
Fəxri Xiyabanda Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad edilib.
Universitetin tədris binasında təşkil olunan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə həsr olunmuş məruzə ilə çıxış edib.
Anar İsgəndərov məruzəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin 5 dövrü haqqında məlumat verib və hər dövrün necə xarakterizə olunduğunu yığcam şəkildə diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, birinci dövr Heydər Əliyevin xüsusi xidmət orqanlarında çalışdığı 1944-1969-cu illəri əhatə edir. Heydər Əliyev bu illər ərzində yüzlərlə azərbaycanlı ziyalını sovet dövlətinin repressiya və təqibindən qoruyub. Azərbaycana rəhbərlik etdiyi 1969-1972-ci illərdə təyin olunub. Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrilib. Bu dövrdə bir qarış torpaq belə Ermənistana verilməyib. Təhsilə böyük əhəmiyyət verib. Hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməklə ölkənin təhsilinə böyük töhfə verib. O, Moskvanın müqavimətini qıraraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə, böyük uzaqgörənliklə Bakıda Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub. Bu məktəbin məzunları Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsində qəhrəmanlıq tarixi yazıblar. 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifəni icra edən Heydər Əliyev sovet dövlətini idarə edən yeganə türk-müsəlmandır. Onun bu vəzifədən uzaqlaşdırılması ilə Azərbaycan sahibsiz qalıb, ermənilərin Qarabağın ələ keçirilməsi məqsədi ilə hazırladıqları məkrli planın həyata keçirilməsinə start verilib.
Anar İsgəndərov bildirib ki, fəaliyyətinin həm Naxçıvan dövründə, həm də Azərbaycana rəhbərliyinin ikinci dövründə də Ümummilli Lider Heydər Əliyevin ürəyi daim Azərbaycanla döyünüb. Onun təməlini qoyduğu, memarı olduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqını dəmir yumruğa çevirib 30 illik erməni işğalına son qoyub. Qarabağ zəfərinin davamı olaraq 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edib.
Anar İsgəndərov məruzəsində Ümummilli Liderin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm” sözlərini də xatırladıb. Millət vəkili qeyd edib ki, məhz Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasətini özünün siyasi kursu elan edən cənab Prezidentin məqsədyönlü fəaliyyəti və rəhbərliyi altında Azərbaycan xalqı və Azərbaycan ordusu qondarma problemin ədalətli həllinə nail olub. İndi Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə qalib xalq kimi dünyada tanınır.
Tehsil-press.az