Ramazan ayı başlayır - fətva verildi

Ramazan ayı başlayır - fətva verildi Orucluq ayı iyunun 7-də başlayır, bayram iyulun 6-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası builki Ramazan ayı ilə bağlı fətva verib. Tehsil-press.az-ın verdiyi məlumata görə, fətva bu gün QMİ-də Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən dindarların toplantısında verilib.
Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 07 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq.
"Ramazan ayının əvvəli, namaz vaxtları, dualarla bağlı təqvim hazırlanıb"
Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub: Müqəddəs Kitabımız Qur`ani-Şərifdə bu barədə ayələr var: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bu ibadət vasitəsilə pis əməllərdən) çəkinəsiniz!” (Bəqərə, 183). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilib.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
"Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin".
Ramazan ayı başlayır - fətva verildi
Fətvada qeyd edilir ki, bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin. İnşallah, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Ramazan ayı başlayır - fətva verildi
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərinə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin".


Tehsil-press.az

Oxşar xəbərlər