
Lakin bu artımın arxasında diqqətçəkən bir tendensiya gizlənir: şəhərlilərlə müqayisədə kəndlilərin ömrü qısalır.
Statistikaya əsasən, şəhər qadınları orta hesabla 79,3 il, rayon qadınları isə 79 il yaşayır. Kişilərdə də fərq eynidir: şəhərlərdə 74,6, kəndlərdə 74,4 yaş. Kiçik görünən bu fərq illərlə sabit qaldıqda, uzunömürlülükdə ciddi uçurum yaradır.
Ən narahatedici fakt ondan ibarətdir ki, sağlam ömür, yəni insanın xəstəlik və məhdudiyyətlərsiz keçirdiyi illər azalıb. Qadınlarda bu göstərici 66,3, kişilərdə isə 62,6 yaşa düşüb. Yəni azərbaycanlılar ümumilikdə çox yaşayır, amma daha az sağlam yaşayır.
Bəs kənddə uzunömürlülük niyə azalır?
Bir çoxları üçün bu, paradoksal görünə bilər: axı kənddə hava təmizdir, insanlar daha çox hərəkət edir, təbii qidalar yeyir. Amma reallıq fərqlidir. Ekspertlərin fikrincə, kənddə ömür uzunluğuna təsir edən bir neçə əsas amil var. Onlardan biri kəndlərdə tibbi xidmətin əlçatmazlığıdır. Yəni rayon və kənd yerlərində həkim çatışmazlığı, diaqnostika və müalicə imkanlarının məhdudluğu insanların sağlamlıq vəziyyətini vaxtında nəzarətdə saxlamağa mane olur.
Bundan başqa, kənddə təbii məhsul bol olsa da, düzgün balanslaşdırılmış qidalanma qaydaları çox vaxt gözardı edilir. Həddindən artıq duz, yağ və un məhsulları istifadəsi ürək-damar problemlərini artırır.
Həmçinin kənd əhalisi çox vaxt həddindən artıq fiziki işlə məşğul olur. Bu, bir tərəfdən aktivlik yaratsa da, digər tərəfdən orqanizmin vaxtından əvvəl qocalmasına gətirib çıxarır.
Bəzi bölgələrdə suyun tərkibindəki duzluluq və kimyəvi çirklənmə səviyyəsi normadan yüksəkdir. Bu, böyrək və ürək-damar xəstəliklərinin yayılmasını artırır.
Bundan başqa, şəhərin səs-küyü stress yaratsa da, kəndin sosial monotonluğu və işsizlik də insanlarda psixoloji yorğunluğa, depressiyaya və ümidsizliyə səbəb olur.
Ən əsası, gənc nəslin kənddən şəhərə axını nəticəsində kəndlərdə yaşlı əhali üstünlük təşkil edir, bu da uzunömürlülük göstəricilərini statistik olaraq aşağı salır.
Beləliklə, bir vaxtlar “kənd havası ömrü uzadır” deyirdilər. Amma görünür, bu fikir artıq keçmişdə qalıb. Müasir dövrdə uzunömürlülük yaşadığın yerə yox, yaşama tərzinə bağlıdır.
Bəs uzunömürlülüyün əsas şərtləri nədir?
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində bu tendensiya müşahidə olunur. Uzun ömürlə sağlam yaşam bir-biri ilə sıx bağlıdır və bu məsələyə getdikcə daha çox diqqət edilməyə başlanıb: "Qeyd edim ki, ümumiyyətlə, qocalıq probleminin özü artıq bir sosial məsələyə çevrilib. Çünki bu insanların müavinət alması, onlara baxılması, xəstələndikdə dövlət tərəfindən göstərilən dəstək və yardımlar kifayət qədər böyük bir yük yaradır. Məhz buna görə də "uzunömürlülük" anlayışı getdikcə “uzun və sağlam ömür” ifadəsi ilə əvəzlənməyə çalışılır və strateji baxış da məhz bundan ibarətdir ki, uzun ömür sağlam ömür deməkdir".
Zülfüqar Yusifov qeyd edib ki, insanların tibblə iç-içə olması da önəmli faktordur: “İnsan maarifli olduqca, müəyyən xəstəliklərin yaranma səbəbləri və onlardan qorunma yolları barədə məlumatlı olduqca, bu xəstəliklərə ya ümumiyyətlə yoluxmur, ya da az yoluxur. Həmçinin mövcud xroniki xəstəliklərin fəsadlarından da bir xeyli uzaq olur.
Tibb ilə iç-içə olmaq dedikdə, əlbəttə, şəhər mühitində tibbi sektorun daha çox inkişaf etməsi nəzərdə tutulur. Bu gün xüsusən yaşlı insanların sağlamlığının keyfiyyətli olması vaxtında həkimə müraciət etməsi, müayinə olunması və vaxtında tibbi müdaxilələrin aparılması ilə birbaşa bağlıdır. Bu, şəhər mühitində daha əlçatandır. Məsələn, ürək problemi olan bir şəxs rahat şəkildə kardioloqa müraciət edə bilir. Təbii ki, şəhərdəki kardioloji imkanlarla kənddəki şərait eyni deyil. Şəhərdə həmin anda lazım olan müayinə və müdaxilələr yerindəcə həyata keçirilir, məsələn, damarda problem varsa, stent qoyulur və insanın ömrü uzanır.
Digər tərəfdən, tibbi müdaxilə dedikdə, təcili yardım xidmətinin təşkili məsələsi də ön plana çıxır. Şəhərlərdə bu xidmət kəndlərlə müqayisədə daha operativ və səmərəlidir ki, bu da insanların həyatını vaxtında xilas etməyə imkan verir.
Yəni ümumilikdə maariflənmə, tibblə yaxın əlaqədə olmaq, mütəmadi müayinələrdən keçmək və həkimlərin tövsiyələrinə əməl etmək bütün bunlar ömrün uzanması üçün əsas amillərdəndir. Şəhərlərdə bu amillər daha güclü şəkildə tətbiq olunur. İnsanlar sağlam həyat üçün verilən tövsiyələrə diqqət yetirir, müxtəlif məlumatlarla tanış olur, mütəxəssislərdən məsləhətlər alırlar. Bütün bunlar şəhər həyatının bəzən mənfi görünən tərəflərinə baxmayaraq, uzunömürlülüyün qorunmasına və erkən ölümlərin qarşısının alınmasına mühüm təsir göstərir".
Tehsil-press.az