
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Azərbaycan müəllimi"nə müsahibəsində deyib.
O bildirib ki, sertifikatlaşdırma dövlətin təhsil siyasətində zərurətdən irəli gələn məsələdir:
"Düşünürəm ki, problemin kökündə hansısa dövrdə, mərhələdə müəllim adına layiq olmayan, müəllim kimi fəaliyyət göstərməyə uyğun olmayan insanların təhsil sisteminə gəlməsi durur. Ona görə də sertifikatlaşdırma daha çox əvvəlki dövrlərdən müəllim kimi fəaliyyət göstərən insanların əməyinin, fəaliyyətinin qiymətləndirilməsinə yönələn addımdır. Məntiqlə götürdükdə, serifikatlaşdırmanın yekun nəticəsi təhsilin keyfiyyətinin artırılması, savadlı, bilikli müəllimlərin məktəblərdə daha çox işləməsi prosesinə təkan verəcək. Bu, çox ağrılı prosesdir", - deputat qeyd edib.
Ceyhun Məmmədovun sözlərinə görə, Milli Məclisin deputatlarına da bu barədə çoxlu müraciətlər olur.
"Sertifikatlaşdırma zərurətdir, amma cəmiyyətimiz bunu həzm edə bilməyib, xüsusilə də bəzi müəllimlərimiz. Burada da yalnız bir tərəfi günahlandırmağın tərəfdarı deyiləm. Dəfələrlə elan olunursa, ancaq müəllim buna hazırlaşmırsa, aşağı nəticə göstərib qarşı tərəfi qınamaq ədalətsiz yanaşmadır. Çünki özünə güvənən müəllimlər bu prosesi rahat keçirlər. Fikrimcə, müəllimlər, həkimlər, ümumiyyətlə, hər kəs davamlı olaraq öz üzərində işləməlidir. Ancaq sertifikatlaşdırmaya paralel olaraq universitetlərimizdə də təhsilin səviyyəsini qaldırmalıyıq ki, ali təhsil müəssisələri cəmiyyətə daha savadlı kadrlar təqdim etsinlər", - deputat vurğulayıb.
Tehsil-press.az