməyə davam edir. Elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması iki qardaş ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olacaq.

Görüş başa çatandan sonra qonaqlar universitetin tədris binası, auditoriyaları, mərkəz və laboratoriyaları ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər