Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin saxlanıldığı bildirilir.
İslam Rzayev kimdir?
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olub. O, 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin il Göyçay Rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayan İslam Rzayev sonrakı illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu, eləcə də Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.
O, daha sonra “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007-ci ildən 2011-ci ilədək isə SOCAR-ın Audit Departamentində rəis müavini vəzifəsində fəaliyyət göstərib. 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısıdır.
Qeyd edək ki, İslam Rzayev Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.
Tehsil-press.az


















