Yadımdadır…
Bizə məktəbdə Arazı “bizi bölən çay” kimi öyrədirdilər.
Ağrı dağını sadəcə “o biri tərəfdə türklər yaşayır” kimi öyrədirdilər,
İtirdiklərimizi az qala “qəhrəmanlığımız” kimi öyrədirdilər.
Babəki, Koroğlunu, Şah İsmayılı milləti ağ günə çıxaranlar kimi öyrədirdilər...
Bir də bütün dərdlərimizə ağlamağı, sızlamağı öyrədirdilər.
Kütləyə qəhrəmanlığı deyil, göz yaşını sevdirirdilər.
Arazı keçmək ağlımıza gəlmirdi,
Ağrı dağının o tərəfindəkiləri hiss etmirdik,
Tariximizi anlamaqdansa, göz yaşımızdan həzz alırdıq.
O zaman sovet dövrü idi,
İndi müstəqilliyimizi bərpa etmişik.
Amma mənzərə çox kədərlidi.
Hələ də kütlə düşüncəsini geridə qoya bilmirik.
Ərazi bütövlüyümüzü bərpa etmişik.
Xankəndini, Şuşanı, Kəlbəcəri azad etmişik.
Zəngəzur dəhlizini dəlib keçirik.
Biz neçə yüzilliklər edə bilmədiklərimizi bacarmışıq.
Demək ki, kütlə deyilik,
Odur ki, kütlə zehniyyətində olanları pis qoxulu palçıqdan çıxarmalıyıq.
Özümüz onlara qoşulmamalıyıq.
Kütlə ümumən bir orqanizmə bənzəyir.
Bir az da meduzanı xatırladır.
Kütlənin dili gurultudu.
Həqiqəti demir, yalanı həqiqət kimi söyləyir.
Həqiqəti acı bilib tullayır,
Yalanı bal bilib mikrofonlaşdırır.
Kütlənin qulağı qışqırığı sevir.
Doğrunun səsini eşitmir,
Şirin yalanı xoşbəxtlik kimi eşidir.
O şirinlikdə gizlənən zəhəri anlamır.
Kütlənin gözü işığa baxmır,
Qəhrəmanı sağ ikən sevmir,
Öldürüb qəbrinin üstündə ağlayır.
Kütlənin burnu həqiqətin iyini duymur.
Çünki həqiqət qoxusuzdu.
Kütlənin başı çox, düşüncəsi yoxdur.
Düşünmür, minlərlə baş təkrar edir.
Kütlənin ayağı yol tanımır.
Harda hay-küy varsa, ora qaçır.
İstiqamət yoxdur, yol çoxdur, gedir, gedilən yolun adı bilinmir.
Kütlənin əli güclüdür, nə yazıq ki, zərərə işləyir.
O əl linç etməyə hazırdır.
Kütlənin ürəyi böyük görünür, di gəl ki, sevgisizdir.
Kütlənin beyni səs-küy fabriki kimidir.
Təkrar istehsal edir.
Sosial media kütləyə yol açır,
Bu platformlar bu gün bizdə daha çox kütlənin meydançasıdır.
Oranın qəhrəmanları real həyatda edə bilmədiklərini edirlər.
”Burda mənəm, Bağdada kor xəlifə”lik edirlər.
Diqqətlə baxın,
Kimin çox izləyicisi var, gurultu edənin.
Kim çox sevilir, tərbiyəsiz danışan.
Kimə çox “like” atılır, yalan danışana.
Bu, bizim gələcəyimiz deyil,
Bu, nadanlığa, nankorluğa, bədbəxliyə gedən yoldur.
Ağıllılar, savadlılar sakitcə öz işlərindədirlər,
Onlar da sosial mediadadırlar, linç etmirlər.
Kütlədən qurtuluşun yolu birdir,
Savadlanmaq.
Ağıllı olmaq.
Cahilliyi yox etmək.
Allah xalqımızı, dövlətimizi kütlənin gözündən,
qulağından, dilindən,
başından, əlindən,
düşüncəsindən qorusun.
Əziz soydaş, dəyərli azərbaycanlı,
Bu yazını hər birimizə bir müraciət, yalvarış, xahiş kimi də qəbul edə bilərsiniz.
Sosial şəbəkələrdə nəsə yazanda fikirləşək, hay-küyə qoşulmayaq,
Nəsə qarşımıza çıxanda, nəsə dinləyəndə fikirləşək, hay-küyə qoşulmayaq,
Fikirləşək, düşünək, sonra addım ataq.
Yoxsa kütlə olaraq qalacağıq.
Axı ərazi bütövlüyünü bərpa edən xalq kütlə ola bilməz.
Xankəndini, Şuşanı, Kəlbəcəri azad edən xalq kütlə ola bilməz.
Zəngəzur dəhlizini dələn xalq kütlə ola bilməz.
Dünyaya meydan oxuyan xalq kütlə ola bilməz.
Biz müstəqil Azərbaycanın, qalib ölkənin, sabaha güclü getmək istəyən, gələcəyini sığortalamaq istəyən dövlətin vətəndaşlarıyıq.
VƏTƏN DAŞLARIYIQ...
Biz kütlə olmamalıyıq.
Biz Azərbaycan Xalqıyıq...
P.S. Məktəb illəri yada düşmüşkən, bu gün həm də yeni tədris ilinin ilk günüdür.
Məktəbə qədəm qoyan fidanları, onların valideynlərini, bütün təhsil cəmiyyətini, azad olunmuş bölgələrmizdəki şagird, tələbə, müəllimləri, hamımızı ürəkdən təbrik edirəm.
Ümid edirəm ki, hər tədris ili bizi kütlədən ən azı bir il uzaqlaşdıracaq.
Tehsil-press.az