“Mən diplomat ola bilmədim” - Mixail Qusman və Azərbaycana xidmət edən oğlu

“Mən diplomat ola bilmədim” - Mixail Qusman və Azərbaycana xidmət edən oğlu Rusyanın şovinist jurnalist və blogerləri bir neçə gün öncə TASS agentliyi baş direktorunun birinci müavini vəzifəsindən azad edilmiş Mixail Qusmandan əl çəkmirlər. Moskvada nəşr olunan müxtəlif KİV-lər Rusiyanın Əməkdar mədəniyyət işçisi və Əməkdar jurnalisti Mixail Qusmana qarşı qərəzli yazıları, əsassız tənqidləri bu gün də davam etdirirlər. Bu yazılarda Qusman Xankəndidə keçirilmiş anti-Rusiya tədbirində iştirak etməkdə, Azərbaycana sevgi bəsləməkdə ittiham olunur.

Artıq hamıya bəllidir ki, Mixail Qusmanın işdən çıxarılmasının kökündə nələr dayanır. Qusman 19-21 iyul tarixlərində Xankəndidə keçirilən III Qlobal Şuşa Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə sual verərkən ondan unikal xarici diplomatiyası, çoxvektorlu siyasəti, etibarlı tərəfdaşlığının nədən qaynaqlandığını soruşmuş və bunun təməl prinsiplərini sadalamasını xahiş etmişdi.

Təbii ki, Mixail Qusmanın Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik və “çalxalanma” fonunda Prezident İlham Əliyevə bu cür sual ünvanlaması Moskvadakı siyasi dairələrdə müsbət qarşılana bilməzdi. Elə buna görə də Qusman Rusiyaya qayıdan kimi - iyulun 24-də Baş nazir Mixail Mişustinin sərəncamı ilə 1999-cu ildən bəri çalışdığı vəzifəsindən azad edildi.

Mixail Qusmanın işdən çıxarılması Moskvanın Bakıya qəzəbinin açıq ifadəsi, Kremlin adi bir suala dözümsüzlüyünün göstəricisidir. Rusiya rəhbərliyi Qusmanın Azərbaycana müsbət yanaşmasını həzm edə bilmədi. Rəsmi Moskva TASS kimi strateji qurumun inkişafında, beynəlxalq əlaqələrinin qurulmasında xüsusi xidmətləri olan jurnalistə qarşı çox böyük ədalətsizlik etdi.

Mixail Qusman uzun illərdir Moskvada yaşayıb işləməsinə baxmayaraq, həmişə özünü bakılı kimi təqdim edib və bunu bütün müsahibələrində qürurla səsləndirib. O, Rusiya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayan az sayda tanınmış simalardandır.

Mixail Solomonoviç Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində doğulub. O, Qusmanlar ailəsinin ikinci oğludur. Böyük qardaşı Yuli 8 avqust 1943-cü ildə anadan olub.

Qardaşların atası Solomon Moiseyeviç Qusman hərbi həkim, II Dünya müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytenant olub. Anası Lola Yuliyevna Barsuk isə əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru işləyib.

Solomon Qusman vaxtilə Belarusun Çaus rayonundan Bakıya köçmüş yəhudilərdən idi.

Qardaşlar uşaqlıqlarını Bakının mərkəzində keçiriblər, onlar Montin küçəsindəki köhnə evdə, 2-ci mərtəbədəki kommunal mənzildə yaşayıblar. Qusman qardaşları xarakterlərindəki fərqliliklərə baxmayaraq, dost kimi böyüyüblər və həmin illərin ziyalıları - yazıçılar Rüstəm və Maqsud İbrahimbəyovlar, bəstəkarlar Leonid Vaynşteyn və Fərəc Qarayevlə eyni sosial dairəyə malik olublar.

Böyük qardaş Yuli 1966-cı ildə Azərbaycan Tibb İnstitutunu psixiatr ixtisası üzrə bitirsə də, başqa yol seçdi. Belə ki, o, 1973-cü ildə SSRİ Dövlət Kino Komitəsinin nəzdində ssenari müəllifləri və rejissorlar üçün iki illik ali kursu başa vuraraq, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor vəzifəsində çalışmağa başladı. Yuli Qusman 1981-ci ildə rejjisor kimi iki hissəli “Qorxma mən səninləyəm” macəra filmini çəkdi. Bununla yanaşı, o, Bakının Şən və Hazırcavablar Klubunda (ŞHK) oynayır, həvəskar tamaşalarda iştirak edirdi.

Yuli Qusman 1976-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının bədii rəhbəri olub, sonra xaricdə - ABŞ, Yaponiya və Çində çalışıb. 1988-ci ildə Moskvaya köçdükdən sonra Mərkəzi Kinematoqrafçılar Evinin direktoru vəzifəsini tutub, Dövlət Dumasının deputatı seçilib, 1996-2000-ci illərdə ORT telekanalında “Tema” publisistik verilişinin, “Yuliy Qusmanla axşam” tok-şousunun aparıcısı olub.

O, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının, Jurnalistlər İttifaqının, Kinematoqrafçılar İttifaqının üzvüdür. Uzun müddət ŞHK münsiflər heyətinin daimi üzvü olub. Y.Qusman hələ 1964-cü ildə - tələbəlik dövründə dostları ilə birlikdə Bakı Şən və Hazırcavablar Klubuni yaradıb, onun kapitanı olub, dəfələrlə SSRİ çempionu titulunu qazanıb.

Yuli Qusman Rusiyanın Əməkdar mədəniyyət işçisi, Xalq artistidir, “Dostluq” ordeni ilə təltif edilib, eyni zamanda Azərbaycanın Əməkdar mədəniyyət işçisidir.

Onun həyat yoldaşı Validə Muradovna xarici dil müəllimi, alimdir, ABŞ-ın Corctaun Universitetinin keçmiş professorudur. Cütlüyün yeganə övladı Lola Nyu-Yorkda iki universitet və hüquq məktəbini bitirib, hazırda ABŞ-da yaşayır. Lola ingilis kökənli aristokrat Ceyms Rid Stüart Bremnerə ərə gedib. Onların Maksimilian adlı oğlu və Nadejda adlı qızı var.

Kiçik qardaş Mixail Qusman uşaqlıqda diplomat olmaq arzusunda idi, lakin onun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunmaq istəyi baş tutmadı. Sonra o, Bakıdakı Xarici Dillər İnstitutunu seçdi.

Mixail Qusman 1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. 1973-cü ildə isə Bakı Ali Partiya Məktəbini başa vurub. 1973-1986-cı illərdə Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini olub.

1986-cı ildə Mixail Qusman Moskvaya köçüb.

1991-1995-ci illərdə "İnfomol" İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru, 1995-1998-ci illərdə ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti işləyib.

Mixail Qusman 1998-ci ildə Rusiyanın dövlət informasiya agentliyi olan TASS-da (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) işə başlayıb. 1999-cu ilin noyabrında baş direktorunun birinci müavini təyin edilib və 2025-ci il iyulun 24-dək bu vəzifədə çalışıb.

Televiziya sahəsində də geniş fəaliyyəti olan M.Qusman 2000-ci ildən ORT telekanalında yayımlanan “Hakimiyyət formulu” (“Formula vlasti”) verlişinin müəllifi və aparıcısı olub. O, 2001-ci ildə Rusiyanın Əməkdar mədəniyyət işçisi, 2018-ci ildə isə Əməkdar jurnalisti fəxri adları ilə təltif olunub, Dövlət Mükafatı laureatıdır.

Mixail Qusmanın müəllifi və aparıcısı olduğu “Hakimiyyət formulu” verilişinin ideyası BMT-nin 2000-ci ildə Nyu-Yorkda keçirilən sammitindən sonra bütün dövlət başçılarının birlikdə çəkildiyi fotodan qaynaqlanıb. O, həmin şəkli görəndə fikirləşib ki, yüksək rütbəli insanlardan - dövlət başçılarından müsahibə alaraq, onların televiziya portretini çəkməyə çalışmaq çox maraqlı olar. Beləliklə, M.Qusmanın dünya liderləri ilə müsahibələrinin əks olunduğu qlobal layihə işə düşüb. Verilişin ilk qəhrəmanı isə Qusmanın əxlaqi və insani prinsiplərinə görə yüksək qiymətləndirdiyi Çexiyanın o vaxtkı rəhbəri Vatslav Havel olub. Uğurlu müsahibə üçün proqramın müəllifi “Versage”dən sarı qalstuk taxıb və o vaxtdan bu qarderob detalı onun iş talismanına çevrilib.

Mixail Qusmanın jurnalist kamerası Çin Xalq Respublikasının sədri Hu Cintao, Polşa prezidenti Aleksandr Kvasnevski, İordaniya kralı II Abdullah, İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ prezidentləri kiçik Corc Buş və Barak Obama, Liviyanın edam edilmiş lideri Müəmmər Qəddafin, Almaniya kansleri Angela Merkelin və bir çox başqa şəxslərin həyatını lentə alıb. 2017-ci ildə verilişin qəhrəmanlarının sayı 350-ni ötüb və bu, bir növ dünya rekorduna çevrilib.

Yeri gəlmişkən, “Hakimiyyət formulu” verilişinin 2022-ci ilin əvvəlindəki buraxılışı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Prezident İlham Əliyevin 60 illik yubileylərinə həsr olunmuşdu.

Jurnalistin televiziya işi kitab yaradıcılığında da öz əksini tapıb: o, dünya liderlərindən aldığı müsahibələri kitab seriyası şəklində çap etdirib. 2005-ci ildə M.Qusman “Hakimiyyət formulu: qızıl qalstukda 55 müsahibə” kitabını nəşr etdirib. 2010-cu ildə “Hakimiyyət formulu: qızıl qalstukda 60 müsahibə” nəşri işıq üzü görüb.
Seriyanın sonuncu, 5-ci cildi bu ilin yanvarında işıq üzü görüb.

“Hakimiyyət formulu” verilişinin qonaqlarından – dövlət başçılarından danışarkən Mixail Qusman maraqlı məqamlardan bəhs edib: “Son 20 il ərzində mən dövlət və hökumət başçıları, dünyanın ən böyük siyasətçilərindən 400-dən çox müsahibə almışam. Və məndən soruşsanız ki, bu seriyada ən maraqlısı nə olub, cavab verəcəm: canlı ünsiyyət. Söhbət etdiyim adamın gözlərinin içinə baxmaq, fikir və mülahizələrini, xüsusən də intonasiyalarını eşitmək, reaksiyasını görmək şəxsən mənim üçün qat-qat maraqlıdır...

...Təvazökar görünmək istəmirəm, amma Səudiyyə Ərəbistanı kralı Abdullah və İspaniya kralı Xuan Karlosdan müsahibə alan ilk və yeganə jurnalistəm. Mən Çinin indiki və əvvəlki iki lideri ilə danışmaq şərəfinə nail olmuşam. Çinin özündə, mənə deyildiyi kimi, belə jurnalist yoxdur. Amerika prezidentləri kiçik Corc Buş və Barak Obama hər biri iki dəfə mənə müsahibə verib. Siyahı uzundur. İnsanlar hələ də proqramımızı izləməkdə maraqlıdırlarsa, deməli biz faydalı iş görmüşük”.

Mixail Qusmanın ailəsi ilə bağlı çox az məlumat ictimailəşib. Bu məsələdə o, Şərq adət-ənənəsini qoruyub saxlayıb, ailəsini reklam etməkdən uzaq olub. Məlum olan budur ki, həyat yoldaşı Cema Məmmədəli qızı Qusman (Ələsgərova) yarıazərbaycanlı, yarıpolyakdır və o da əri kimi jurnalistdir.

Cütlüyün Vadim adlı bir oğlu var. Vadim Qusman Amerika kollecində və universitetində tibb təhsilini başa vuraraq həkimlik peşəsinə yiyələnsə də, sonradan atasının yolu ilə gedib, siyasi elm və jurnalistika ilə məşğul olub, həmçinin TASS-da işləyib. O, hətta TASS Agentliyinin Böyük Britaniyadakı xüsusi müxbiri postunda çalışıb.

Yeri gəlmişkən, Vadim Qusmanla bağlı çox maraqlı bir faktı qeyd etməliyik: belə ki, Mixail Qusmanın oğlu hazırda Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində müşavir vəzifəsində çalışır.

Müsahibələrinin birində oğlundan bəhs edən Mixail Qusman onun Xəzər hövzəsi üçün təhlükəsizlik tədbirləri mövzusunda dissertasiya yazdığını qeyd edib. Həmçinin bildirib ki, Vadimlə siyasi mövzularda söhbət etmək ona çox maraqlı gəlir və hətta bəzən boğulana qədər mübahisə edirlər.

2020-ci ilin yanvarında Prezident İlham Əliyev Mixail Qusmanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib.

Mixail Qusmanın Bakını sevməsinə, Bakıya bağlı olmasına və hər dəfə Azərbaycana gələndə nostalji hisslər yaşamasına heç kim şübhə etmir. Həmyerlimiz müsahibələrində bu mövzuda çox danışıb. O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. Yəqin ki, çoxları xatırlayır, 44 günlük müharibə zamanı - 2020-ci ilin oktyabrında Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min ABŞ dolları köçürmüşdü.

“10 noyabr 2020-ci ildə tarix haqlı olaraq hər şeyi öz yerinə qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qalib Azərbaycan ordusu sayəsində Azərbaycan xalqı öz ata-baba yurdlarına qayıda bildi. Rusiya prezidenti Vladimir Putinin bilavasitə iştirakı ilə əldə olunan üçtərəfli razılaşma “Dağlıq Qarabağ münaqişəsi” anlayışının özünü siyasi lüğətdən həmişəlik silib. Mən həqiqətən, inanmaq istəyirəm ki, köçkünlərin nəhayət öz evlərinə, doğma ocaqlarına qayıtmaq imkanı qazanacaqları, müxtəlif xalqlar arasında çoxəsrlik mehriban qonşuluq ənənəsinin dirçələcəyi, Azərbaycanın Qarabağ torpağında yenidən sülhün bərqərar olacağı gün uzaqda deyil”, - deyə Mixail Qusman Azərbaycan Respublikasının haqq işindən - 44 günlük Vətən müharibəsindən danışarkən deyib.

23 yanvar 2025-ci ildə Mixail Qusman 75 yaşını qeyd edib. Onun TASS-dakı 26 illik fəaliyyəti başa çatsa da, “Hakimiyyət formulu”nun müəllifi olaraq qalır - layihə “Rossiya-24” telekanalında yayımlanmağa davam edir.

Əfqan Qafarlı


Tehsil-press.az

Oxşar xəbərlər