
Xalqın nifrət və qarğışı məhkəmə hökmündən də dəhşətli olur!
Yaranışdan qəm daşıdım,
Baxın, mən necə yaşadım…
…Bu yazını qələmə almağa illərdir ki, tələsmədim. Lakin, susmağın heç də həmişə qızıl olmadığını bildiyimdən, haqqı tapdalananlardan biri kimi, üç üsyanımı həmişə boğmağa çalışdım və bacardım. Lakin inanırdım ki, bu yazımı oxucularıma çatdırmaq üçün Yaradanım mənə ömür verəcək. Şükr, verdi! Dövlət və hakimiyyət strukturlarında özlərinə yuva qurmuş naqislərin hərəkətləri, gec də olsa, üzə çıxanda xalqın nifrət və qarğış nidaları məhkəmə hökmündən də dəhşətli olub! Bu nifrət və qarğış səslərini onlar eşitsələr də, eşitməsələr də, “sümükləri mütləq sancır”, çünki xain xoflu olar!
Kəlbəcərimizdə qələmimə, yazılarıma görə rayon mədəniyyət şöbəsində baş metodist vəzifəsində işləyərkən raykom katibi, mərhum İnqilab Nadirovun tapşırığı və unudulmaz alim-şairimiz Şamil Dəlidağın tövsiyəsi ilə “Yenilik” qəzetinə göndərilmiş, orada korrektorluqdan məsul katibliyədək yaradıcılıq yolu keçmişdim. Məhəmməd Nərimanoğlu imzası ilə (bu imzanı da mənə mərhum şairimiz Şamil Dəlidağ məsləhət bilmişdi) yazdığım – ilk qələm məhsulum olan “Tarixə dönmüş incilər” məqaləm isə Kəlbəcər rayon tarix-diyarşünaslıq muzeyinin yaradılmasından və onun dünya şöhrətli olmasından söz açırdı.
Şəhidlərimizdən bəhs edən “Dağların sinə dağı” kitabımın ağı-oçerk, elegiya yazıları da həmin illərdə orada qələmə alındı və “Yenilik” qəzeti vasitəsilə oxuculara çatdırıldı.
Kəlbəcərin 1993-cü ildə işğalından sonra müvəqqəti sığınacaq tapdığımız fəhlə yataqxanası küncündə də Qarabağın qanlı-qadalı günlərindən, başı bəlalı tarixindən yazmaqdan yorulmadım. Məhz bunun nəticəsidir ki, təvazökarlıqdan uzaq, 28 kitab müəllifi kimi tanındım. 1996-cı il aprel ayının ilk günü Ulu Öndərimiz, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bir qrup kəlbəcərli ziyalı ilə görüşürdü. Həmin görüşün iştirakçısı olmağımla bu gün də fəxrlə söz açıram. Çünki həmin görüşdən bir gün öncə Kəlbəcərlə bağlı iki şəhid kitabım (“Dağların sinə dağı” və “Yurd göynərtisi”) Prezidentimizə təqdim edilmişdi.
Kəlbəcər və Qarabağ mövzusu (bütün sahələrdə) mənim əbədi yazılarımın sanki boyuna biçilmişdi. Bakıda ilk iş yerim “Respublika” qəzeti oldu. Surət Hüseynov baş nazir olduğu müddətdə qəzet bir sıra gərəkli, vacib, bir az da onun keçmiş əməllərinə işıq salan mövzulara toxundu. Buna görə qəzeti (redaktoru Rüsvat Bayramov idi) bağladılar. Göstəriş, deyilənlərə görə, “yuxarılar”dan gəlmişdi. Beləcə, əlimiz işdən üzüldü. Qələm adamı, məcburi köçkün, evdə körpə uşaqlar, yaşayış üçün heç bir şərait yox… Hətta, iki ailə (biri Qubadlıdan, biri də bizimki) birotaqlı mənzilə sığınmışdıq. Bunları – necə dolanacağımızı düşünə-düşünə nəşriyyatda redaksiyalara məqalə aparırdım ki, bəlkə, heç olmasa, qonorarla əməkdaşlıq edim.
“Allahın bəlası” qarışdırmadığı qazan qalmadı…
Həmin günlərin birində təsadüfən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Xeyrəddin Qocadan təklif aldım. Sevincimin həddi-hüdudu olmadı. Buna da səbəb hind artisti Mukeşin özü tərəfindən “Mukeş” ləqəbi almış ağdamlı bir riyaziyyat üzrə alim, həm də mahir hind mahnılarının ifaçısı Tofiq Mukeşdən bəhs edən “Azərbaycanın Mukeşi” sərlövhəli məqaləm olmuşdu. O, yazımı oxuyub, qəzetdə dərc etdikdən sonra müəllifi ilə maraqlanmışdı. Beləliklə, X.Qoca məni qəzetə məsul katib kimi işə götürdü. Qəzet ayda bir-iki dəfə çıxırdı. Çünki maliyyələşdirə bilmirdi. Buna görə əməkhaqqımız da olmurdu. İki-üç aydan bir maaş alırdıq. Redaksiyada Xeyrəddin Qoca (baş redaktor), Həsən Həsənov (redaktor müavini), Alqış Musayev (şöbə müdiri), mən (məsul katib), korrektor və makinaçı işləyirdi. Baş redaktor kənar müəlliflərin yazılarından istifadə etməyi də unutmurdu. Hətta, koridorda deyirdi: “Kimin haradasa dərc edilməyən yazısı varsa, bizim redaksiyaya gətirsin, çap edəcəyik, əsas odur ki, dövlətçiliyimizin möhkəmləndirilməsini təbliğ edən olsun…”
Həmin günlərdən biri idi. Bir dəstə gənc jurnalsit (sonradan məlum olacaq ki, o, başqa peşə üzrə kollecdə təhsil alırmış) təcrübə üçün bizim redaksiyaya gəldi. Onların arasında balacaboy, lakin “Allahın bəlası” olan biri özünü qrupun rəhbəri kimi aparırdı. Bu, İxtiyar Hüseynli idi. Onun çevikliyi hamımızı təəccübləndirirdi, diqqəti özünə çəkən olduğuna görə, həm də maraqlı məsləhətləri ilə qəzetdə yeniliklər gətirmək istəyi var idi. Təcrübə müddəti bitdikdən sonra o, məndən redaksiyada qalıb işləmək istəyini bildirdi. Bunu baş redaktora çatdırdım. Etiraz eləmədi, sağ olsun. Hətta o, elə “qazandı” ki, “qazanı aşıb-daşdı” və baş redaktorun bahalı olmayan, köhnə “Opel” minik maşınına da göz dikdi (mən redaksiyadan ayrıldıqdan sonra). Niyyəti baş tutdu. Mən məsul katib olsam da, o, “burnunu soxmadığı yer qalmırdı”. Hətta, “mədəni şəkildə” məsul katiblik işimi əməlli-başlı əlimdən almışdı. Guya ki, mən şəhidlərimizdən, Qarabağ və Kəlbəcərin tarixi, işğalı ilə bağlı kitablar üzərində işlədiyim üçün köməklik göstərir. Həm də onu redaksiyada qalmasına mən vasitəçi olmuşdum axı. Buna görə, düşünürdüm ki, o da bu yaxşılığımın əvəzinə mənə öz xeyirxahlığını göstərir.
Bir vaxt ayıldım ki, “havadayam”. Xeyrəddin Qoca deputat olduğu üçün, redaktor Alqış Musayev təyin edilmişdi. O, Alqış Musayevi elə ələ almışdı ki, sanki qəzetin sahibi idi. Mən redaksiyadan uzaqlaşmalı oldum. Çünki Azay Quliyev məni Gənclər Təşkilatları Milli Şurasının yeni təsis etdiyi “Gələcək” qəzetinə redaktor istəyirdi. Bu işdə isə Xocalının müsibətlərini mətbuat vasitəsilə dünyaya ilk yayan qələm dostum, “Səhər” qəzetinin əməkdaşı olmuş Şamil Sabiroğlunun dəstəyini unutmaram. O zaman QHT Forumu yaradılırdı. Az qala, bir ilə yaxın nüddətə həmin redaksiyanı yaratdıq. Sonra həmin qəzet maliyyə sarıdan fəaliyyətini dayandırdı…
Mənim taleyimə məcburi köçkünlüyün müsibətləri ilə yanaşı, sanki redaksiyalar axtarmaq da yazılmışdı, yurd-yuva dərdini çəkməyim az imiş kimi.
“Naməlum zəng”in nağarası və mağarası…
Günlərin birində “Vətən səsi” qəzetinin baş redaktoru Rafiq Fərəcovla görüşüb, Kəlbəcərin işğalı ilə bağlı məqaləmi təqdim edirdim. Harada işləməyimlə maraqlandı.
Biləndə ki heç yerdə çalışmıram, doğrusu, pis oldu. Çünki o da bilirdi qaçqın-köçkünlük necə ağır maddi-mənəvi zərbədir. Özü Göyçə mahalından qaçqın düşdüyü üçün məni yaxşı anlayırdı. Məni redaksiya ilə əməkdaşlığa dəvət etdi, cüzi də olsa,qonorarla. Çünki qəzetin əməkdaşlarının əməkhaqqısı belə cüsz idi. Hətta, “Bakı” və “Baku” qəzetinin əməkdaşları bu cüzi maaşımıza da ağız-burun əyirdilər. Bizə ikrah hissi ilə baxan nadürüstləri az görmədik bu illər ərzində.
Mənə redaksiyada çalışmaq üçün edilən təklifdən sevindim. Burada şöbə müdiri kimi fəaliyyətə başladım. Həftəlik, 4 səhifəlik qəzetdə yazılarıma ehtiyac duyulduğuna görə, yaradılan şəraitə görə həmişə kollektivə borclu olduğumu unutmadım. Hər səhifədə məqaləm verilirdi, həm də müxtəlif mövzularda: siyasətdən başlamış, humanitaradək.
Yaxşı xatirimdədir, şair Bəhmən Vətənoğlunun Kəlbəcərsizliyə dözməyib dünyasını dəyişməsi ilə bağlı bir yazım vardı. O zamanlar Dövlətqaçqınkomun sədri Əli Həsənov qəzetin həmin sayını vərəqləyəndə eyni imza ilə bir neçə məqaləmi görüb təəccüblənir və baş redaktora ya irad, ya da müxbirin zəhmətkeşliyi naminə demişdi: “Rafiq, qəzeti Məhəmməd Nərimanoğlu buraxır?! Bəs siz orada nə edirsiz?!”
Rafiq müəllim sağ olsun, mənim haqqımda Əli müəllimdə müsbət təəssürat yaratmışdı. Əli müəllimin dedikləri mənə yaxşı təsir bağışlamış və buna cavab olaraq təşəkkürümü göndərmişdim. Çünki hər sayda mənim siyasi, sosial və humanitar yardımlarla bağlı yazılarım dərc edilirdi.
Köhnə dostun təzə sevdası
…Bir gün axşamçağı həyat yoldaşımla Respublika Xəstəxanasında idik, Deyim ki, yoldaşım da rayondan (“Yenilik” qəzetindən) başlayaraq, jurnalistika sahəsində çalışmışdı. “Yeni Azərbaycan” qəzetində Xeyrəddin müəllim yoldaşımı da, məcburi köçkünlüyümüzü (vəziyyətimizin ağır olmasını) nəzərə alaraq, korrektor işinə götürmüşdü, Allah razı olsun! Alqış Həsənoğlu baş redaktor olandan sonra kollektiv dəyişdi, yoldaşım da işdən çıxarıldı.
Xəstəxanada yatan xalam oğlunun yanında idik. Cib telefonuma gizli nömrədən zəng gəldi. Tanımadım kimliyini. Təcili “Azərbaycan” nəşriyyatına, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun yanına getməyi tapşırdı. Hələ də bilmirəm ki, o adam kim idi. Lakin, mənə elə gəlirdi ki, həmin zəng Prezident Administarsiyasından gəlmişdi. Mənim “Heydər Əliyev: “Astara Azərbaycanın cənub mirvarisidir” kitabım nəşrə hazırlananda yazılarım Aparatda, ictimai-siyasi şöbədə diqqətlə oxunurdu. Ona görə də artıq imzam həmin şöbənin mətbuatla bağlı bölməsində tanınmışdı. Ondan əvvəl isə Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə həsr edilmiş “Tarixi yaradan şəxsiyyət” kitabı da orada nəzərdən keçirilmişdi. Həmin kitabın da redaktoru olmuş, bununla qürur duymuşdum. 10 ildən də artıqdır ki, “Qoşa zirvə: Heydər Əliyev-Kəlbəcər” tarixi kitabım çapa hazır olsa da, maliyyə imkansızlığımdan nəşr etdirə bilməmişəm.
Bunları xatırlaya-xatırlaya nəşriyyata, B. Sadıqovun yanına getdim. Allahım şahiddir: məni səmimiyyətlə qarşıladılar. “Köhnə dostum” İxtiyar Hüseynlini burada gördükdə, düzü, bir qədər təəccüblənsəm də, o, gülümsəyərək, əl uzatdı və əyləşməyimə yer təklif etdi. Bəxtiyar Sadıqov mətbuatda məni, imzamı tanımadığını ilk andaca bildirdi. Lakin İxtiyar Hüseynli məni elə təriflədi, sanki başqa bir adam haqqında eşidirdim. Bunun da, sən demə, marağı var imiş ki, mən redaksiyaya gəlim. Beləcə, o gündən “Vətən səsi”ndən ayrılıb, “Azərbaycan”a gəlməyimə ciddi tapşırıq verdilər. Hətta, bilirsiniz nələr dedilər? “O “Vətən səsi” nə qəzetdir ki, orada işləyirsən, sənin yerin əsl buradır!”
Saxta tərif və tələyə salınan ”hərif”
O vaxt hiss elədim kİ, İxtiyar Hüseynli burada söz sahibidir. İlk vaxtlar mənə qəzetdə yaradılan şərait digər əməkdaşları çaş-baş salmışdı, elə özümü də. Sanki köhnə, təcrübəli, peşəkar jurnalistlərə nümunə kimi göstərilirdim. Açığı, bundan utanırdım. Hər sayda, az qala, bir-iki, həm də həcmcə kiçik olmayan (səhifə-səhifə) məqalələrimə yer ayrılırdı. Əslində, əsas mövzum Qarabağ, qaçqın-köçkünlük, işğalda qalan maddi-mədəniyyət, tarixi abidələr idi. Məndən savayı belə mövzuları yazanlar az idi. Mərhum jurnalsit dostum Telman Mehdixanlı oradan uzaqlaşdırıldıqdan sonra heç həmin mövzular sanki yada düşmürdü. Mədəniyyət şöbəsinin əməkdaşı kimi, bu sahəyə aid mövzuları işləmək mənə çətin deyildi. Əvvəldən mənə elə tapşırıqlar verilmişdi.
Bir məsələni də unutmayım. Redaksiya əməkdaşlarına ilk təqdim olunanda şöbə redaktorum Flora Xəlilzadə məni yaxşı tanımadığı üçün etirazını gizlətmədi. Hətta təhqir səviyyəsində dedi: “ Bəxtiyar müəllim, nooldu, mənim şöbəm sizə lazım deyilsə, bağlayın! Bu nədir ey, hər yoldan azan-təzəni mənə işçi verirsən, tərifləyə-tərifləyə?! Mən bu adamın bircə yazısını da oxumamışam, heç tanımıram da! Ona sınaq müddəti verək: bir-iki aya sözümü deyə bilərəm, indi yox!”
Elə həmin gün iş otağımıza qalxdıq və bu azman, illərin təcrübəsini qazanmış qələm sahibi məni sınağa çəkdi. Mədəniyyət, təhsil və turizmə dair üç müxtəlif mövzulu xəbər hazırlamağı tapşırdı. Xəbərləri onun gözləri qarşısında, oturduğu masada hazırlamalı idim. Bunu bacardım. O, xəbərləri oxuyur, redaktə xarakterli düzəlişlərini edir, mən isə sakitcə başımı aşağı salıb, verəcəyi sualı gözləyir, arada mimikalarını da izləyirdim. Nəhayət, son düzəlişdən sonra Flora xanım əllərinin ikisini də masaya dirəyərək, oturduğu yerdən ayağa qalxıb, üzünü otaq yoldaşımız olan Rəsmiyyə Qarayevaya tutaraq dedi:
-Rəsmiyyə, inanırsan, ilk dəfədir ki, Bəxtiyar müəllim mənə işçi verib! Sağ olsun! Düşürəm yanına (Baş redaktor redaksiyadan kənarda, 2-ci mərtəbədə otururdu), deyəm ki, iki-üç ayı iki-üç saata endirmək olarsa, mən Məhəmmədə “hə” deyirəm!
O, doğrudan da belə etdi, hazırladığım xəbərləri özü ilə redaktorun yanına apararaq. Ona görə Flora xanımın haqq-ədalət tərəfdarı olduğunu o gündən hiss elədim. Onun orada başına açılanlar isə ayrı bir məqalənin mövzusudur. O da baş götürüb redaksiyadan qaçdı. Prezidentimizin jurnalistlərə hədiyyə etdiyi mənzillərdən ona da pay düşmüşdü, həm də redaksiya təqdimatından kənar. Bu da baş redaktorun xatirinə dəymişdi. Hətta, Flora xanın 8 martla əlaqədar Əməkdar jurnalist adına layiq görüldükdə də orada qanı qaralanlar oldu. Çünki yenə də təqdimat, eşitdiyimizə görə, başqa xətdən olmuşdu.
O vaxtdan oldum Humanitar şöbənin müxbiri. Aradan bir az keçmişdi ki, redaksiyada “muruz-damaq” hiss elədim. İş yoldaşlarımın yox ha, rəhbərliyin! İxtiyar şöbə müdirim olmasa da, daxili telefonla otağına çağırıb, yaşına-başına uyğun olmayan sözlərlə məni təhqir etmək istəyəndə cavabını verirdim. Buna görə artıq “dünənki ustad” ona yad görünürdü. Səbəbini anlamağa başlamışdım. Çünki aylıq yığıncaqlarda ünvanıma nələr deyilmirdi?! Deyilənlər isə elə-belə deyildi. Mən kəlbəcərli məcburi köçkün olduğum üçün hansısa məşhur pullu məmurdan redaksiyaya pul alıb gətirə, kömək edə bilmirdim. Adamdan soruşarlar: ddını bilərəkdən çəkmədiyim o məmur mənə maddi dəstək verirdisə, niyə 30 ildir ki, B.Sərdarov adına Binəqədi Maşınqayırma Zavodunun Müşfiqabad qəsəbəsindəki ailəli fəhlə yataqxanasında (vaxtilə qaynımın qaldığı komendat otaığıolub) müvəqqəti məskunam?! Bunu dəfələrlə başa salmağa çalışsam da, heç nə dəyişmirdi. Kiçik bir qüsurumu şişirdib, az qala, hər ay mənə töhmət verirdilər.
Bir dəfə yenə də nə ilə bağlı idisə, məni yanına çağırıb indiyə kimi aldığım töhmətlərin sayını soruşdu. Növbəti töhmət verəcəkdi. İçimdə qan-yaş axa-axa, gülümsəyib dedim:
-Bəxtiyar müəllim! Mən bura gələndən töhmətdən başqa nəsə almışam ki?!
“Günahım başımdan aşırdı”. Yaxud da bu, mənim “başımın töhməti” idi. Təhqir edilirdim. Yazılarım yavaş-yavaş “arxivləşir”, yaxud da elə hala salınırdı ki, qəzetdə oxuyanda inanmırdım bunu mən yazmışam.
“Başı bədəninə ağırlıq edən yazılarım”
Yazılarımın mənası dərin, başlıqlar əndrabadi olurdu: ona uyğun olmayan, ya uşağın başına qoyulan aşıq papağına oxşayırdı, ya da “BABAnın bədəninə yaraşmayan NƏVƏ papağına. Dəyişdirirdilər ki, məna, məzmun itsin, oxucularda ikrah hissi oyatsın. Baxın da düşüncəyə! Məqalələrimə görə hər gün qəzeti izləyən, yazılarımı oxuyub redaksiyaya təşəkkür zəngi edənlərdən də mənə “sağ ol” demək əvəzinə,“tərs şillə” vururdular: guya, kənarda özümü elə aparıram ki, bu redaksiyanın yiyəsi mənəm, mənə təşəkkür edirlər. Bu da mənə bir mənəvi, maddi zərbə olurdu! Sevinmir, mənə təşəkkür etmir ki, axı, yazılarıma görə onlara minnətdarlıq zəngləri gəlir.
Bir dəfə professor Qəzənfər Paşayev bununla bağlı mənə redaksiyada fikirlərini açıq şəkildə bildirdi: “Məhəmməd, bala, sənin mədəniyyət, incəsənət, xüsusən də aşıq yaradıcılığından başın çıxmasaydı, irad tutmazdım, yazılarını oxuyur və bəyənirik, qələmin pis deyil. Amma o dəfə Aşıq Ələsgərlə bağlı bir yazının şərlövhəsinə baxdım: “Dərsiazlar Ələsgərdən dərs aldı”. Diksindim. Birincisi, ustadın öz misrasını təhrif etməyini sənə bağışlamıram! İkincisi, belə çıxır ki, daha ustad Ələsgərdən dərs alamaq bitdi?! Bu gün heç bir aşığın Ələsgərimizin yaradıcılığına ehtiyacı yoxdur?!
Haqlı irada görə Qəzənfər müəllimə minnətdarlığımı bildirdim və yazılarımın sərlövhəsinin redaksiyada dəyişdirildiyini də gizlətmədim.
…Yığıncaqlarda eşitdiklərim hara gəldiyimi aydınlaşdırdıqca, bu addımı atdığıma peşman olurdum: “Bunun belə yazıx görünməsinə baxmayın! Onun arxasında filanks dayanır – pullu, harın məmur! O məmur isə heç bizi, bu qəzeti vecinə almır, filankəslərə, eyş-işrətə xərcləyir!”
İxtiyar siyasət şöbəsinin müdiri olsa da, ümumi redaksiyada hamıya əmr edir, qorxudur, bəzən də müxbirləri ələ salırdı. Buna redaksiyanın zəifliyi demək olmazdı. Hərə bir tikə çörəyini itirəcəyindən çəkinirdi, çünki o, çoxlarının “torbasını tikib”, yerini rahat eləmişdi. Hətta bu redaksiyaya gələnədək, “Yeni Azərbaycan”da belə əməllərinə görə sürücü tərəfindən əməlli-başlı dərsini alıb oradan qaçmışdı. Bunu da sonralar özü danışmışdı.
Kin-küdəritin kuliminasiyası: daha nə o həmin o idi, nə də mən…
Bu “muruz-damaq” məni narahat edir, açığı, bura gəlməyimə peşmançılıq çəkir, amma, hələlik, içimdə çəkir, üzə salmırdım. Bura rəsmi qəzet idi: heç kimin şəxsi, dədəsinin mülki, idarəsi, şirkəti deyildi. Burada azman qələm adamları çalışmışdı.
Bunları düşünərək, susur və sonun nə vaxt gələcəyini gözləyirdim. O, dəfələrlə mənə “fərasətsiz adlandırır” (qan ağlayan xocalıların dərdini yazmaq üçün məgər onlardan təmənna ummalı idim?), elə acından ölməyə layiq olduğumu şöbəsinin işçiləri yanında deyəndə dözməyib, “üzünə ağ olmuşdum”. Daha nə o həmin İxtiyar idi gözümdə, nə də mən “ustadı” kimi təqdim olunan. Müxtəlif bəhanələrlə məni bezdirirdi. Hətta, Flora xanım bezib işdən gedəndə şöbəmizin də fəaliyyətini dayandırıb, ləğv edib, məni İradə Əliyevanın redaktor olduğu Humanitar siyasət şöbəsinə keçməyə İxtiyar vadar eləmişdi. Orada İxtiyar mənə daha güclü təsir imkanlarına malik idi. Çünki şöbəni də birbaşa özünə tabe etdirmişdi: humanitar siyasət adlandırdığı üçün. Bu ad onun təsir dairəsi demək idi. Şöbə müdirimiz də onunla hesablaşmağa məcbur idi. İllərin təcrübəli, peşəkar jurnalisti “dünənki uşağın nazı ilə oynayırdı”: “oğlum, balam, şıltağımız”,-deyib. O uisə şöbə müdirimizi ələ salırmış kimi, “məmə-məmə” deyir, qılıqlanır, lakin arxada “min oyundan çıxırdı”.
Sanki hamı onun əlində aciz qalmışdı. Redaksiyada elə bir işçi (yaşından-başından asılı olmayaraq) qalmamışdı ki, ondan danışmasın. Hamının çəkinəcəyi yer idi. Bunu özü də yaxşı bilirdi. Əməkdaşların birindən zəhləsi gedirdisə, redaksiyada ona heç kim salam verəməli idi! Təsəvvür edin! “Aşağı-yuxarı söz aparıb-gətirən” özü olsa da, başqalarını qaralayırdı – xoşu gəlməyənləri. Çoxlarının oğlu yaşında olan bu uşaq isə bundan sanki ləzzət alırdı. Bu isə o demək idi ki, “özünüzü yığışdırın, istəsəm, sizi də Məhəmmədin halına salar -infarkt edərəm!”
…2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdiyim, ilk imzamı yazıb sevdirdiyim “Yenilik” qəzetinin yeni həyatına başlamaq istəyirdim. Çünki bu qəzet Kəlbəcərin işğalından sonra fəaliyyətini dayandırmışdı. İlk imzamı sevdirən qəzetimizi Kəlbəcərimizə qayıdanadək saxlamaq, ayda bir dəfə olsa da, buraxmaq, Kəlbəcərimizin müsibətli günlərini tarixləşdirmək üçün ona böyük ehtiyacımız var idi.“Vətən səsi” qəzetindən aldığım əməkhaqqının bir hissəsin (50-60 manat) verir, Türkiyədən olan iş adamı Xəlil abinin mətbəəsində (məcburi köçkün olduğumuza görə o, qəzeti çox ucuz qiymətə, az tirajla olsa da) çap edirdik. TURAN ədəbi birliyinin ASKEF) üzvü olduğum üçün Türkiyədə də bu qəzeti yayırdılar. Qəzet Türk dünyası yazarlarının bədii yaradıcılığını ayda bir dəfə işıqlandırırdı. Qəzeti, həmçinin, məcburi köçkün soydaşlarımza pulsuz paylayırdım, heç bir imkanlı məmurun bir qəpik köməkliyi olmadan. Kitablarım çıxır, onun qonorarı ilə dolanışığımızı birtəhər həll edir, qəzeti də (“Azərbayvcan” qəzetinə gələnədək – 2006-2016-cı ilədək) ayda bir dəfə, 16 səhifə olmaqla, buraxırdıq. Sanki bununla bir mənəvi təsəlli alırdım. Onu da deyim ki, əsas mövzular siyasi, mədəniyyətlə bağlı idi ki, onlar da “Azərbaycan”da gedən məqalələrimdən ibarət olurdu. Qəzet sırf dövlətçiliyimizin müdafiəsinin təbliğatçısı idi. Məzmununa gəlincə, çalışdığım mətbu orqandan qat-qat dəyərli olduğunu söyləyirdilər.
Lakin son üç il idi ki, imkanım olmadığından, qəzetin fəaliyyəti dayanmışdı. 2018-ci ildən artıq onu buraxa bilmirdik. Onun elektron versiyasını yaratmaq istəsək də, maddi imkan yox idi. Buna görə sosial şəbəkədə fikrimi kəlbəcərlilərimlə bölüşüb, onları qəzetin dayanmasına imkan verməməyə çağırdım…
Məddahlıq və “artıqtamahlıq”…
Bu, mənin töhmətim, təhqirim və işdən çıxarılmağıma səbəb yox, bəhanə oldu. İxtiyarın əlinə “kozr” keçdi. Mən “Azərbaycan”a gəldikdən sonra qəzetə baş redaktor imzası da qoymurdum. Bunu bilməyə nə var ki? İki yerdə çalışmaq bizə burada yasaq edilmişdi. Mən həmin qəzetin elanını sosial şəbəkədə verməklə, sanki “özümə quyu qazdım”.
Dövlət Sərhəd Xidmətinin zabiti olan oğlumun illərlə gözlədiyimiz toyunun sabahısı gün mənə Baş redaktor-deputatdan qəzəbli əmr (ultimatum) gəldi: “Redaksiyadan, özxoşuna, ərizə yazıb, rədd olsun!” Səbəbini öyrənmək istəsəm də, məni qəbul eləmədi. Hələ də əmək kitabçam redaksiyanın arxivindədir. Onu vermədilər ki, başqa yerdə özümə lap başqa bir iş tapım. Bunu hansı qəddar insan edərdi?!
Mən ərizə yazmaq istəməyəndə, həmkarların yığıncağını çağırıb, “başqa yerdə qəzet sahibi olduğumu” əsas gətirəcəkləri ilə hədələdilər: “İşdə yol verdiyim nöqsana görə” əmək kitabçamı ləkələyəcəklərini gizlətmədilər. Redaksiyanın ilk həmkarlar təşkilatının sədrin heç bir səlahiyyət sahibi olmadığını yaxşı bilirik. Təsisçisi olduğum həmin qəzetdə baş redaktor özgələri ola-ola, məni heç nədən ləkələməyə çalışan, redaksiyada bütün səlahiyyətləri baş redaktor müavininin əlindən alan İxtiyarın gözü elə məhz özlərinin arxa-dayaq bildikləri Ramiz Mehtiyevin böyük şəkli yerləşdirilən kabinetdə idi.
Redaksiya əməkdaşları sanki akademikə işləyirdi. Redaksiyada alınan əməkhaqqından müəyyən qədər (cüzi də olsa) toplanan büdcə də “Ağsaqqal Fondu” adlandırılırdı. O fonda “qəpik-quruş” atmayanların adları “qara siyahı”ya salınır, onların xəstəsinə, hüzrünə yardım edilməməli idi. Həmin”Fondda” toplanan məbləğdən “ağsaqqal”ın kitabları nəşr edilirdi. Təəssüf kii, həmin kitablar elə redaksiyanın otaqlarında bağlamada qalır, oxucusu olmurdu.
Xocalı faciəsinin, səhv etmirəmsə, 30-cu ildönümü ilə əlaqədar kitab hazırlanırdı. Təbii ki, həmin kitab redaksiya əməkdaşlarının qəzetdə dərc edilən, yaxud edilməyən məqalələrdən ibarət idi. Bu sətirlərin müəllifinin də kitabda bir neçə yazısı yer almışdı. Amma, nədənsə, məqalələrin sonunda müəlliflərin adları göstərilmirdi. Buna dolayısı ilə irad bildirəndə, “ağsaqqal” belə məsləhət bilir”,-deyirdilər. “Ağsaqqal” isə, təbii ki, portreti Prezident kimi redaktorun kreslosunun arxasından asılmış akademik idi. Məqalə müəlliflərinin adları texniki heyət kimi, kitabın son səhifəsində, mündəricatdan da arxada yazılırdı (gözə dəyməməsi üçün). Kitabın avantitulunda isə məsləhətçi, tərtibçi və redaktorun adları, az qala, müəllif kimi yazılırdı. Bütün bunlar həmin cütlüyün ideyası, tapşırığı idi.
İxtiyarın B.Sadıqovun kreslosuna göz dikməsini redaksiyanın əməkdaşları, o cümlədən rəhmətlik fotoqraf Fərman Bağırov dəfələrlə baş redaktora desə də, o, sanki “fil qulağında yatmışdı”, yalnız ixtiyar sahibi elədiyi İxtiyara inanırdı… Fələk də az saymır ha! Sən saydığından da güclü olur. İxtiyarla Bəxtiyar arasında nə haqq-hesab baş verdisə, deyilənə görə, yolları ayrıldı. Ya Bəxtiyar “müəllim” gec də olsa, ayıldı, ya da İxtiyar artıq orada duruş gətirə bilməyəcəyinu duyub (axı, hər ikisi də cəmiyyətdə və mediada Gülənçi kimi tanınırdı), özünə başqa yem yeri axtarışında oldu. Bilmirəm, bildiyim odur ki, neçə-neçə günahsız qələm sahiblərini bu cütlük oradan perik saldı və özləri də bunu gizlətmirdilər.
Redaksiyanın kollegiya yığıncaqlarında, az qala, təhqir olunmayan kimsə qalmırdı. Sanki belə olmalı idi. Xalqın haqqını müdafiə etməli olan jurnalistlər “bir tikə çörək xatirinə”, iş yerini itirib, mənim kimi, “ev dustağı” olacaqlarından qorxduqları üçün susurdular. Onların isə sevindiklərindən, “ayaqları yerə dəymirdi”. Çünki arxalarında akademik dayıları dayanmışdı. Bunu gizlətmirdilər. Kəlməbaşı Ulu Öndərimiz Heydər Əliyevdən çox redaksiyada Ramiz Mehtiyevin adını çəkirdilər.
Onu da unutmamış qeyd edim ki, “Yeni Azərbaycan” qəzetində isə tamamilə bunun əksini gördük. Ramiz Ənvəroviçdən bəhs edən “Boz kardinal” yazısına görə Alqış Həsənoğlu Baş redaktorluqdan uzaqlaşdırıldı. Demək, partiyanın qəzeti o vaxtdan cəsarətli yazıları ilə diqqəti çəkirdi, bugünki kimi. Bu qəzetləri müqayisə etmək belə günah olar!
Ya məcburi ərizə, ya da divardakı “qara lövhə” və nohə…
Redaksiyanın koridorunun divarındakı “qara lövhə”yə baxanda, ilk baxışdan adama elə gəlir ki, onlar ömürlərini rəsmi dövlət qəzetinə həsr etdikləri üçün unudulmur və “xatirə lövhəsi”ə layiq oluduqlarına görə portretləri qara haşiyədə divardan asılıb. “Sənin də şəklinin nə vaxtsa, gec-tez burada olacaq” sözlərini eşitmək bilirsiniz nə qədər dəhşətdir?! Bunu hər ikisi də hamıya açıq-aşkar deyirdi: “Buradan kimsə salamat getməyib, ya it qovulan kimi, qovulublar, ya da bax, o “qara lövhə”dən boylanıblar!”
Mənə gəlincə, bir kəlbəcərli imkanlı məmurdan pul-para alıb İxtiyara verə bilmədyim “başımın töhməti” olmuşdu. Bəxtiyar müəllim məni redaksiyada işə tamamilə təmənnasız götürdüyünü şöbə dəki müxbirlərinin yanında İxtiyar öz otağında dəfələrlə üzümə çəkmiş, başıma töhmət eləmişdi. Hər ilin yanvar ayında – baş redaktorun ad günündə məndən bir aylıq əməkhaqqımı “şirinlik” üçün istəsə də, verə bilmədiyimə görə, hiss edirdim ki, artıq mənə orada yer yoxdur. Çünki, oğlum yaşında olan birinin təhqiramiz (həm də təkcə məni yox, hamını) sözlərlə zəhərləməyə ona imkan verə bilməzdim. Mən minnətli çörək yeməmiş və bu redaksiyaya da xahiş-minnətlə gəlməmişdim. “İstimi yeri soyuq edənlər”in Allah bəlasını versin!
Bu gün də yataqxana həyatı yaşayan, lakin alnı açıq, üzü ağ, dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarndan keçən şəhidlərimizdən daha çox yazan bir qələm fəhləsi olmağımla fəxr edirəm! Mən 30 il ərzində Qarabağ və doğma ana bildiyim, həsrətindən iki dəfə infarkt keçirən bir kəlbəcərli kimi, o diyarın tarixindən başlamış, qayıdışınadək qələm çalan insan olaraq, həmkarlarımın və xalqımın yanında oldum. Və orada bu gün də minbir əzaba qatlaşıb işləyənlərə yazığım gəlir. Necə ki Flora xanım oradan işdən uzaqlaşıb gedəndə demişdi: “Mən canımı götürüb qaçıram, yazığım Məhəmmədə gəlir”.
Yollar kəsişdi, cütlük yaman küsüşdü…
Flora xanımın redaktəsindən sonra yazılarımın eybəcər hala salınmasına dəfələrlə etirazını bildirməsindən kövrəlirdim. O, başqalarına bənzəmədi: əyilmədi, bir də Xalid Niyazovu elə gördüm! Sözünü üzə dedi və getdi. Çoxmilyonlu oxucu sevgisini qazanmış “Səhər” qəzetinin baş redaktoru olmuş “Məzahir Süleymanzadə isə dərdini özü ilə apardı…
Nəhayət! Mən bu günü arzulayırdım. Əllərim göydə, dizlərim yerdə belə dilək diləmişdim ki, Qarabağımızı azad edək, qalan şeylər boşdur. Astaradan yazdığım kitabdan mənə çatası zəhməthaqqımı verməyən nadürüstləri də Allahıma, Haqqa tapşırmışdım. Son aqibətini gözlərimlə gördüm. Ad çəkməyəcəyəm, “özümüzünkü” bildiyim mənə dağ çəkdi, ermənilər kimi! Amma haqqına çatdı: qara meşin qapılı kabinetdində qara maskalılar (canım qurban olanlar) qandallayıb həbsxana divarları arasına atanda bir daha əllərimi göylərə qaldırmışdım, şükranlıq üçün!
Belə bir maddi-mənəvi zərbəni də bu il aldım. Haradan, kimdən? Yaxşı oxuyun! Xocalının bir xalq qəhrəmanından yazdığım kitaba görə mənə çatacaq qonorar-əməkhaqqımı verib çap etdirdim. 30 il ərzində Xocalı soyqırımından 30-ca kəlmə yazmayan, yaza bilməyən bir nadan, nadrüst isə mənim beş-on manatıma göz dikdi haqqıma girdi, halal etmədim. İnşallah, onlar da cəzalarına çatacaqlar, buna inanıram!
Baxın, yuxarıda qeyd etdim ki, tarix heç nəyi unutmadığı kimi, Yaradanımız da daima başımızın üstündədir, unutmayaq. Nə ediriksə, haqqa, ədalətə tapınmalıyıq! Haqq nazilir, amma üzülmür.
Bilirəm ki, məndən maddi umacağı olan o gədə isə o qədər çaşdı, əndazəsini aşdı, şişdi-dağıldı ki, altındakı “Lang-qruzer”ə, “Prado”suna da sığmadı, necə ki bir vaxtlar Xeyrəddin Qocanın “olub-qopan” ucuzvari “Opel” markalı minik maşınına göz dikib aldı. İndi isə o, heç şübhə yox idi ki, redaktorun kreslosuna yayxanıb, arxasını da akademikin şəklinə söykəmək istəyirdi. Unutmuşdu ki, atalar demiş: “Bu dərənin sahibi bir gün gələcək”. Çünki məğlub etmək istədiyinə o qədər yaxınlaşmışdı. Bilmədim ki, yollar niyə kəsişdi, onlar niyə küsüşdü!
R.S.: Bilmirəm onların da ailəsi bizimki kimi yaşasaydı (zülm-zillətlə, həm də ki, qaçqın-köçkün olduğumuz üçün minnətlə), üstəlik, ailələrində (yataqda) xərçəng xəstəsi olsaydı, ona dərman ala bilməyib, yazıq-yazıq üzünə baxsaydılar, işdən qovulsaydılar, bu arxada qalan, susduğum illərdə dərdlərini açıb deyər, onlara qənim kəsilənləri ifşa edərdilər, yoxsa, mənim kimi, susardılar?!
Mən vicdanımın səsini eşidib susdum ki, vaxtı gəlməmiş dillənmək olmaz. Gərək körpə dil açsın, xəstə özünə gəlsin ki, harasının ağrıdığını deyə bilsin.
O gün gəlib, bu gündür – Haqqın nazilsə də, üzülmədiyi gün!
Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı tədqiqatçı-jurnalist,
Ç.Aytmatov beynəlxalq mükafatın laureatı
“Tərəqqi” medallı tədqiqatçı-jurnalist,
Ç.Aytmatov beynəlxalq mükafatın laureatı
Tehsil-press.az