Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları ümummilli liderin əziz xatirəsini ehtiramla yad edir, dünyanın hər nöqtəsində anım mərasimləri təşkil olunur. O, müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb, ölkəmizin taleyində ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət kimi yaddaşlarımızda əbədiləşib. Xalqımız özünün ən ağır məqamlarında Heydər Əliyevin dövlətimizin maraqlarını qoruyacaq ən düzgün qərarı verəcəyinə inanıb və xalqın bu inamı ona güc verib. Onun həyatı, fəaliyyəti, keçdiyi yol bizim üçün rəhbərdir, dediyi sözlər və arzuları, təməlini qoyduğu dövlətçilik məktəbi bu gün də yaşayır. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi və iqtisadi olaraq qüdrətlənməsində əsas amil olan ümummilli liderin siyasi kursu bu gün prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor çıxışında Heydər Əliyevin gənclərə çox güvəndiyini vurğulayıb və ümummilli liderin elm və təhsilə olan diqqət və qayğısından da danışıb.
Tədbirdə tarix elmləri doktoru, prof. Qabil Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov və magistratura tələbəsi Afiq Nadirov ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamları haqqında danışıb. Çıxışlarda qeyd olunub ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, istər sovet dövründə, istərsə də müstəqillik illərində - bütün dövrlərdə Heydər Əliyev əsl lider olub.
Tədbir Baba Vəziroğlunun “Sən elə bir zirvəsən ki” şeirinin səsləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, universitet rəhbərliyi Fəxri Xiyabanı ziyarət edərək ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Ümummilli liderin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib


Oxşar xəbərlər