
Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulub və sözügedən 6 aylıq müddətdə işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə Qanunun 49-1-ci maddəsinin 11-ci hissəsinin 1-ci cümləsinə müvafiq dəyişiklik təklif olunub.
Nəzərə alaq ki, digər sahələrdə daha uzun müddətə möhlət verilir. Məsələn, qanunvericiliyə görə sertifikatlaşdırmadan keçməyən müəllim bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdir.
Tibb işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək
Bəs, həkimlərə niyə 6 ay möhlət tanınır?
Suala Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əvvəlki prodsedura görə, tibb işçisi sertifikasiya imtahanından kəsildikdə onun iş yeri saxlanılmaqla növbəti imtahana hazırlaşmaq üçün 6 ay möhlət verilirdi:
“Əgər həmin şəxs ikinci sertifikasiyadan uğurla keçərdisə, o zaman o öz fəaliyyətini davam etdirə bilərdi. Keçmədiyi təqdirdə əmək müqaviləsinə xitam verilir. Lakin mövcud qanunvericilikdə tam aydınlaşmırdı ki, ilk sertifikasiyadan keçə bilməyən şəxsin ilk 6 ayda əmək haqqı saxlanılır, yoxsa necə...
Bir sözlə bu məsələ ilə bağlı mövcud qanunvericilikdə müəyyən anlaşılmazlıqlar vardı. Bu səbəbdən də tibb müəssisələrin rəhbərləri bu məsələyə fərqli cür yanaşırdı. Artıq yeni qanun layihəsində aydın şəkildə göstərilir ki, sertifikasiyadan keçməyən tibb işçisi 6 ay müddətində iş yeri saxlanılmaqla hər ay maaşını ala bilər. Bu zaman işçi praktiki tibb fəaliyyətindən başqa digər funksiyalarını icra edir.
Tibb işçisinə işə gəlməsinə ona görə qadağa qoyulur ki, əvvəlki qanunvericilikdə sertifikasiyadan keçə bilməyən tibb işçisi işini davam etdirə bilərdi, lakin əlavə praktik biliklər qazanması üçün oan icazə verilmirdi. Yeni qanuna görə isə sertifikasiyadan keçməyən tibb işçisinin əmək haqqı saxlanılmaqla ona imkan verilir ki, yeni praktik biliklər əldə etsin və növbəti imtahana daha yaxşı hazırlaşsın. Nəzərə alaq ki, burada müəyyən risqlər, ona etibar edilən insan sağlamlığı faktoru var. Ona görə də həkimlər 6 aylıq möhlət hüququ verilir”.
Müsahibimiz əlavə edib ki, mövcud qanunvericilk imkan vermir ki, tibb işçisi işləyə-işləyə praktik biliklərini artırsın:
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna ediləcək dəyişiklikdə artıq bu qadağa aradan qaldırılır. Qanuna “davamlı peşəkar inkişaf” anlayışı daxil edilir. Bu o deməkdir ki, tibb işçisi davamlı olaraq öz peşəsini təkmilləşdirmək üçün kurslara, masterklasslara və konfranslara qoşula bilər. Hansılar ki, Səhiyyə Nazirliyi tərəfindən tanınır və kredit balı verir. Bir il üçün 50 bal müəyyən edilib. Əgər tibb işçisi öz praktik biliklərini artırmaqla hər il 50 bal toplasa, o zaman onun sertifikasiya imtahanına girməyə lüzum qalmır. Beləliklə həmin tibb işçisi növbəti 5 il üçün tələb olunan şəhadətnaməni alacaq.
Bu ona görə edilir ki, hər bir tibb işçisi özünün praktik və nəzəri biliklərini artırsın. İştirakçısı olduğu masterklasslar, konfranslar və oxuduğu tibbi məlumatlar onun inkişafına təkan versin.
Şəxsi qənaətim budur ki, təklif olunanlar çox mütərəqqi dəyişikliklərdir. Bu mütərəqqi layihələri tətbiq edildikcə digər sahələrdə çalışanlar da öz praktik və nəzəri biliklərini artırmaqda daha maraqlı olacaqlar”.
Tehsil-press.az