Pezeşkianın hakimiyyəti təhlükədə - Bakıdan reaksiyalar

Pezeşkianın hakimiyyəti təhlükədə - Bakıdan reaksiyalar Azərbaycanlı prezidentin impiçmenti Azərbaycan-İran münasibətlərinə necə təsir edəcək?
İranda prezident Məsud Pezeşkianın istefası yenidən gündəmə gəlib. Bu barədə “Azad İran” xəbər verir. Süjetdə bildirilir ki, bu dəfə məsələ daha iri çaplı siyasi fiqur - İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf tərəfindən ortaya atılıb. Belə ki, dekabrın 21-də parlamentin plenar iclasında spiker Pezeşkianı və onun başçılıq etdiyi hökuməti açıq şəkildə impiçmentlə hədələyib.

Qalibaf ölkədəki iqtisadi problemlərin və əhalinin dolanışığındakı çətinliklərin, o cümlədən bahalığın tüğyan etməsi və inflyasiyanın məsuliyyətini bütünlüklə Pezeşkian hökumətinin üzərinə qoyaraq deyib: “Əgər atılan addımlar bir nəticə verməsə, hökumətdə dəyişiklik edilməsi prioritetə çevriləcək. Hökumət zəruri islahatları həyata keçirməsə, deputatlar impiçment proseduruna başlamağa məcbur olacaqlar”.

Ölkədə və dünyada geniş diqqət çəkən bu açıqlamaya İranda nüfuzlu islahatçı qüvvələrdən biri olan “Milli Etimad” Partiyasının sədr müavini İsmayıl Gerami Müqəddəm belə reaksiya verib: “Hakimiyyət qollarından birinin rəhbərinin parlamentdəki xüsusi bir azlığın impiçment tələbinə söykənərək prezidenti və hökuməti təhdid etməsi yeni və indiyə qədər görünməmiş bir məsələdir. Əvvəllər heç vaxt hansısa hakimiyyət qolu başçısının hökumətə qarşı bu cür davranışının şahidi olmamışıq”.

Bu arada İran Fəhlələrinin Azad Həmkarlar İttifaqı bütün ölkə əhalisini etiraz aksiyasına çağırıb. Təşkilat gələn ilin büdcəsində işçilərin maaşının 20 faiz artırılmasının nəzərdə tutulmasını fəhlələrin təhqir edilməsi adlandırıb. Bildirilib ki, gələn il İranda dəhşətli inflyasiya, ağlasığmaz yoxsulluq və səfalət baş verəcək. “Ölkəni idarə edən cəhənnəmə son qoymaq üçün ümumxalq tətilləri və etirazlar başlamalıyıq. Hamını küçələrə səsləyirik”.

Qeyd edək ki, Pezeşkianla ali rəhbər Xamneyi arasında ciddi ziddiyyət yoxdur. Bir müddət əvvəl Xamneyi Pezeşkiana gördüyü işlərə görə təşəkkür etmişdi. Eləcə də, Pezeşkian bu yaxınlarda Xameneiyə minnətdarlıq məktubu ünvanlayaraq göstərilən etimadı doğrultmağa çalışacağını bildirib. Qərbi Azərbaycan əyalətinin imam-cüməsi Seyid Mehdi Qüreyşi də mövcud şəraitdə Pezeşkian hökumətinin dəstəklənməsinin vacibliyini bəyan edib və Xamneyinin hökumətə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.

Pezeşkianla bağlı son günlər yayılan fikirlər məsələnin başqa tərəfidir. Bir neçə gün öncə onun istefa verdiyi ilə bağlı məlumat yayıldı, lakin daha sonra bu iddialar təkzib edildi. Prezident seçildikdən bir neçə ay sonra isə Pezeşkian açıq şəkildə bəyan etmişdi ki, onu işləməyə qoymurlar. Bu da onu göstərir ki, Tehran hakimiyyəti daxilində və ya hakimiyyətə yaxın müxtəlif oliqarx qruplar prezidentin fəaliyyətinə maneələr yaradır.

Bəs İranın qarışması və Pezeşkianın istefası regionda hansı təhlükələr yarada bilər? Bunun Azərbaycana təsirləri nələr olacaq?

Professor Qabil Hüseynli İranda hökumət dəyişikliyini istisna edir. Onun sözlərinə görə, sosial-iqtisadi şəraitin pisləşməsinin səbəbkarı Pezeşkian yox, sanksiyalardır və siyasi-dini rejim Qərblə münasibətlərə yenidən baxmaq istəmir: “Ölkədə gedən bahalaşma və inflyasiyanın qarşısını o halda almaq mümkün idi ki, ABŞ və Avropa ilə münasibətlərdə yumşalma olsun. Pezeşkian islahatçı qanadın namizədi kimi seçkilərdə qalib gəlməklə buna böyük ümid yaranmışdı. Onun sağ-mühafizəkar qanadın namizədi olmuş keçmiş prezident İbrahim Rəisidən fərqli siyasət yürüdəcəyi gözlənilirdi. Bəli, bəzi addımlar atıldı, hicab məhdudiyyəti aradan qalxdı, amma Pezeşkiana Qərblə əlaqələrin inkişafında imkan verilmədi. Çünki teokratik sistemin başında olanlar Qərb və Amerikanı şeytan elan edərək bu siyasəti dəyişməyib. Halbuki öz yaxınları Qərb dövlətlərində yaşayır. Məhz dini rejim hökumətə aman vermədiyinə görə ölkənin iqtisadi həyatında böyük dəyişiklik müşahidə olunmadı”.

Q.Hüseynliyə görə, bununla belə, ali rəhbər Seyid Əli Xamneyi Pezeşkianı dəstəkləyir və onun impiçmenti ağlabatan deyil: “Parlament sədri və məclisdə təmsil olunan müxalifət çağırış etsə də, son sözü ölkənin dini rəhbəri deyir. Ona görə ciddi bir silkələnmə gözləmirəm. Eyni zamanda İranda hicabla bağlı qərar cəmiyyətə təsir edib. Yəni əvvəlki aqressiya yoxdur. O baxımdan, küçələrə axın edilməsini gözləmirəm. Əhalinin sosial həyatını yaxşılaşdırmaq isə Pezeşkianın istefasından asılı deyil. Əvvəldə dediyim kimi, bu şans varıydı, Pezeşkianın ilk vaxtlar ritorikası da Qərblə yaxınlaşma yönündəydi. Amma İsrailin hücumu və 12 gün davam edən müharibə bu prosesin üstündən xətt çəkdi. Üstəlik, İran hələ də Rusiyaya dron və digər sahələr üzrə dəstəyini davam etdirir. Bu səbəbdən, Qərb işğalçıya verdiyi dəstəyə görə İranı cəzalandırır, sanksiyalara məruz qoyur”.

Politoloq yada salıb ki, bu ayın ortalarında ABŞ Xəzinədarlıq Departamenti İran məhsullarının daşınmasında iştirak etdiyi deyilən əlavə 29 gəmiyə sanksiya tətbiq edib: “Ancaq bir neçə gün əvvəl ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla yenidən birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edib. Ancaq real nəticəyə ümid etmirəm. İrandakı teokratik sistem dəyişməsə, Qərblə əlaqələr düzəlməsə, xalqın sərvətini sümürən, amma dindən-imandan danışan molla rejiminin əsas fiqurları getməsə, sanksiyalar davam edəcək. O halda Pezeşkian yox, kim prezident seçilərsə, ölkədə iqtisadi vəziyyət ağır qalacaq”.

Politoloq Zaur İbrahimlinin sözlərinə görə, baxmayaraq ki, ölkədə sosial-iqtisadi vəziyyət pisləşir və son illərdə davamlı etiraz aksiyaları müşahidə olunur, təhlükəsizlik strukturları hələlik effektivliyini qoruyur: “Pezeşkian hakimiyyəti isə zaman keçdikcə mühafizəkar dairələr üçün daha ciddi problemə çevrilir. O, ali dini-siyasi rəhbərliyin formalaşdırdığı mövcud xarici siyasət və iqtisadi idarəetmə kursu ilə razılaşmadığını açıq şəkildə ifadə edir. Xarici siyasət, regiondakı rol, eləcə də daxili sosial-iqtisadi məsələlərə yanaşmada ciddi fikir ayrılıqları mövcuddur”.

Onun fikrincə, mühafizəkar qüvvələrin Pezeşkianı hakimiyyətdən uzaqlaşdırmaq imkanları var, lakin bu addım ciddi risklər yarada bilər. Ekspert hesab edir ki, Pezeşkianın hakimiyyətdən uzaqlaşdırılması, Azərbaycanla münasibətlərə mənfi təsir göstərə bilər. Çünki onun regional siyasətə yanaşması daha konstruktivdir.

Tehsil-press.az

Oxşar xəbərlər