
Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəəti azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib.
Azalma rəqəmlərdən aydın şəkildə görünür. Bəs səbəblər nədir?
İqtisadçılara görə, səbəblərdən biri faiz gəlirləri və marjaların daralması ola bilər. Bankların faiz gəlirləri əvvəlki illə müqayisədə artmaqda davam etsə də, faiz xərclərinin daha sürətli artması faiz marjasının daralmasına səbəb olub. Bu, xüsusilə depozitlər üzrə yüksək rəqabət fonunda müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması (hazırda 7.75 faiz) pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Bu isə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azaldıb.
Məsələn, bir çox banklarda problemli kreditlər üçün ayrılan ehtiyatlar əvvəlki ilə nisbətən 10-12 faiz artıb ki, bu da xalis mənfəətin azalmasına birbaşa təsir edir. 2025-ci ilin ilk yarısında qeyri-neft sektorunda artım templəri aşağı düşüb, istehlak kreditləri və mikrobiznes kreditlərinə tələbdə müəyyən durğunluq müşahidə olunub. Mərkəzi Bankın statistikalarına görə, istehlak kreditlərində artım tempi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 35 faizdən 20 faizə düşüb. Bu da kredit gəlirlərinin proqnozdan aşağı düşməsinə səbəb olub.
Gəlirlərin azalmasına daha hansı amillər təsir edir? Kredit verməkdən başqa ciddi bir funksionallığı olmayan bu qədər bankın saxlanmasına ehtiyac varmı? Onların bəzilərinin bağlanması zəruridirmi?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı danışıb: “İlk növbədə qeyd etmək istəyirəm ki, bankların gəlirlərinin azalması mənfəətlərin azalması demək deyil. Əslində bankların mənfəətində azalma müşahidə olunur. Mən hesab edirəm ki, burada marjaların daralması məsələsi də mövcuddur. Bu, problem deyil, təbii bir haldır - marjaların azalması rəqabət mühitinin əsas göstəricisidir. Eyni zamanda problemi kreditlərin artması da cüzi şəkildə mənfi təsir göstərib.
Bundan əlavə, bankların funksionallığı baxımından onların gəlirlərinin böyük hissəsi kreditlərdən əldə olunan gəlirlərdən formalaşır. Ötən dövrlərlə müqayisədə azalma dinamikasına müəyyən tənzimləyici mexanizmlərin sərtləşdirilməsi də təsir edir. Bu, hesab edirəm ki, bank sektorunun sağlamlaşdırılması baxımından vacibdir.
Funksionallığı olmayan bankların saxlanılması məsələsinə gəldikdə isə, düşünmürəm ki, funksionallığı olmasa belə, bankların saxlanmasına ehtiyac yoxdur. Əvvəla, dövlət onları saxlamır - bu, bazar iqtisadiyyatının tələbləridir. Banklar bazarın bir qoludur və onların ləğvi onlara verilmiş lisenziyaların geri alınması ilə həyata keçirilir. Lisenziya müflisləşmə səbəbi ilə və ya qanunvericiliyin və tənzimləyici qurumun tələblərinə cavab verməmək halında ləğv edilə bilər.
Lakin şərtlər pozulmadıqca, müflisləşmə baş vermədikcə və bazarda fəaliyyətlərini davam etdirmək mümkün olduqca, bankların sayının çox olması iqtisadiyyata və digər sektorlara zərər vermir. Əksinə, bankların sayı artdıqca, şəffaflıq və rəqabət artır, xidmət funksionallığı genişlənir.
Bank sektorunda hər hansı bir bankın bağlanması isə əsaslı ya əsassız olsun, banklara olan inama ciddi zərbə vurur. Bankın bağlanması səbəbindən asılı olmayaraq, bu, ümumi bank sektoru üçün xoş olmayan atmosfer yaradır".
Tehsil-press.az