Qara gözlü bilərziyin qara taleyi — Nəcibə İlkin yazır

Qara gözlü bilərziyin qara taleyi    —   Nəcibə İlkin yazır Qara gözlü bilərziyin qara taleyi

Yaxud, Sovet İttifaqının qara əməlləri

Amerikalı yazıçı, Nobel mükafatı laureatı U.Folkner yazırdı: “Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.” Sonuncu fikrin üzərində dayanıram...

Ədəbiyyat xalqı, milləti yaradır...

Bəli, xalqın, millətin soyunu, kökünü, keçmişini, tarixini, başına gətirilən faciələri, bu gününü, gələcəyini ədəbiyyat yazmasa, yaratmasa, o milləti kim tanıya bilər?!

Keçmişindən xəbərsiz olan bir xalq gələcəyini qura bilməz. Bu mənada öz gördüklərini kitabın yaddaşına köçürmək, xalqa çatdırmaq ədəbiyyatın vəzifəsi sayılır. Gələcəyə miras kimi... Ədəbiyyat keçmişi bu günə, bu günü isə gələcəyə daşıyan ən böyük maarifləndirici vasitədir. Ədəbiyyatın bundan böyük mahiyyəti yoxdur. Yazıçı isə həqiqəti yazmalıdır. Yalan ədəbiyyata ayaq aça bilər, amma həqiqi ədəbiyyat ola bilməz. Həqiqi ədəbiyyat isə əzablar içində doğulur.

Elə götürək Cəmşid Əmirovu. Sovet dönəminin klassik detektiv janrının banisi. Onun “Sahil əməliyyatı”, “Qara Volqa”, “Şəhər yatarkən”, “Brilyant məsələsi” kimi detektiv əsərləri milyonlarlarla oxucu kütləsinin sevimlisinə çevrildi. Nə üçün, niyə? Çünki xalq cəmiyyəti çirkləndirən ünsürlərdən, gizlin oyunlardan xəbərsiz idi. Bunları isə bilməmək şeytan qoynunda yatıb cəhənnəm yuxusuna düçar olmaq kimi bir şey idi. Bu çirkin oyunları xalqa çatdırmaq ədəbiyyatın vəzifəsi olsa da, cəsarət əsas amil idi. Cinayətkarlar məsuliyyətə cəlb olunsalar da, cəmiyyəti bu quldurlardan təmizləmək, tamamilə yox etmək mümkün deyildi. Çünki onların arxasında böyük qüvvələr dayanırdı. Bu oyun böyük qüvvələrin sadə ailələrin məhvi, gənclərin ölümü üzərində asan qazanc mənbəyi idi. Daha doğrusu mənbəyidir. Sovet qanunlarının “möhkəm və ciddi” bir zamanında belə qanunsuzluqların baş verməsi ağlasığan olmasa da, sovet rejiminin iç üzünü açıb ortaya qoydu. Zamanında yazılmaqla, milis orqanları ilə, cinayətkarlarla dəfələrlə söhbət aparan müəllif, xalqa dəqiq olanları çatdırmaq niyyətini yaşamışdı. Və bunu müəkəmməl şəkildə bacararaq oxucu qarşısına çıxara bilmişdir. Bu da bizim özümüz qədər inandığımız sovet qanunlarının şahlığı...

Vaxtılə sovet vətəndaşı olmağımızla, boynumuza qalstuk, yaxamıza oktyabryat, komsomol ulduzları taxıb “Mən sovet vətəndaşıyam” deməyimizlə o qədər fəxr etmişik ki... Sovet vətəndaşı olmaq sanki əsl insan olmaq deməkdir, fikri ilə yaşamışıq. Lakin, əli milyonlarla türkün qanına bulaşmış bu sovet imperiyası bizim parçalanmağımızda, torpaqlarımızın bölünməsində, türkçülüyümüzün məhv olmasında az rol oynamayıb. Əslində dədə-babalarımızın qanı üzərində qurulmuş bu rejim tərəfindən tariximiz gizlədilib, bayrağımız gizlədilib, bizi sovet bayrağı altında böyütməklə sovetin “sevimli vətəndaşı” ediblər. Sovet vətəndaşı adı altında bizi əziziləyən, başımıza sığal çəkən bu rejim əl altından sovet vətəndaşlarını “ağ ölüm” lə zəhərləyərək milyonların sahibi olmağa çalışıb. Zaman isə ən gözəl hakimdi...

Müharibədən yenicə çıxmış sovet Bakısında mütəşəkkil cinayətkar dəsətəsinin yarandığı onların hər cür cinayət törətdiyi, narkotik, qumar, oğurluq, quldurluq, zorakılıq, qətl hadisələrinin baş alıb getdiyi çətin bir dövrdə, sovet qanunlarının kəskin dönəmində Cəmşid Əmirov ard-ardıyla qatı cinayətkarların iş başındakı quldurcasına törətdiyi hadisələri, çekist və milis işçilərinin bu sahədəki fəaliyyətini və həyata keçirdikləri əməliyyatarı müəllifi olduğu kitabların yaddaşına köçürdü. Əsərlərin sonunda cinayətkarlar ədalət məhkəməsi qarşısında cəzalandırılır. Onun əsərlərinin əsas mahiyyəti məhz insanın cinayətkar kimi doğulması deyil, cəmiyyətin insanları cinayətkar kimi formalaşdırmasıdır.

Bir sözlə, bədii nəsrimizin mövzu və ideya, sənətkarlıq cəhətdən formalaşmasına təsir göstərməklə gələcək nəslin detektiv ədəbiyyata gəlişinə yol açdı, Cəmşid Əmirov. Bu yolu gedənlərdən biri, çağdaş ədəbiyyatımızda ilk detektiv yazan xanım yazıçımız Rəna Nəcəfqızıdır. O, “Qara gözlü bilərzik” adlı detektiv-kriminal romanı ilə ədəbiyyatımıza öz möhürünü vurdu. Son zamanlar ədəbiyyatda səs-küyə, oxucuların marağına səbəb olan bu kitabı həvəslə əldə edib oxumağa başladım. Doğrudur, əsər haqqında müəllifin öz dilindən eşitmişdim. Lakin onu oxumaq, fikir və düşüncələrimin süzgəcindən keçirmək həm müəllifin, həm də mənim arzum idi.

Sözün həqiqi mənasında əsəri oxuduqca nələr yaşadığımı deməkdə acizəm. Əsər ideya cəhətdən çox güclü və təsiredicidir.

Ən yaxşı tərəfi isə onun real faktlar üzərində yazılmasıdır. Əsər insanı bir anlıq həyacan dolu hisslərlə qarşılayır, özünə çəkir və inanılmaz dərəcədə insanda qorxu yaradır. Məhz əsərin də gücü ondadır ki, oxucunu həyacanlandırsın, onda vahimə yarada bilsin... Adını unutduğum bir müdrikin sözüylə desək, yazıçının əsəri atışmanı xatırladır, güllə birbaşa oxucunun beyninə də keçər, yandan da ötə bilər. Mənə elə gəlir bu əsər güllə kimi onu oxuyanın birbaşa beyninə keçir. Markes yazırdı ki, gerçəkliyi astar üzünə çevirən və bu astar üzün necəliyini göstərən roman mənim fikrimcə can atmalı olduğumuz ideala yaxındır. Ümumiyyətlə, yazıçı yalnız xeyirxah, nəcib məqsədlər güdən əsərlər deyil, həm də yüksək səviyyəli əsərlər yaratmağa çalışmalıdır. Hər bir yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Mən deyərdim ki, bir yazıçı kimi Rəna Nəcəfqızı bu əsəri ilə inqilabi çağırış elədi. Çox yüksək və ali səviyyədə...Əslində əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan yol olmalıdır. Bu yolu şərəflə açan və onu getməyi bacaran Rəna xanım düşünürəm ki, bu əsəri ilə xalqı ayıltmaqla, aydınlığa çıxartdı. Əsər yaddaşımızı təzələdi, bizi özümüzə qaytardı. Beynimizdə, düşüncəmizdə olan inamımızı dəyişdirdi, həyatın ağrılı anlarını yaşayan, pul üstündə çirkin oyunlara təhrik olunan vətəndaşlarımızın yaşadıqlarına təəssüfləndik. Onları belə oyunların qurbanı edənlərə qarşı nifrət hissimiz nə qədər güclü olsa da, əslində hər birisi zamanın qəddarlığının qurbanı olmasını da unutmamalıyıq. Həyatın hər üzünü obrazıların simasında bizə çatdıran müəllifin demək istədyi nədir?

Həyat heç də hər zaman biz deyən kimi olmur. Hər kəsin yaxşı yaşamaq arzusu olsa da, həyatın girdabına tuş gələn, cəmiyyətin formalaşdırdığı bataqlığında batan, iradəsi və düşüncəsi zəif, mənəviyyatı kasad insanlar bu yaşamağın ləzzətini müvəqqəti “varlanmaqda”, pula hərisikdə tapırlar. Bu hərislik isə onları uçuruma yuvarlayır, həyatın amansızlığı ilə üz-üzə qoyur.

Öncə onu qeyd edim ki, Rəna xanımın nəsr qələminə bələdəm. Onun sosial şəbəkədə povest və hekayələrini oxumuşam. Nəsr dili çox rahat, rəvan olmaqla maraqlı süjet xətləri, dolğun fikir və düşüncələri var. Təhkiyələr, obrazların dili olduqca səmimi və oxunaqlıdır. Heç kəsi təkrarlamayan mövzu seçimi və fərqli dil üslubu olduğu qədər də güclü və cəlbedicidir.

Unutmayaq ki, zamanla səsləşən əsərlər hər an bizim ehtiyac yerimizdir. Həm də o əsərlər ki, dünənimizi bu günümüzə çatdırır. C.Əmirov haqqında dediklərimi Rəna xanıma da aid edirəm. Əsərlərin süjet xətti müxtəlif olsa da, mövzu baxımı eynilik təşkil edir. Eyni dövr, eyni zaman və eyni kriminal hadisələr. Narkotika, qızıl alveri, qətllər və s. “Qara gözlü bilərzik” də başlanğıcı yüksək dairələrdən başlayan və sovet ölkələrində davam edən bu kriminal hadisələr sanki hörümçək torunu xatırladır.

C.Əmirovun əsərlərindəki hadisələr Rəna xanımın əsərindəki hadisələrin bir hissəsidir, desəm yanılmaram. Rəna xanım hadisələrin baş verdiyi əsas mənbədən və lap əvvəlindən, başlanğıc nöqtədən, Cəmişid Əmirov isə hadisələrin ortasından başlayıb. Yəni təkcə Azərbaycandakı hadisələrdən. Deməli, C.Əmirovun əsərindəki hadisələr həmin əməliyyatların davamıdır, yaxud bir qoludur...

Mərkəzdən idarə olunan “Qaragöz” əməliyyatı postsovet məkanlarında cərəyan edir. Özü də seçilmiş və bu işdə səriştəli olan adamlarla. Müəllifin dediyi kimi Qalina Leonidovna, Vladimir, Mariya Koşilova, Nara, Ayka və s. Onların sayəsində Moskva, Moldava, Tbilisi, Kazan “narkotik biznesi” əlaqələri geniş vüsət alır.

Əsər çox samballı olmaqla yanaşı, maraqlı və həyacanlı epizodlar üzərində qurulub. Yenicə müharbə alovundan çıxmış ölkələri narkotika alovu bürüyür. Bir ucu isə Azərbaycanda davam edir.

Baş verən hadisələr sovet rejiminin məhsuldur. Serb yazıçısı İ.Andriç yazırdı: “ Mən yaşayıb həyatdan zövq alanda – yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur.” Bəli, yazıçının yazdığı əsər onun çəkdiyi iztirablardan, gördüyü acı həqiqətlərdən, dəhşətli əzablardan yaranır. O əzablar ki, gündən-günə doğulur, yaşıyır, məhv edir... Sanki bir alovdur, yeri-göyü bürüyən və sönmək bilməyən alov. Narkotik alveri bu gün də gəncliyimizin məhvinə yönələn və sönmək bilməyən br alovdur ki, hələ nə qədər insanların vaxtsız canını alacaq, neçə cavanlar qurban gedəcək. Kimlərinsə varlanmağı naminə....

Əsərin əsas qəhrəmanı, kriminal dəstənin başçısı keçmiş SSRİ-nin, yəni Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi, hər birimizin sülhsevər kimi tanıdığımız L.İ.Brejnevin qızı Qalina Leonidovnadır. İkinci qəhrəmanı isə Ayka ləqəbli Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elzadır. Hər ikisi brilyant, narkotika alverçisi...

Elzanın kimliyi haqqında müəllif bizi çox keçmişə, “Sarıqamış” hərəkatına aparır. Hansı ki, bizim yaddan çıxmayan qanlı tariximiz... Rus işğalına məruz qalan Qars, Ərzurum, Ərdahan... Bu hərəkatda əsir götürülənlərin içində altı yaşlı Aişə Mətini milyonçu İsrafil ağa həyat yoldaşı Sona xanımla birgə rus generalna rüşvət verərək ölüm adası olan Nagindən qaçırmaqla, onu əsirlərdən birinə qoşaraq Gürcüstana göndərir. 18 yaşli Aişənin ailə qumasından Tərlan adında oğlu, Sona adında qızı olur. Oxucuya aydın olur ki, Aişə Mətin Aykanın nənəsi, Sonanın qızıdır. Hansı ki, Sona və əri Sadıx haqqında müəllif kiçik bir epizodla bizi tanış edir. Sadıx müharibəyə gedənə qədər Sonanın qardaşı Tərlandan gözü su içmədiyinə görə evinə qoymur. Sadığın müharibəyə getməsi Tərlanın əl-qolunu açır və bacısı hələ ölüm ayağında ikən evini satır, balaca Elzanı isə küçələrə salır. Özü isə narkobaron Georginin dəstəsinə qoşulur.

Əsərdə həqiqətin gerçək üzü var, bəzəksiz hadisələr var. Həyatda baş verən ən qorxunc və insanların iç üzünü aça bilən, keçmişimizin bu günümüzə qoyduğu bağışlanılmaz miras var. Hansı ki, bizlər onlardan xəbərsizik...Hansı ki, onlar hələ də davam edir. Unutmayaq ki, narkotik vasitələrin vüsət aldığı bir dövrdə, gənclərimizi “ağ ölüm”ə sürükləyən, onların həyatını məhv edən, gələcəyimizi kölgələyən bu iyrənc, qorxunc, dəhşətli ağrılar cəmiyyətimizin yaxa qurtara bilmədiyi ən böyük bəlalardan biri, yaxud birincisidir.

“Qara gözlü bilərzik” də bu baxımdan keçmişimizdən bu günümüzə boylanan qara taleli yazıdır. ilk nəzərimi cəlb edən SSRİ-nin baş katibi Brejnevin qızı Qalinanın hər kəsi heyrətə salan özündən 18 yaşlı böyük olan bir sirk ustası ilə ailə qurmasıdır. O an hiss olunur ki, bu nigah sevgi üzərində deyil, başqa maraqlar üzərində qurulur. Hadisələr məhz onun ərinin SSRİ-nin xalq artisti, sirk təlimçisi, brilyant kolleksiyaçısı İrina ilə səfərdən qayıtmasından sonra başlayır. İtalyada səfərdə olan zaman ölkənin milyarderi İrinaya bağışladığı altı-yeddi milyonluq qara gözlü bilərzik Qalinanın nəzərindən qaçmır. Bu, adi bilərzik deyildi. İmperatorun öz zərgərinə hazırladığı və 150 ildən sonra hərraca çıxarılan çox bahalı, brilyant qaşları ilə gecəni işıqlandıran bir bilərzik idi. Onu əldə etmək üçün planlar cızan Qalina, ərinə israrla bilərziyin onda olmasını təkid edir. Bu işin həll olunması isə ərinin dostu, brilyant və narkotik alverçisi qaraçı Borisə tapşırılır. Boris isə bu işi Cəbrayılla həll edir...

“Qaragöz” əməliyatı Qalinanın istədiyi kimi başa çatır. Bu əməliyyatda nə qədər insanın ölümü deyil, əsas Qalinanın istədiklərinin əldə olunması idi. Əsər o vaxtı samballı olur ki, mövzu baxımından maraqlı olsun və müasirliklə səsləşə bilsin. Müəllif o vaxt oxucu tərəfindən sevilir ki, nəsr dili rahat və qəlbə yatımlı olsun. Mövzu ruhun tələbində, qəlbin aynasında özünü rahat tapa bilsin. Hər iki eyniliyi özündə birləşdirən əsər xalqın yaddaş məhsuluna çevrilir. Olduqca maraqlı və oxunaqlı əsəri müəllif peşəkarlıqla obrazların dili ilə hadisələri çox asanlıqla oxucuya çatdırır. Əslində cinayət əməlli hadisələr yazıçıdan həm də bacarıq tələb edir. Bu bacarıq isə Rəna xanımın özünü bu janrda sınamaq kimi gücündən irəli gəlib məncə. Və çox gözəl də bacarıb.

Böyük Vətən müharibəsinin milyonlarla insana vurduğu zərbə əsərdə Ayka ləqəbli Elzadan da yan keçməyib. Müəllif bu obrazın kiçik yaşlarından başına gələn bəlalarla oxucunu tanış edir. Vaxtsız ata-anasını itirən Elzanın zirzəmilərdə keçirdiyi məşəqqətli həyatı, zibil yeşiklərindən çətinliklə əldə etdiyi tullantı qidaları qəbul etməsi onu sıxsa da, içindəki ümid işığı onu yaşamağa sövq edib. Ürəkağrıdıcı həyatı olan Elzanı bu əzablardan qurtaran Zəfər adlı bir zabit onu evinə gətirir və ailə həyatı qurur. Lakin bir müddətdən sonra Zəfər küçədə narkoman dəstə ilə qarşılaşır. Bu dəstənin başçısı Georgi olsa da, dəstədə vaxtilə Elzanı küçələrə salan dayısı Tərlan da var. Onun bütün sirlərini Elzadan öyrənmiş Zəfər üzünə hər şeyi deməkdən çəkinmir. İnsanlığını itirmiş narkoman Tərlan ona bələd olan Zəfərin sonuna çatır. Cəbrayıl adlı bir övladı olan Elza isə özü də bilmədən, ürəyinin saflığından başqa bir narkoman dəstəsinin tələsinə düşür.

Əsərin acılı-ağrılı məqamlarını bəzən qəbul etmək ağır olsa da, ancaq düşünürsən ki, müəllifin oxucuya demək istədiyi əsas cəmiyyətin iyrəncliyinə bulaşmış və mənəviyyat aləmindən tamamilə uzaqlaşmış isanlığını narkotikə qurban vermiş belə məxluqların son aqibətini oxucuya çatdırmaqdır. Əslində belə əsərlər bir maarifləndirici amildir. Müəllif küçədə, əsas da zibil yeşiklərinin yanında dilənən Elzanı başqa bir narkotik alverçisi Nara ilə rastlaşdırır. Nara, Vladimir və Safina üçlüyü. Bu işin peşəkarları ilə Elza daha da müəkəmmələşir. “Tbilisi-Moskva” qoluna Nara nəzarət edir. Demək olar ki, Tbilisidən tutmuş Gürcüstanın bütün regionlarının narkotiklə o təmin edir. Nara Elzanı narkotacir dostları ilə tanış etdikdən sonra Elza bu yolun mükəmməl yolçusuna çevrilir. Elzanın bir dilənçi kimi zibil yeşiklərindən qida axtarması heç kəsi şübhələndirmədiyindən onu bu işə sövq edən Nara vaxtla hərəkət edir. Zibil yeşikləri onların “mal”ının təyinat nöqtəsi olur. Elzanın heç kəsin nəzərini cəlb etmədən guya zibil yeşiklərindən qida axtarması, bəzən dilənməsi danışılmış şəkildə ora tullanmış “mal”ın evinə aparması, onu səliqə ilə paketləməsi və sahibinə çatdırması işini böyük məharətlə həyata keçirməklə dəstə başısının ən etibarlı adamına çevrilir.

Azadlığın nə olduğunu bilməyən insanlar vəhşi heyvandan betər bir-birini parçalamaq üçün hər an hazır olur. Heyvanlar yem üstündə, belə “insanlar” isə pul üstündə. Olmuş həqiqətlərin gerçək üzü... Hər an səni gözləyən ölümlə üz-üzə olduğunu bilsən də, nəfsinə yox deyə bilmirsən. Madiyyat mənəviyyatı üstələyir. İnsanlıq isə tamamilə yox olub gedir. Bax, belə bir cəmiyyətin sakini olmaq nə qədər ağırdısa, olanları, baş verənləri qələmə almaq da müəllif üçün o qədər çətindir.

Elzanın əli çoxlu sayda insanların qanına batsa da, işini məharətlə həyata keçirir və ətrafındakı dəstəsi onu qorumaqla “mal” ın satışının daha da çoxalmasına, daha geniş yayılmasına nail olur. Kriminal dəstənin görüş yeri onun Qaratəpədəki dəbdəbəli sarayıdır. Oğlu Cəbrayılı rəfiqəsi Sara ilə Azərbaycan kəndlərinin birinə yola salan Elza oğlunun bunlardan xəbərsiz olmasını istəyir. Əslində oğlu da cani kimi böyüyür. Əsərin əvvəlində qeyd etdiyim “Qaragöz” əməliyyatın qatı cinayətkarından biri Cəbrayıl olur. O, dəstə üzvülərini qətlə yetirib iz buraxmadan İrinanın bütün brilyantlarını ələ keçirib, aradan çıxır. Oğurladığı qızılları anasına təhvil verir.

Rus tənqidçisi V.Belincki yazırdı ki, “Cəmiyyət kimi ədəbiyyatın da plebeyləri, qara camaatı var, qara camaat isə hər yerdə həm nadan, həm də azğındır”. Məncə müəllifin bu əsərindəki qara camaat da elə eynidir, nadan və azğın.

Əsər boyu Cəbrayılla bağlı süjet xəttində çox şeylərdən xəbərdar oluruq. Cəbrayıl bu kəndə ayaq qoyandan kənddə avaraçılıq, savadsızlıq baş alıb getməsinin şahidi oluruq. O, öz tay- tuşlarını təhsildən yayındırmaqla, onları cahilliyə aparır. Nuralılar kəndində ailə daxili münaqişə və planlı şəkildə ölüm hallarının başında duran Cəbrayıl əmisi oğluna nişanlı olan Alagöz adlı qızı götürüb qaçırmaqla onun qardaşının hücumuna məruz qalır. Cəbrayılın bıçaqla onu yaralaması və həbs edilməsi, dörd ildən sonra həbsdən qayıdanda Alagözün öldüyünü, qızı Yasəmənin isə Cəbrayılın “anası” Saranın umuduna qalması məsələləri onda hiddət doğurur. Məcbur olub çox keçmədən Sənubərlə ailə həyatı quran Cəbrayıl daha çətin tale yaşayır. Dostu Talıbın Cəbrayılla birgə içki qəbul edərək, arvadı Məsumənin ölümünə səbəb olması və s. qarışılıqlı epizodların bir-biri ilə əlaqəli şəkildə çox sirlərin açılmasına gətirib çıxarır. Hələ 14 yaşında ikən əli qana batan Cəbrayıl artıq cani kimi özünü təsdiqləmişdi. Anasının tapşırığı ilə atasının qisasını aldığı Georginin diri-diri gözünü çıxarmış və onu min bir işgəncə ilə öldürmüşdü. Bu, bir qisas olsa da 14 yaşlı bir gəncin əsil cani olmasına yol açmışdı. Ona barmaq silkələyn adamın ölümünə dərhal fərman vermək və yerində əməl etmək anası Aykadan ona qalan mirasdı. Anası heç kəsə tabe olmayan və ona qarşı gələni yerindəcə “qoçuları“nın əliylə susdurur.

Cəbrayıl insanların ölümdə müxtəlif üsullardan istifadə edir. Sanki bu yolda böyük məktəb keçib, canilik məktəbi. Arağına dərman qatılan, ağlı başında olmayan Talıb Məsumənin üstünə getsə də, arvadın başına zərbəni vuran Cəbayıl, çəkiçi yerə yıxılan Talıbın əlinə qoyub çölə çıxır. Hətta Talıbın istintaq zamanı dönə-dönə dediyi sözə heç kəs məhəl qoymur. “ Sərxoş idim, döydüyüm yadımda idi, amma onu mən öldürməmişəm” dediyi həqiqətə heç kəs inanmır. Çünki Cəbrayıl heç bir iz qoymadan məharətlə öz cani rolunu gözəl oynamışdı. Əslində Məsumədən həm də öz sevgi qisasını almışdı.

Müəllif həbsdə olan zaman Talıbı Zaxarla rastlaşdırır. Rüstəm Adıgözəlovu Zaxarın əliylə öldürtdürən Ayka onu qurtarmağa söz versə də əksinə həbs etdirmişdi. Düz 27 il... Zaxarın tezliklə çıxacağını bilən Talıb ondan Qədirə de ki, anasını mən öldürməmişəm xahişini edir. Bunları Qədirə çətinliklə də olsa çatdıran Zaxar Cəbrayılla görüşə bilir. Lakin əli qanlı Cəbrayıl onun da sonuna çatır. Haqsızlığın haqq üzərində qələbəsi.

Cəbrayılın ikinci dəfə evləndiyi Sənubərin qızı Yasəmənə, “anası” Saraya qarşı soyuq münasibəti Cəbrayılda narahatçılıq yaradır. Saranın yatıb qalxmaması münaqişənin böyüməsinə gətirib çıxarır. Canını Sənubərdən qurtarmaq fikrinə düşən Cəbrayıl onu zəhərləyib öldürməyi Talıbın əliylə həyata keçirmək istəsə də Talıb onu aldadır. Cəbrayıl özü bu işi həyata keçirir. Sənubərin 8 yaşlı qızı ölür, özü sağ qalır. Təsadüfən evində sahə müvəkkili ilə Sənubərin arasındakı münasibətdən xəbər tutan Cəbrayıl qisas hissi ilə yaşayır və hər ikisini qətlə yetirir. Lakin bu qətli də izsiz qoyur. Əslində həm burda, həm atasının qatili Georginin, eləcə də anasının dayısı Tərlanın ölümündə Cəbrayıla haqq qazandırıram. Sənubər kimi qadın, ana adına ləkə olanların bu cəmiyyətdə yaşamağa haqqı yoxdur. Cəmiyyətimizin çirklənməsində belə qadinların olması, onların iyrənc hərəkəti qadın adına böyük bir ləkədir. Yaxud Tərlan kimi şərəfsiz dayını, Zəfər kimi igidi öldürən Georgi kimisini işgəncə ilə öldürmək haqlı intiqamdır. Cəbrayıl mənfi obraz olsa da onu burda alqışlayıram. Unutmayaq ki, hər bir mənfinin müsbət tərəfi də ola bilir. Onun brilyant bilərziyi ələ keçirmək üçün müstəntiq Ağalarovun kiçik yaşlı oğlunu oğurlaması və uşağa qarşı son dərəcə səmimi olmaqla, yalnız istədiyini əldə edəndən sonra onu ailəsinə təhvil verməsi Cəbrayılda az da olsa insanlıq hissinin olmasına işarədir. Əslində hər şeyini itirmiş belə canilərdən bunu görmək çətin məsələdir. Bəlkə də burda izini itirə bilməmək ehtiyatından çəkinib. Oğurluq, quldurluq, ölüm siyasətində gözü açıq olsa da, həyatda uduzduğunu, həyatını insan kimi yaşaya bilməməsindən çəkdiyi əziyyəti özü gözəl sonralar anlayır Cəbrayıl. Artıq həyat onun gözündə çoxdan ölmüşdü.

“Qaragöz” əməliyyatını öz dəstəsi ilə həyata keçirən Cəbrayılın izi itirmək üçün Moskvaya getməsi və dostu Vladimirlə görüşməsində növbəti cinayətin izi açılır. Dostu kraliçanın bu gün iqamətgahda olacağından onu xəbərdar edir. Kraliça ilə birlikdə böyük nümayəndənin qadınları da iştirak etdiyi məclisdə, hər birisi qızıl, brilyant içində par-par yanan qadınlara göz yetirən Qalina başqasından alıb yaxasına taxdığı bir milyonluq “broş”la nəzəri çarpsa da, həm o “broş”u, həm də qadınlarda olan bahalı daş-qaşların necə əldə etməsi barədə düşünür. Bunun üçün Dövlət Plan Komitəsi sədrinin qızı İnqanın məsləhəti ilə sehrbazın bu işə cəlb olunmasını tapşırıq verir. Sehrbazın məharətini seyr edən və bəyənən Kraliçanın tapşırığı ilə sehrbaz bütün qızıl və brilyantları əldə edir. Lakin onu sehrbazdan alınması işini Vladimir öz üzərində götürməklə Cəbrayılı bu işə sövq edir. Pəncərədən onu pusan Cəbrayıl Sehrbaz çıxmağa hazırlaşan zaman cəld qapıdan girib binanın zirzəmisindən şiti kəsməklə zalı qaranlığa qərq edir. Sehrbazın əlindən qızılları məharətlə alaraq aradan çıxaran Cəbrayıl heç nə olmamış kimi bu dəfə də iz buraxmadan böyük bir cinayətə əl atır. Lakin nə dostu Vladimir, nə də Kraliça onu izləyə bilmir. Hər tərəfi qaranlıq zindana döndərən Cəbrayıl sakitcə, şübhə doğurmadan aradan çıxır. Bu qədər qızıla, daş-qaşa həris, gözü doymayan Qalinanın qurduğu plan pozulur. Qışqırıq səsləri hər tərəfi bürüsə də Cəbrayıl öz işini görmüşdü artıq.

Müəllifin oxucunu tez-tez heyrətləndirici cinayət hadisələri ilə üz-üzə qoyması əsəri daha da oxunaqlı edir. Cəbrayılın bu işdə səriştəli olduğu qədər də müəllifin peşəkarlığı göz önündədir. Şəhərin qaranlıq küçələri ilə sürünən Cəbrayıl kanalizasiyaya girərək gözdən itir. Çox qəribədir ki, bu qədər qızıla hərislik və hər an həyatını təhlükə qarşısında qoyan Cəbrayıl zülmət qaranlıqlı kanalizasiya ilə xeyli gedəndən sonra özünü danlayır. Havasızlıqdan, üfunət iyindən yorulan Cəbrayıl bezərək sonda belə bir fikir deyir: “Bax, Cəbrayıl dünya malı ovuclarındadır, amma onlar bir kibrit çöpünün işığı qədər yolunu işıqlandırmır. Əksinə səni işıqlı dünyadan məhrum edən elə bu dünya malıdır, -deyib zinət əşyalarını yarı yolda kanalizasiyaya atır. Və yandırmağa heç nə tapa bilməyən cani sonda SSRİ pasportunun vərəq-vərəq yandırmağıyla özünə yol axtarır. Mənə elə gəlir ki, sovet vətəndaşı olmağından bezən bu cani, bütün heyflərini o pasportdan alır. Yaxud sovet vətəndaşı olmağından və bu rejimin belə çirkin siyasətinə bulaşdığından özünün peşmaçılıq hissini göstərir. Çünki bu rejimin çirkin oyunlarına qurban getdi anası da, ailəsi də, özü də...

Göründüyü kimi Cəbrayıl çox təhlükəli bir cani olsa da, müəllif onu həyat sıxıntılarında dilə gətirir. Sonda həyata keçirdiyi gah günahlı, gah da günahsız ölümlərdə heç vaxt iz buraxmasa da, milis orqanlarının araşdırması öz sözünü deyir. Mütəhhim kürsüsündə hər şeyə aydınlıq gətirən cani çox dəqiq və bilgili halda sualları cavablandırır. Sən demə caninin keçdiyi məktəb də adi deyilmiş. Hər kəs özünə məxsus olduğu mühitdə peşəkarlaşır. Onun kimilər çirkin cəmiyyətin üzvü olsalar da, öz sahələrinin bilicisinə çevrilir, hazırcavablığı və qazandığı “səriştəsi” ilə...

Müəllifin belə bir qarışıq, həm də çətin epizodlarla süjet xətləri qurması möhkəm iradənin, zəngin ağlın, dərin düşüncənin nəticəsidir məncə. 10 ilə yazılan əsər təbii ki, öz dəyərini oxucu qarşısında bildirməli idi. Əsərdə oxucunu həyacanlandıran, heyrətə salan qəfləti qarşılaşma, emosional görüşlər müəllif peşəkarlığının nəticəsi, hisslərin ali dərəcəsidir. Yüksək dəyərə malik olan əsər həyatın dərin qatlarını, insanlığın bilinməyən sirlərini, insan mənəviyyatının nələrə malik olduğunu, heyrətamiz bir səhnə ilə oxucunu qarşısında əyləşdirir.

Müəllif Elzanın dilənçi libasında zibil yeşiklərinin yanında öz işlərini həyata keçirdiyi zaman Qaraxan adlı birisi ilə tanış edir. Qaraxan dilənçi bildiyi Elzanın kim olduğunu tam tanımasa da, atasının qatili Ayka haqqında öyrənmək istəyi ilə yaxınlaşır ona. Müəllif bu epizodları o qədər məharətlə işləyib ki, bir anlıq hadisənin içində özünü hiss edirsən. Və bu hədisəni həyacan dolu izləməyə davam edirsən. Burda C.Əmirovun “Brilyant məsələsi”əsərindəki Klaranın verdiyi bir müsahibə yadıma düşür: “Cəmşid Əmirov məni tez tez sorğu- sual edirdi, mən onu yazıçı deyil, hüquqşünas bilirdim. Amma mənimlə çox səmimi rəftar edirdi”. Əslinə qalsa yazıçı hansı mövzuda yazır yazsın, o sahəni bilməlidir. Və əsərin gözəlliyi oxucunu həyacanlandırmasıdır. Düşünürəm ki, Rəna xanım bu əsəri yazana qədər arxiv materiallarından istifadə etməsi bir yana, hüquqi sahədə qayda-qanunları da gözəl öyrənib. Necə ki, son anda Cəbrayılın mütəhhim kürsüsündə haqq-ədalət məhkəməsi qarşısında verdiyi cavablar, eləcə də hadisələrin ardıcıl olaraq maraqla davam etməsi...

Qaraxanın kim olduğunu öz işçilərindən birinin Elzaya deməsi və Elzanın isə ona ölüm planını hazırlanması olduqca maraqlı və qandonduran bir səhnədi. Təbii ki, Elza kimi təhlükəli adamla oyun oynamağın nə qədər çətin olduğunu müəllif Elzanın diliylə bizə çatdırır. Elza ailə qurub inandığı adamın kim olduğunu biləndə dünya gözlərində qaralır. O, qatı cinayətkar olaraq oyuna salınmasını heç cürə qəbul etmir. Qəflətən Qaratəpəyə gedib qayıtması və qara pobedadan düşən zaman Qaraxanın nəzərlərinə tuş gəlməsi və bütün bunların bir anda baş verməsi əsərin ən həyacanlı yeridir. Axtardığı Aykanın Elza olması epizodu yazıçı məharətini bir daha ortaya qoyur. Atasının qatili ilə bir evin içində üz-üzə dayanmağın nə qədər ağrılı olmasını o həzm edə bilmir. Lakin hər şey gec idi. Onun üçün Ayka ölüm planını cızmışdı.

Burda U.Folknerin dediyi fikir tam yerinə düşür: ”Hər bir ədəbiyyatçının vəzifə borcu insanlığı, insan ruhunu axtalanmaq təhlükəsindən xilas etməkdir”. Mənə elə gəlir ki, insanlığını itirmiş Elza kimiləri bu cəmiyyət üçün nə qədər təhlükəlidirsə, ədəbiyyat üçün insan ruhunun təhlükədən xilas olunması qədər önəmldir. Oxucunu ictimaiyyət üçün, cəmiyyət üçün hazırlayan müəllif onu hər an kiminsə ovuna düşməkdən nicat yolunu axtarır.

Yüksək dairələrdən idarə olunan Ayka Moskvadan daha idarə olunmayacağı barədə xəbərdarlıq alır. Onun son olaraq cinayətinin izinə düşən Gürcüstandan gələn müstəntiq, axtarış şöbəsinin rəisi mayor Rüstəm Adıgözəlovun oğlu, kapitan Qaraxan Adıgözəlovun nəvəsi idi. Haqq gec də olsa öz yerini tapır. Qisas qiyamətə qalmır.

Hər tərəfdən mühasirə olunduğunu bilən qatı cinayətkar Aykanın ələ düşməmək üçün özünü güllə ilə öldürməsi məndə ikrah hissi oyadır. Əslində mən Aykanın ədalət məhkəməsində dindirilməsini istəyirdim. Məhkəmədə isə özünü milis orqanına təslim edən oğlu Cəbrayıl oturur. Və hər şeyi açıq etiraf etməyə məcbur olan cani, müstəntiqin suallarına elə cani kimi də cavab verir. Cəbrayıl iz buraxmadan etdiyi qətllər üçün ədalət məhkəməsində dindirilməli idi...

Əsərdə hər şeydən xəbərsiz qatı cinayətkarların övladı müsbət obraz kimi tanıdığımız Yasəmənin atasının və nənəsinin kim olduğunu biləndən sonra, inandığı Qədirdən mühakimə dolu fikirləri eşitcək özünü öldürür. Qara gözlü bilərzik isə qırlıb xırda-xırda yerə səpələnir...

Müəllifin bununla demək istədiyi çox şey var. Hər kəs öz əməlinin qurbanı olur. Amma insanlığa nümunə olan Yasəmən kimilər isə oyunların qurbanı olur. Yerə səpələnən “Qara gözlü bilərzik” deyil, qara gözlərinin göz yaşları idi. O, təkcə Yasəməni ağlıyırdı...

Sənubərlə onun qarşılıqlı dialoqunda da, əsər boyu müşahidlərimizdə də Yasəmənin nə qədər təmiz, saf birisi olduğu aydın görünür. Gülçöhrəni dörd övladı ilə birlikdə böyüdən hər kəsin, bütün elin-obanın hörmətini qazanan bu qadın mənfi tiplərin iç üzünü bilir, böyük təəssüf hissi keçirirərək qəbul edə bilmədiyi bu çirkinliyə ölümüylə özünü qurban verir.

Başı bəlalı Nuralılar kəndinin üzünə doğmayan Günəş bu canilərdən canını qurtardıqdan sonra işıq saçır. Müəllif insanların psixiologiyasının müxtəlif istiqamətlərini özünəməxsus, fərdi təhkiyə üsulu ilə çözür. Hiss olunur ki, müəllif həyatın bu acı mərhələlərində təngnəfəs olur, onun həyacanı obrazları yeni hiss və duyğuları ilə hərəkətə gətirir. Bu qədər məşəqqətləri əsərdə yaşadan müəllifin özü üçün də çox ağrılıdır əslində.

Müəllif SSRİ ilə İran arasındakı siyasi məsələlərə də toxunur. İran qoşunlarının Cənubi Azərbaycana hücum etməsi, on minlərlə soydaşımızı qətlə yetirməsi və zindana salınması tariximin ən qanlı səhifələrindən biridir. Stalinin əhəmiyyət vermədiyi bu faciə çox qurbanlar aparır. Həmin dövrdə 24 yaşlı Heydər Əlirza oğlunun DTK-nın şöbə rəisi təyin olunması və xarici kəşfiyyatla əlaqəli olan ala gözlü adamı öz tərəfinə çəkərək onu agentlər məktəbinə göndərməsi, agent kimi yetişdirməsi çox əhəmiyyət daşıyır. Yerevan şəhərində Amerika kəşfiyyatının cəsusu ilə görüşən agent “Daşnaksutyun” partiyasının SSRİ-yə qarşı əməliyyatının faalçısı erməni Malukyanın gizli sirrini öyrənir. Bütün sınqalardan uğurla çıxan “Alagöz” əməliyyatı çox sirləri aşkarlayaraq lazımi istinad nöqtələrini verir.

Bu faktları müəllif xatırlatmaqla çox mətləblərə aydınlıq gətirir. Həmin dövrdə İran, ABŞ, İngiltərə və başqa dövlətlərin kəşfiyyat orqanları öz cəsuslarını qaçqınlar arasında yerləşdirməklə çox güclü surətdə işləməyə başlayır. Lakin “Alagöz” əməliyyatı öz işini görmüşdü...

“Ağ ölüm” ün şaxəli və sifarişli şəkildə nə qədər ailələrin dağılması, insanların qətlinə səbəb olması əsərin əsas mahiyyətini göstərir. Bu ölümə uzanan yüksək təbəqəli qara qüvvəllərin öz əməlində boğulması və çirkab pullarla yığılan var-dövlətin, qurulan malikanənin cəhənnəm yuvasına çevrilməsi, pua hərisliyin son aqibətinin boş və mənasız olduğunu ortaya qoyur. Daxili ucuzlaşıb xaricini bəzəməyə çalışan varlıqdır insan. Bəzən pis əməlləri ilə yaxşıları da cəmiyyətdən uzaqlaşdıran onların məhvinə dayanan bu varlıqlar kökündən qopmuş yabanı meyvələrə bənzəyirlər.

Qəribədir ki, təbiətdə ən vəhşi canlı heyvanlardır. Onlar da vəhşi olmayan heyvanları yeyir, parçalayır. İnsan insanı parçalamır, amma onun ölümünə heyvani hissləri ilə qərar verir. Vəhşi heyvanlar qarnını, vəhşi insanlar isə gözlərini doyurmaq üçün. Əsər haqqın qələbəsi ilə nəticələnir. Əslində cəmiyyəti düşdüyü bəladan qurtarmaq üçün belə əsərlərin gücü xalqın gücü ilə eyni ölçüdə dayanır. Unutmayaq ki, belə tərbiyəvi əhəmiyyət daşıyan əsərlər çox yazılsa, o qədər də xalqın yaddaşı təzələnər, cəmiyyəti uçuruma aparan belə hadisələrin qarşısı alınar.

Kitabların da öz taleyi var. Əldən-ələ keçib müəllifə əbədiyyət gətirən kitab da var, bircə dəfə əl dəyməyib kitabxanaçılara əziyyət gətirən kitabalar da. İnanıram ki, dəyərli yazıçımız Rəna Nəcəfqızının “Qara gözlü bilərzik” əsəri oxucuların böyük marağına səbəb olmaqla ona əbədiyyət gətirəcək. Çünki bu əsər cəmiyyətin mənəviyyat dərsidir. Bu əsər cəsarətin haqq qapılarına açılacaq əsərdir. Zənnimcə bir ölkənin deyil, kiçik bir qurumun deyil, böyük dairələrin bir neçə ölkədə yaratdığı kriminal hadisələri təfərrüatı ilə bədii əsərə çevirən yazıçı alqışlanmalıdır. Sonda onu demək istərdim ki, “Qara gözlü bilərzik” Azərbaycan ədəbiyyatına böyük bir töhvədir. Əsərin özünə çoxlu sayda oxucular toplmaqla Azərbaycan ədəbiyyatına şöhrət gətirəcəyinə tam əminəm. Belə əsərlərin dövlət tərəfindən yüksək tirajla çap olunmasını və təbliğ olunmasını məqsədə uyğun sayıram.

Əminliklə deyirdim ki, “Qara gözlü bilərzik” romanı Nobel mükafatına tədqim olunmalıdır. Bu, həm əsərin, həm də müəllifin birbaşa haqqıdır. İnanıram ki, Azərbaycan Dövləti, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi bu sahadə uğurlu addım atacaq.

Hörmətli yazıçımız Rəna Nəcəfqızını təbrik edir və ona bu yolda böyük uğurlar diləyirəm.

Hörmətlə Nəcibə İLKİN


Tehsil-press.az

Oxşar xəbərlər