Media və monitorinq təşkilatı “Newsguard”a istinadən xəbər verir ki, bu yaydan etibarən Kremlin Ermənistandakı dezinformasiya kampaniyası xeyli gücləndirilib. Bunun üçün Rusiya ilə əlaqəli sosial media hesabları və veb-saytlardan istifadə olunur. Həmin şəbəkə daha əvvəl Moldova və Almaniyada da fəal olub. Beynəlxalq araşdırmalara görə, bu fəaliyyətlərin arxasında Kreml, konkret olaraq Sergey Kiriyenko dayanır.
Yalan məlumatlar guya xəbər saytı olan, amma əslində media olmayan platformalarda yayımlanır. Adətən qısa müddət əvvəl yaradılan bu saytlarda süni intellektlə hazırlanmış mətn və videolar paylaşılır. Bəzən materiallar mövzu ilə heç bir əlaqəsi olmayan real jurnalistlərin adından dərc edilir. Məqsəd ciddi və etibarlı jurnalistika təəssüratı yaratmaqdır.
Nümunə kimi iddia olunur ki, baş nazir Nikol Paşinyan bəzi Qərb tibb şirkətlərinə ermənilər üzərində təcrübələr aparmağa icazə verib. Digər hekayələr isə müəyyən qədər həqiqətə söykənir. Məsələn, Paşinyan və həyat yoldaşının korrupsiyada ittiham edilməsi və s.
Ermənistan və Rusiya uzun müddət müttəfiq olublar. İkinci Qarabağ müharibəsi bu müttəfiqliyi ciddi sarsıtdı. Daha sonra Paşinyan hökuməti Rusiyanı etibarlı tərəfdaş hesab etmədiyi üçün Avropa Birliyinə yaxınlaşmağa başladı. Rusiya isə nüfuzunu itirməmək üçün dezinformasiya yaymaq və ruspərəst siyasətçiləri dəstəkləməklə təsirini bərpa etməyə çalışır.
Ermənistan hələ də iqtisadi baxımdan Rusiya bazarından ciddi şəkildə asılıdır. Moskvanın əlində bir çox təzyiq mexanizmi var. Məsələn, bir neçə ay əvvəl Rusiya sərhədi erməni yük maşınları üçün müvəqqəti bağlamışdı. Nəticədə meyvə-tərəvəz xarab olmuş və dəyərini itirmişdi. İrəvan Moskvanı açıq şəkildə qəzəbləndirməkdən çəkinir. Bununla yanaşı, Nikol Paşinyan hesab edir ki, Rusiyadan uzaqlaşmaqdan başqa çıxış yolu yoxdur.
Tehsil-press.az










