
Bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev dahi dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin ideyalarının canlı daşıyıcısı, onun dövlətçilik fəlsəfəsinin müasir dövrdə parlaq davamçısıdır. Atası kimi, o da yalnız siyasət yürütmür, siyasət yaradır, istiqamət müəyyənləşdirir, reallıqları dəyişir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, beynəlxalq aləmin söz sahibi olan, iradəli və prinsipial mövqeyi ilə hörmət qazanan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin çıxışında ən təsirli məqamlardan biri onun faciə qurbanlarına və ailələrinə yönələn humanist münasibəti idi. O, hadisəni insanlıq faciəsi kimi qiymətləndirdi və məsələni hər zaman diqqət mərkəzində saxladığını vurğuladı. Bu, dövlətimizin başçısının təkcə siyasi xadim deyil, insanlığa, mərhəmətə və mənəvi dəyərlərə sadiq bir Lider olduğunu göstərdi. Humanizm Prezident İlham Əliyevin siyasətində, sadəcə, bir anlayış deyil, yol xəritəsidir. O, insan həyatını, ailəni, ədaləti və şəffaflığı hər şeydən üstün tutur. Bu da onu dünyanın bir çox siyasi liderlərindən fərqləndirən əsas xüsusiyyətdir.
Ekspertin sözlərinə görə, görüşün digər vacib istiqaməti iqtisadi-ticari münasibətlərin genişləndirilməsi idi. Rusiya Prezidenti qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 6 faiz, bu il isə 16 faizdən çox artıb. Bu fakt Azərbaycanın iqtisadi diplomatiyasının səmərəliliyini və dövlətimizin başçısının xarici siyasətinin çoxşaxəli inkişaf modelini bir daha təsdiqləyir. Prezident İlham Əliyev isə cavab çıxışında bu münasibətlərin təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan-Rusiya münasibətləri bu gün qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq üzərində qurulub. Azərbaycan bu gün regionun enerji, logistika və təhlükəsizlik sahələrində mərkəzi güc mərkəzinə çevrilib.
“Tarixi görüşün ən böyük mənası ondan ibarətdir ki, Azərbaycan bu gün artıq heç kimin “kiçik tərəfdaşı” deyil. Azərbaycan bərabərhüquqlu, güclü və prinsipial dövlət kimi hər bir beynəlxalq müzakirədə öz sözünü deyir, ədaləti bərqərar edir. Rusiya kimi nəhəng bir güc mərkəzinin rəhbəri də Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında səmimi üzrxahlıq edir, məsuliyyət daşıyırsa, deməli, Azərbaycan diplomatiyası artıq təkcə regionda deyil, qlobal miqyasda da nüfuz amilinə çevrilib. Düşənbə görüşü bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın ən balanslı, lakin ən güclü liderlərindən biridir. O, hər bir hadisəyə ağıl, təmkin, ədalət və mərhəmətlə yanaşır, amma, eyni zamanda, dövlət maraqları məsələsində dəmir iradə nümayiş etdirir. Vladimir Putinin üzrxahlığı, sadəcə, bir hadisə deyil, bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə qazandığı mənəvi və siyasi qələbənin rəsmi etirafıdır. Dünya mediası bu görüşü geniş işıqlandırdı və Düşənbədə yazılan bu tarix bir daha göstərdi: Azərbaycanın səsi artıq təkcə Qafqazda deyil, dünyanın hər yerində eşidilir”, - deyə K.Qənbərov əlavə edib.
Tehsil-press.az